Əli Kərimlinin sədr olduğu AXCP-dən kütlə də qeybə çəkilib, ideologiya da, siyasi elitanın bir cinahını formalaşdırmalı olan kadrlar da... Əli Kərimlinin sədr olduğu AXCP-dən kütlə də qeybə çəkilib, ideologiya da, siyasi elitanın bir cinahını formalaşdırmalı olan kadrlar da...

“Məhsul”la yanaşı AXCP-nin də təmirinə ehtiyac var!

Əli Kərimlinin sədr olduğu AXCP-dən kütlə də qeybə çəkilib, ideologiya da, siyasi elitanın bir cinahını formalaşdırmalı olan kadrlar da...

“Məhsul” stadionu kimi tanınan Bakı şəhəri, Yasamal rayonu ərazisindəki İdman-Sağlamlıq Kompleksində əsaslı təmir-tikinti işlərinə başlanılıb. Bu barədə rəsmi açıqlama verildiyndən təmir-tikinti işlərinə ehtiyacı yaradan səbəblər üzərində geniş dayanmağa lüzum bilmirəm. Ancaq onu mütləq deməliyəm ki, həmin kompleksdə ot örtüyü, qurğular və digər infrostruktur bölmələri tamamilə sıradan çıxdığından orada heç bir idman tədbiri keçirmək mümkün deyildi. Stadion ərazisinə gecə saatlarında, yumşaq desək, qeyri-normal həyat tərzi keçirənlər yığışır, bu isə ətraf binalarda yaşayan sakinlərin dincliyini pozur, narahatçılıq və narazılığına səbəb olurdu.

Odur ki, müvafiq qurumlar stadionu təmir etmək, onu gənclərimizin, idmançılarımızın ixtiyarına vermək, müxtəlif yarışların keçirildiyi müasir məkana çevirmək üçün hərəkətə keçdilər. Əlbəttə, elə sıravi vətəndaş, elə rasional ictimaiyyət nümayəndəsi tapmaq mümkün deyil ki, sınıq-salxaq vəziyyətə düşmüş bir stadionun təmir edilməsinə, baxımsız qalmış bir ərazinin müasirləşdirilməsinə, sakinlərdə rahatsızlıq yaradan bir məkanın kütləvi idman və mədəniyyət tədbirlərinin keçirildiyi meydana çevrilməsinə qarşı çıxsın, bu təşəbbüsü təqdir etməsin. Ancaq çox təəssüflər olsun ki, cəmiyyətimiz bərbad halda olan bir stadionun yenilənməsinə neqativ reaksiya verənlərdən də xali deyil.

Bəli, uzun illərdir Azərbaycan cəmiyyətinə heç bir intellektual məhsul təqdim edə bilməyən, qurumuş söyüd ağacı kimi barsız-bəhərsiz olan, təşkilati baxımdan sözü gedən stadionun indiki halından belə daha acınacaqlı vəziyyətə düşmüş AXCP və onun sədri Əli Kərimli Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksində təmir işləri aparılmasına etiraz edir. Doğrusu, onun bu cür yanaşması şəxsən mənim üçün heç də təəccüblü olmadı. Çünki Əli Kərimliyə, onun düşüncə və fəaliyyət tərzinə, ümumiyyətlə, “siyasi potensial”ına yetərincə bələdəm. Qısa desəm, onun nə dövlətə, cəmiyyətə, xalqa göstərə biləcəyi bir xidmət var, nə də tərəqqiyə verə biləcəyi bir töhfə! Əli Kərimlinin siyasi zehniyyətindəki ən başlıca problem yaradıcılıqdan, gənclərin sevimli ifadəsi ilə desəm, kreativlikdən və yenilikdən uzaq olmasıdır. Yeni ideyalar üzərində düşünmək və yeni işlər görməyə hədəflənmək bir siyasətçi kimi onun xarakterinə yaddır.

Əli Kərimlinin uzun illər AXCP-də Əbülfəz Elçibəyə qarşı kampaniya aparması, nəzarətində olan media orqanlarında onu təhqir etdirməsi hər kəsə yaxşı məlumdur. Məhz Əli Kərimlinin təlimatı ilə yaxın çevrəsindəki adamlar beynəlxalq təşkilatlarda, diplomatik korpuslarda, xarici ölkə nümayəndələri ilə söhbətlərində Əbülfəz Elçibəyi “siyasi meyit” adlandırır, onlardan AXCP-nin ilk sədrini postundan uzaqlaşdırılması üçün dəstək rica edirdi. Fəqət Əbülfəz Elçibəyin vəfatından keçən 19 il ərzində Əli Kərimli nəinki AXCP-ni bir addım önə çıxara bilib, əksinə, partiyanın eks prezidentin zamanında mövcud olan resurslarını tamamilə yerlə yeksan edib. Birinci sədrinin dövründə AXCP öz tipinə görə kütlə partiyası idi, liderinin bəlli bir ideoloji missiyası vardı. Ancaq Əli Kərimlinin sədr olduğu AXCP-dən kütlə də qeybə çəkilib, ideologiya da, siyasi elitanın bir cinahını formalaşdırmalı olan kadrlar da...

Sizcə, bu qurumun islahata və təmirə ehtiyacı yoxdurmu?

Əlbəttə, var və Əli Kərimli həm də bundan bərk narahatdır. Narahatdır ona görə ki, böyük islahatçılıq və abadlaşdırma təcrübəsi olan hakimiyyət “Məhsul” stadionu ilə yanaşı təmirə ehtiyacı olan AXCP-də də restavrasiyaya start verər. Hər halda, Əli Kərimli açıq etiraf etməsə də, çox yaxşı bilir ki, İlham Əliyevin iqtidarı dövründə Azərbaycanda bütün sektorlar- istər dövlət, istər qeyri-dövlət- inkişaf edib, sosial-iqtisadi münasibətlər kökündən dəyişib, yeni yaranmış müstəqil dövlət üçün kifayət qədər prinsipial əhəmiyyət daşıyan saysız-hesabsız nailiyyətlər əldə edilib, bir sözlə, ölkəmizdə bütün sahələr ümumi tərəqqidən nəsibini alıb, təkcə yuxarıda sadaladığım səbəblər üzündən AXCP-dən savayı!..

Taleh Şahsuvarlı