Vəkillik institutunun cəmiyyətdəki nüfuz və mövqeləri möhkəmlənir Vəkillik institutunun cəmiyyətdəki nüfuz və mövqeləri möhkəmlənir

Zamanın yeni çağırışlarına cavab verən hüquq islahatları

Vəkillik institutunun cəmiyyətdəki nüfuz və mövqeləri möhkəmlənir

Sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsini yaşayan müstəqil Azərbaycanın hazırkı inkişaf trendinin səciyyəvi cəhətlərindən biri də səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə ictimai həyatın bütün sahələri üzrə islahatların dərinləşdirilməsi, eləcə də müasir məhkəmə-hüquq sisteminin formalaşdırılmasına xidmət edən ardıcıl tədbirlərin həyata keçirilməsidir.

Zamanın inkişaf ahənginə adekvat olaraq ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, habelə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiqinə əsaslanan mütərəqqi islahatlar zamanla təkmilləşir, yeni məzmun və forma kəsb edir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ilin oktyabrından inamla davam etdirən və yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə-hüquq sisteminin davamlı surətdə yeniləşdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bunun nəticəsidir ki, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsinə, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin edilməsinə, elektron xidmətlərin genişləndirilməsinə xidmət edən islahatlar son illər daha geniş vüsət almışdır.

Bu istiqamətdə ən mühüm addımlardan biri də "Məhkəmə-Hüquq Şurası haqqında” qanunun qəbulu və bunun əsasında 2005-ci ildə Məhkəmə-Hüquq Şurasının yaradılması olmuşdur. Demokratik cəmiyyətlərdə mühüm yer tutan bu təsisatın yaradılmasında əsas məqsəd məhkəmələr və hökumət arasında yeni qurum yaratmaqla məhkəmə sisteminin müstəqilliyini, məhkəmələrin özünüidarə funksiyalarını gücləndirmək olmuşdur. Şura ötən 15 ildə Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələlərin reallaşdırılmasını təmin etmişdir.

Müasir dövrdə məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin mühüm amillərindən biri, şübhəsiz, hakimlərin seçimi prosesinin şəffaflığı və obyektivliyidir. Təsadüfi deyildir ki, dövlət başçısının 19 yanvar 2006-cı il tarixdə imzaladığı Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdırilməsi ilə bağlı fərmanında Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı olmuşdur. Bu məqsədlə Azərbaycanda artıq avropalıların da etiraf etdiyi kimi, ən mütərəqqi qaydalar tətbiq edilmişdir. "Məhkəmə-Hüquq Şurası haqqında” və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən təsis olunmuş Hakimlərin Seçki Komitəsinin uğurlu fəaliyyəti xüsusi qeyd olunmalıdır.

"Siyasətimizin əsasında insan amili dayanır” deyən dövlət başçısının həyata keçirdiyi islahatlar tam mahiyyəti ilə vətəndaşların qanuni maraq və mənafelərinin təminatına yönəlmişdir. Bu ümdə məqsəd önə çəkilməklə ötən müddətdə gerçəkləşdirilən hüquqi-siyasi islahatların mühüm bir istiqamətini də məhz məhkəmə və ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması olmuşdur. Son 10 ildə məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması, bölgələrdə hüquq institutlarının inkişafı məqsədilə 20-dək yeni məhkəmələr, o cümlədən regional apelyasiya, ağır cinayətlər məhkəmələri, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası məqsədilə 7 inzibati-iqtisadi məhkəmə yaradılaraq fəaliyyətə başlamışdır.

Mühüm hüquqi islahatlar fonunda 2009 və 2016-cı illərdə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumlarının keçirilməsini xüsusi vurğulamaq lazımdır. Hər iki referendumda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur.

2016-cı ilin 26 sentyabr referendumu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərlə Azərbaycanda vitse-prezident institutunun yaradılması da mühüm yeniliklərdən biri olmuşdur. Azərbaycan Prezidenti cənab

İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədəki genişmiqyaslı islahatların tələbindən irəli gəlmişdir. Birinci vitse-prezident dövlətin sosial-humanitar, təhsil və mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak edir, islahatlar prosesinə mühüm töhfələr verir. Birinci vitse-prezident vəzifəsi son 3 ildə Mehriban xanım Əliyevaya dövlət idarəçiliyində ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini lazımınca təmsil etmək imkanını genişləndirmişdir.

İnsan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması da bu əzmkar fəaliyyətdə mühüm yer tutur. Hələ 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən fondun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir.

Xüsusilə vurğulamaq lazımdır ki, Nazirlər Kabinetinin 2018-ci ilin 11 aprel seçkilərindən sonra təsdiqlənmiş yeni tərkibi və əsaslı kadr əvəzlənmələri fonunda dövlət idarəetmə sisteminin tamamilə yenilənməsi prosesinə start verilmişdir. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər mühüm qərarlar qəbul edir, gəncləri dövlət idarəetməsinə irəli çəkir. Menecer təfəkkürlü, müasir dünyanın aktual çağırışlarını adekvat qiymətləndirməyi bacaran gənc və perspektivli kadrların mühüm postlara təyin edilməsi Azərbaycanda sistem xarakterli islahatlara etibarlı zəmin yaratmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusilə son aylarda apardığı ciddi kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə qəti inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların yaradılmasını da vacib sayır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətində korrupsiyaya qarşı mübarizə, aşkarlıq və şəffaflığın təmini məsələsi də xüsusi yer tutur. Son günlər bəzi rayonların rəhbər şəxslərinin korrupsiya və digər neqativ hallara görə barələrində həbs-qətimkan tədbirinin seçilməsi faktları bir daha göstərir ki, ölkənin müasirləşdirilməsi, idarəçiliyin şəffaflaşdırılması naminə ciddi siyasi iradə ortaya qoyulub və edilən xəbərdarlıqlardan nəticə çıxarmayanlar bundan sonra da sərt şəkildə cəzalandırılacaqlar.

2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanla məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi prosesinə start verilməsi Azərbaycanı sivil və hüquqi dövlətə çevirmək yolunda ciddi siyasi iradə nümayişidir. Fərmanda nəzərdə tutulan məsələlərin reallaşdırılması məhkəmə-hüquq sisteminin əsaslı şəkildə yeniləşməsini təmin edəcəkdir.

İqtisadi inkişaf, demokratikləşmə, dövlət idarəçiliyində şəffaflığın təmin olunması istiqamətində atılan davamlı addımlar hüquq sisteminin liberallaşmasına yaxşı imkanlar açmışdır. Son aylarda Baş Prokurorluqda ciddi islahatlar aparılır, sıralarının gənc kadrlarla komplektləşdirilməsi təmin edilir. Prokurorluq orqanları vəzifələrini aydın dərk edərək korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı daha qətiyyətli mövqe tutur, aparılan islahatlara layiqli töhfələrini verir.

Azərbaycanda son 20 il məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatlar vəkillik institutunu da əhatə etmiş, onun inkişafının yeni intibah mərhələsinə qədəm qoymasına, əsaslı şəkildə modernləşməsinə imkan yaratmışdır. Xatırlatmaq yerinə düşər ki, hələ Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə qəbul olunmuş "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunu həmin dövrdən etibarən ölkəmizdə güclü və peşəkar vəkilliyin formalaşmasına təkan vermiş, vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən etmişdir.

Məhkəmə-hüquq sisteminin mühüm qollarından olan vəkillik institutunun inkişafı Azərbycan Prezidenti cənab İlham Əliyevin də daim xüsusi diqqət mərkəzində olmuşdur. Hələ 2005-ci ildə dövlət başçısı Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə sərəncam imzalamış, bu sahəyə xüsusi qayğı gəstərmişdir. Ümumilikdə 2004-cü ildə qəbul olunmuş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı, 2007-ci ildə qəbul olunmuş Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya, 2011-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı vəkillik institutunun təkmilləşdirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması, vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, vəkillik institutunun müstəqilliyinin təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması kimi mühüm məsələlər əksini tapmışdır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 2017-ci ilin dekabrın 7-də keçirilmiş konfransında qurumun sədri vəzifəsinə hüquq ictimaiyyətinin yaxşı tanıdığı nüfuzlu vəkil Anar Bağırovun seçilməsi vəkillik institutunun cəmiyyətdəki yeri və mövqelərinin daha da möhkəmlənməsini təmin etmişdir. Həmin tədbir çərçivəsində Kollegiyanın Rəyasət Heyəti və İntizam Komissiyasının üzvləri seçilmiş, Nizamnaməyə dəyişikliklər edilmiş, "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyasının qəbulu ilə bağlı səmərəli müzakirələr aparılmışdır. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, habelə Vəkillərin İntizam Komissiyasının tərkibinə bir çox təşəbbüskar, xaricdə təhsil almış, müxtəlif xarici dilləri bilən vəkillərin daxil edilməsi ümumi işin səmərəliliyini artırmışdır.

Vəkillər Kollegiyasının təşəbbüskar və yenilikçi rəhbərliyi qısa zamanda bu sahədəki çatışmazlıq və problemləri ölkə rəhbərliyinin diqqətinə çatdırmağa və Kollegiyada kompleks islahatların aparılmasına nail olmuşdur. İslahatlar çərçivəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual məcəllələri və "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununa dəyişikliklərin təsdiqlənməsi vəkillik institutunun cəmiyyətdə nüfuz və mövqeyinin möhkəmlənməsinə, peşəkar, yüksək keyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə edilməsinə imkan vermişdir.

Bundan əlavə, Prezident

İlham Əliyevin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikası Prezidentinin vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı daha güclü və nüfuzlu vəkillik təsisatının yaradılmasına ciddi təkan olmuşdur. Sərəncam bu sahədəki mövcud problemləri aradan qaldırmaqla qeyri-vəkillər tərəfindən vəkil adından sui-istifadə hallarını aradan qaldırmışdır.

Sərəncam Bakı şəhərində, eyni zamanda ölkənin regionlarında apelyasiya məhkəmələrinin, ağır cinayətlər üzrə məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri şəhərlərdə Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin yaxşılaşdırılması məqsədilə onların müvafiq binalarla təminatına imkan yaratmışdır. Sərəncamla eyni zamanda vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlərin görülməsi təmin edilmişdir.

Sərəncam əsasında ölkədə vəkillərin sayının artırılması da təmin edilmiş, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən fərdi sahibkar qismində fəaliyyət göstərən hüquqşünasların vəkilliyə sənədlərinin qəbulu barədə qərarlar qəbul edilmişdir. Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş ilkin razılığa əsasən, vəkilliyə qəbulun müntəzəm şəkildə həyata keçirilməsi planlaşdırılmışdır.

30 iyul 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılması nəzərə alınaraq, 30 iyul tarixinin vəkillərin peşə bayramı günü elan edilməsi də Vəkillər Kollegiyasının yeni rəhbərliyinin mühüm xidmətlərindən biri kimi qeyd olunmalıdır.

2018-ci ilin 11 aprel seçkilərindən sonrakı proseslər dövlət başçısının inqilabi yeniliklərin təşəbbüskarı və ən fəal icraçısı olduğunu bir daha sübut edir. Xalqın böyük rəğbətlə qarşıladığı bu islahatlar Azərbaycanı daha da müasirləşdirməklə onun qısa müddətdə inkişaf etmiş ölkələr sırasında dayanmasına real imkanlar açır. Sevindirici haldır ki, islahatlar məhkəmə-hüquq sahəsini də əhatə etməklə onun aparıcı qollarından olan vəkillik institutunun müasirləşməsinə və cəmiyyət üçün mühüm təsisata çevrilməsinə imkan yaratmışdır.

Ümumilikdə həyata keçirilən hüquqi islahatlar dövlət başçısına ictimai inam və etimadı gücləndirir, xalq-iqtidar birliyini daha möhkəm, daha sarsılmaz edir.

Zaman SƏMƏDOV,

hüquqşünas

"Azərbaycan qəzeti"