Qorxu imperiyasının ağuşunda olanda - Cəmalləddin Quliyev yazır

Onları inkar etmək mümkün deyil

Koronavirusun laboratoriyada hazırlanmış bioloji silah olması haqda ümummilli ifşa və "qlobal sui-qəsd"ə virtual müqavimət cəbhəsində yer almaq kimi bir niyyətim yoxdur. Amma ötən gün marketlərdə, bu gün hava limanında yaşananlar və adətim üzrə izlədiyim xarici mediada Azərbaycanda koronovirus təhlükəsi haqda xəbərdarlıqların artması səbəbindən (bax:

www.dostor.org/3029539

http://iranpress.com/ar/world_asia_pacific-i138169

www.elwatannews.com/news/details/4643846

və s.) bir müddət əvvəl gündəliyimdə etdiyim qeydlərə yenidən baxmağa məcbur oldum.

Doğrudan belə xəstəlik varmı? Ya bu, dünyanı idarə edən hansısa məxfi qüvvələrin, divlərin, əcinnələrin uydurmasıdır? Varsa, təbii virus ştampıdır, ya bioloji silah?

Hər bəlada (Böyük) şeytan(ın) barmağını axtaran iranlı, rusiyalı və son zamanlar onlara qoşulmuş türkiyəli "tibb üzrə politoloqları", eləcə də bütün dərələrdən olan kospiroloqlara iman gətirən azərbaycanlıları təəssüfləndirməliyik. Belə xəstəlik var, artıq pandemiyadır. Sizə bəlli faktların bir neçəsi: indi tibb mütəxəssisləri iddia edirlər ki, korona virusları 60-cı illərdən var. Korona viruslarının 1979-da İspaniyada da tüğyan etməsi haqda paylaşımlarla da hamınız tanışsınız. Mənə dostların tövsiyə etdiyi sovet dövründən qalma "Anaferon" brendli qrip əleyhinə dərmanların içliyində bu preparatların korona virusları əleyhinə effektli olduğu yazılır. Yenə də təklif etdiyi sadə müalicə metodları ilə çoxunuza tanış olan mərhum rus professor Neumivakin də koronvairslarından danışdığı süjetlər var. Azərbaycan mediasının sevimli mənfi personajının təbirincə desək, daha bunun burcutması yoxdur. Yəni yayılan pandemiyanın gözəgörünməzlərin, masonların, əcinnələrin... dünyanı idarə eləmək üçün uydurdurduğu yalan olması versiyası qeyri-ciddidir.

Bəs, sonuncu ştamp-COVİD-19 laboratoriyada yaradılmış silahdırmı? Bu xəstəliklərin həqiqətən də sürətlə mutasiya edib yeni ştamplar yaratmaq qabiliyyəti haqda 2002-ci ildə, dünya SARS ilə sarsılandan üz bəri müxtəlif yazıları çap üçün redaktə etdiyimdən 10-larla ciddi tibb mütəxəssisinin rəyinə baxmağa məcbur olmuşam. Mən rəsmi tibbə biət deyil, bidət eləmək üçün özümü hazırlıqlı saymıram. Tibb təhsili olmayan heç kimə də belə təşəbbüsə düşməməyi tövsiyə edirəm, bir az qeyri-ciddilik kimi görsənməsin deyə.

Amma razılaşıram ki, bu xəstəliyin laboratoriyada hazırlanmaması ondan rəqib ölkəyə qarşı istifadə edilməməsi mənasına gəlmir. Yazı və rəylərdə bu xəstəlikdən bioloji hücum, terror naminə istifadə edildiyi və ya edilə bilmə ehtimalları üzərində çox dayanılır. Fikirlərə tutalğa -arqument olaraq orta çağ cəng meydanlarında , qalaların fəthində bioloji silahlardan istifadəyə dair çoxsaylı faktlar sadalanır ki, onları inkar etmək mümkün deyil.

Bəs qaranlıq qüruni-vüstada baş verənlər çağımız-əsrimiz üçün də keçərlidirmi? Nə süni bioloji silah, nə də bioloji terror iddialarını qəbul etməyənlərin dəlillərinə görə, yox. 1,5 milyardlıq Çində bu xəstəlikdən ölüm göstəricisi nə qədərdir, bunun ümum əhali sayına nisbəti neçə faizdir? Cavabı bilirsiz- çox aşağı. Sizcə, belə zəif bioloji həmlə ola bilərmi?

Eləsə nə baş verir? Bu dəfə konspirologiyanıza və qüruni-vüstanın qaranlıq tarix dəhlizlərindəki axtarışlarınıza qatılacağam.

Hələ 1997-ci ildə yox yerdən hansısa mifik "alban terrorist təşkilat" haqda qorxu, vahimə yaradıb seçkiləri udmaq haqda, baş rolda Dastin Hofmanın oynadığı "Wag the Dog"(türk dublyajında "Başkanın adamları", rus dublyajında "Плутовство") filmi çəklimişdi. Amma qorxu ilə cəmiyyətləri idarə etmək cəhdləri, qavrayışların əksinə yönəldilməsi("ters algı") daha çox 2001-c il 11 sentyabr hadisələrindən sonra yayıldı. Hava limanlarında əsmər dərili, azca bığ-saqqalı olan şəxslərin həbsi, bəzən başqa ölkələrin ərazisində sansksiyalaşdırılmamış həbslər aparılması adiləşdi. Elə sıfırıncı illərdən başlayaraq sosial şəbəkələrdə bir qrup fəal #Errorizm kimi xüsusi həştəqlər yaradaraq qorxu istehsalı, panika üzərindən dünyanı, cəmiyyəti yönəltmək cəhdlərini ifşa edirlər.

ABŞ prezidentinin təhlükəsizlik üzrə keçmiş müşaviri, tanınmış alim Zbiqnev Bzejinski 2007-ci ildə öz son əsərlərindən birində "qorxu mədəniyyəti" haqda bəhs edir, (Culture of fear), "terrorla müharibə" ifadəsinin özünün belə bu "qorxu mədəniyyəti"nə xidməti etdiyini, bu vasitə ilə dövlətlərin diskreditasiya olunduğunu, bütöv bir sivilizasiyanın daşıyıcılarına qarşı nifrət- islamofobiya aşılandığını vurğulayırdı(bax. www.washingtonpost.com/wp-dyn/content/article/2007/03/23/AR2007032301613.html).

CNN kanalı isə hələ 1999-cu ildə yalançı tibbi bəlalar haqda yazı və süjetlərin medianın tirajının artmasına, internetdə geniş vüsət almasına toxunurdu(bax-http://edition.cnn.com/HEALTH/9904/07/internet.health.scares/). 2009-cu ildə digər transmilli media şirkəti ABC "qorxu mədəniyyətini" genişləndirməyə imkan verən 10 xəstəlik sırasında koronovirusların( o zaman üçün donuz qripinin) adını qeyd etmişdi( bax.https://abcnews.go.com/Health/Decade/top-10-health-scares-past-10-years/story?id=9249373)

Demək, sıfırıncı illərdə terrorla qarşı mübarizə bəhanəsilə kütlələrin psixoloji manipulyasiyası aparılır və dövlətlər, xalqlar bu manipulyasının qurbanına çevrilirdisə, indi "qorxu mədəniyyəti" yayğın xəstəliklər üzərindən inkişaf etdirilir, panik hücuma məruz qaldığını anlamayan kütlələr mağazaları,əczaxanaları alt-üst edir. Dünən yankilər, avropalılar onlarla eyni göyərtəni bölüşən bir əsmərbəniz görən kimi qolundan tutub atmaq istəyirdisə və islamofobiya tüğyan edirdisə, bu gün qıyıqgözlərə, Çin mallarına, Çinin turizminə, təhsil sisteminin xaricdən tələbə qəbul etmə imkanlarına( Qərbdə tərtiblənən reytinq siyahılarında belə Çin ali məktəbləri adətən ABŞ-ın, İngiltərənin analoji təhsil müəssisləri bərabər ön yerləri bölüşür), "bir kəmər- bir yol" kimi iddialı qlobal təşəbbüslərinə qarşı eyni təbliğat aparılır və sinofobiya(Çin düşmənçilyi) tüğyan edir. Hətta uyğurların təqib olunması haqda informasiyaların hədsiz şişirdilmiş şəkildə təqdimi belə sinofobiyanın müsəlmanlar arasında körüklənməsinə xidmət edirmiş kimi gəlir.

Burda çağımızdan ayrılıb qüruni-vüstanın qaranlıq dövrlərinə ekskurs etmək olar. Cüzam, taun, vəba və ya zöhrəvi xəstəliklər hansısa xalqın və ya mədəniyyətin suçu və ya daha pisi, kəşfi idimi? Təbii ki, yox. Aralıq dənizi hövzəsi min illər idi fərqli dillər, fərqli xalqların (sami, hami, illiriya, kelt, protohind-avropa, paleoavropa və s.) və mədəniyyətlərin bir sivilizasiya kimi qaynayıb qarışdığı məkan olaraq inkişaf edirdi.

Əvvəllər keltlərin, paleoavropalıların, illiriyalıların, sonra isə sami-hamilərin tədricən hövzədən sıxışdırılması üçün roman-german xalqlarının vandal savaşları başladı. Sonuncu belə savaşlar Siciliya və Əndəlusda rekonkista adı verilən etnik təmizləmə əməliyyatları idi. Roman-german xalqları ilə müsəlman(sami-hami-türk) Şərqinin, müsəlman Şərqi vasitəsilə də Hindistan və Çinin ticarət əlaqələri istər-istəməz zəiflədi. Əndəlusdan, Siciliyadan qovulma yaddaşı ilə yaşayanlar onların ticarətdə oynadığı rolu mənimsəmiş xristian tacirləri hədəfə gətirməyə başladılar. Hamam mədəniyyətlərinin aşağı olması, yemək qadağalarını gözləməmələri səbəbindən əsasən genuyalı, venesiyalı tacirlər müsəlman Şərqində zöhrəvi xəstəliklərin mənbəyi elan edildi. Şərqli inanırdı ki, nə gəldi basıb yeyən, dəri tumanda yatan və yalnız dəniz ya da yağış suya ilə islanan bu tacirlər şər küpüdürlər. Zöhrəvi xəstəliklər elə birbaşa onların adı ilə adlandırılmağa başlandı-"ifrənciyyə". İfərnc-firəng-frank Böyük Karldan sonra Şərqdə bütün avropalılara verilən ümumiləşdirici ad idi. Çox keçmədən cüzam, taun, vəba kimi xəsətəliklər belə "ifrənci" elan edilməyə başlandı.

Bu, Aralıq dənizi hövzəsinin fərqli dövlət və xalqlarının, bütövlükdə Şərqlə Qərbin bir harmoniya halında yaşamasına vurulmuş sonuncu zərbə idi. İndi avropalı ənginar , darçın, ipək, boyalı parçalar və s. istehlak etmək üçün ümmanlı, səlcuqlu, osmanlı, misirli, fəsli ortaqla işləməyi yox, Hindistanın, Ümmanın, Əcəmin, Məğribin sahil qəsəbələrini işğal etməyi üstün tuturdu. Belə ortaqlıqları davam etdirən və hələ Qərbdən qovulmamış yəhudiləri gettolara salırdılar, uşaq qanından mayasız xamır hazırlamaqda suçlayırdılar, müsəlman və yəhudi keçmişi olanlar inkvizisiya tonqallarında yandırılırdı. Şərqdə isə Avropa ilə ticarətdə önə çıxan icmalar zaman-zaman dışlanmağa, başqa qucaqlara itələnməyə başladı.

Yekun? Belə rekonkista və dışlanmalar, bütöv xalqları xəstəlik, pislik mənbəyi elan etmələr olmasaydı, yəqin ki, kapitalizmə keçid Hollandiya və İngiltərədə deyil, renessansın başlamış Aralıq dənizi hövzəsində baş tutacaqdı. Dünya inkişafı indi bambaşqa səviyyədə olacaq, mədəniyyətlər arası toqquşmalardan yox, komplementarizmdən, harmoniyadan bəhs edəcəkdik.

Və yenə çağımız. Yenə eyni "qorxu mədəniyyəti" əkilməsi, yenə ksenofobiya təbliği. Bu dəfə Çinə qarşı. Koronavirusların səbəbini yarasaxorluqda axtarmaq orta əsr şərqlisinin xəstəliklərin mənbəyini dəri tuman və donuz əti yeməkdə görməsi qədər absurddur. Ona qalsa, bəşəriyyətin bildiyi və bilmədiyi bütün pintiliklərin cövlan etdiyi Hindistanın filmlərinə də baxmaq yasaq edilməlidir ki, televiziya vasitəsilə pisliklərə yoluxmayasız. Bunu edən varmı? Hələlik lazım deyil...

Amma Çin də borclu qalmır, əvvəl koronovirusların ABŞ-ın hansısa laboratoriyasında hazırlanması haqda bizim kimi ölkələrin sosial şəbəkə bekarları vasitəsilə güclü əks manipulyasiya aparılır. Sonra Çin və satellitlərinin rəsmi qurumları ABŞ-ı açıq şəkildə ittiham edən açıqlamalar verirlər. Budur, "ters algı" (əks manipulyasiya) dedikləri psixoloji həmlə alınıb. İndi laboratoriyada hazırlanmış bioloji silah haqda deyilənlərə iman gətirən adeptlər ordusu-bir sosial şəbəkə kütləsi var. Manipulyasiya davam etsə, istənilən epidemiya törədən xəstəliyin yenidən ya " ifrənci", ya da "çini" elan edilməyəcəyinə kimsə qarantiya verə bilərmi? Avropada "mavr işini gördü, mavrı qovmaq lazımdır" yanaşmasının bu dəfə çinlilərə, ya elə birbaşa mavr-müsəlman miqrantlara tətbiq edilməyəcəyinə, eyni halların Şərqdəki qərblilərə qarşı yaşanmayacağına qarantiya varmı?

Nəticə? Errorizmin-"qorxu mədəniyyəti"nin bəslənməsi həm də bizə qarşıdır. Yuxarıda Azərbaycana ən çox turist göndərən ölkələrin mediasında getmiş bəzi nümunələri verdik, çox yaxın ticarət tərəfdaşımız olan Türkiyənin qəbul etdiyi qərarlar haqda da məlumatlısınız. Şərti olaraq "Qorxudan sonrakı" deyə biləcəyimiz dünyada Qərblə Şərq, Cənubla Şimal arasında nəqliyyat dəhlizi olmaq istəyənlər, o cümlədən biz də itirmirikmi?

Bəziləri 18+ reklamlar üçün fokus qrupu ilə ciddi medianın hədəf auditoriyasının; restoran biznesi ilə ölkənin informasiya təhlükəsizliyinin fərqini öyrənib qurtaranda nə baş verdiyini anlamalıdırlar. Qurumlar və ciddi media önə çıxıb təşəbbüsü sosial şəbəkə bekarlarının əlindən almalı, maarifləndirmə ilə məşğul olmalı, atılan addımların əsaslandırılması və ardıcıllığı da təmin edilməlidir. Mövcud resursları "niquş"ları söyüb batırmağa, təkzib etməyə, susdurmağa səfərbər etmək çox bekara məşğuliyyətdir. Əgər Niquşun dedikləri (karantin kampları təşkil olunması, sərhədyanı rayonlardakı xəstəxanalarda antisanitariya halları) bir gün sonra rəsmi qurumlar tərəfindən təsdiqlənirsə, baş infeksionist bu gün arqument əvəzinə dini- esxatoloji qəsəmlərlə kütləni yola verir və bir gün sonra bəlli olursa ki, deməyəsən, o yox, hansısa qorxu yayan sosial şəbəkə bekarı haqlıymış ..., sizcə, sıravi vətəndaş kimə inanmalıdır?

Əgər AZAL-ın astagəlliyini xaricdə ilişib qalmış minlərlə sərnişin öz əsəblərində sınaqdan çıxarıbsa, hansısa oliqarxın şayiələrdən qazanc götürmə həvəsi üstün gəlib "qara şənbə" marketinqi düşünübsə, buna görə sıravi vətəndaşları nadanlıqda nə qədər suçlamaq, cəmiyyəti nə qədər özgələşdirmək olar? Olmazdımı ki, hər hansı market və ya marketlər şəbəkəsinin heç olmasa satış menecerinə odla oynadığı başa salınsın? Uca səslə də yox e, belə xəfif, qısıq səslə. Qonşu ölkələrdə yaşananlar var, biliriksə, iş-işdən keçəndən, ajiotaj yaranandan sonra yox, əvvəlcədən ticarət mərkəzləri ilə bağlı xüsusi qaydalar tətbiq edilə, evlərə sifarişlə ərzaq çatdırma xidməti təşkil edilə bilməzdimi? Nəhayət, kiçik bir ajiotaj əsas verirmi ki, qurumlar arası səlahiyyət bölgüsündə anlaşılmazlıq yaransın?

Bu aralar koronavirus errorizmindən xilas üçün normal media kontentlərə də ehtiyac var. Məsələn, rastıma çıxan yazılardan Azər Qaraçənlinin çağırış mətni kimi. Belə hallarda insanlığa dəvət çox, həm də çox yerinə düşür. (https://novator.az/2020/03/12/koronavirusun-d%C9%99rmani/)

Cəmaləddin Quliyev