Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır

“Siyasi ittiham, inciklik, sifarişli hədəf seçmək meyilləri aradan qaldırılıb”

Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır

“Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından bir ilə yaxın zaman keçir və düşünürəm ki, ilkin yekunları qeyd etməyə artıq müəyyən əsaslar var. Şöbədə ölkənin siyasi həyatı üçün mühüm olan məsələlər, siyasi partiyaların fəaliyyəti, siyasi mühit, parlamentarizm ənənələri, qonşu ölkələrin Azərbaycanın daxili siyasətinə yönəlmiş addımları mütəmadi təhlil edilir, siyasi proseslər proqnozlaşdırılır, dövlətin görəcəyi adekvat tədbirlərlə bağlı təkliflər hazırlanır, qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında əlaqələrin və qanunvericilik prosesinin tənzimlənməsinə, eləcə də siyasi partiyalar haqqında qanunvericiliyin tələblərinə əməl olunmasına, siyasi işin daha təkmil qurulmasına, bu sahədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə nəzarət edilir”.

AzNews.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev “Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi” adlı məqaləsində yazıb.

O qeyd edib ki, Prezidentin daxili və xarici siyasətinin, apardığı Vətən müharibəsinin, eləcə də koronavirus pandemiyası ilə mübarizə sahəsində atılan məqsədyönlü addımların təbliği məqsədilə Milli Məclis, mərkəzi və yerli icra hakimiyyəti orqanları, siyasi partiyalar, ictimai-siyasi fəallar, müvafiq qeyri-hökumət təşkilatları, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Ağsaqqallar Şurası və media ilə sıx əməkdaşlıq edilməkdədir: “Şöbə üçün son bir ilin ən mühüm yekunu isə bundan ibarətdir ki, dövlətimizin başçısının qarşıya qoyduğu tapşırıqların icrası nəticəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikaya köklənmiş, yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə bu və ya digər siyasi xadimlərin və qüvvələrin marginallaşdırılması, partiyalar, siyasi qüvvələrarası ifrat qütbləşmə, bir-birini qəbul etməmək, ayrı-ayrı şəxslərə, bəzən şübhəli dairələrə xidmət etmək, sifariş əsasında hansısa qurumları hədəfə gətirmək kimi olduqca mənfi meyillər, demək olar ki, aradan qaldırılıb. Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır.

Bu ilin fevral ayında şöbə tərəfindən aparılmış ilk monitorinqin nəticəsində müəyyən edilib ki, dövlət qeydiyyatında olan 55 siyasi partiyadan 8-nin sədri vəfat edib, 6-sının sədrinin səlahiyyət müddəti nizamnamə ilə tənzimlənməyib, mövcud siyasi partiyaların bir çoxunun uzun illərdir (bəzən 20 ilə qədər müddətdən söhbət gedir) ya sədri yoxdur, ya da sədr adına iddia edən şəxslər legitim deyillər. Nəinki sədrlər, uzun illər qurultayları keçirilmədiyindən 21 siyasi partiyanın heç bir ali orqanları seçkili və legitim sayılmırdı. 7 siyasi partiya isə qanunvericiliyin tələblərini nəzərə almadan maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyib. Beləliklə, onlarla partiyanın legitimliyi şübhə altında idi. Yalnız 16 partiyanın qurultayı nizamnaməyə uyğun keçirilmiş və yeni sədrin seçilməsi ilə əlaqədar müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi.

Burada bir tərəfdən müvafiq orqanların səhlənkar münasibətinin rolu var idisə, digər tərəfdən fəaliyyətlərinə diqqət deyil, etinasızlıq, bəzən də dediyimiz kimi, süni maneələr hiss edən qüvvələr, faktiki olaraq, görüntü ilə, kağız üzərində işlə, yalnız seçki kampaniyaları zamanı bu və ya digər təmənna müqabilində özlərini yada salmaqla kifayətləniblər. Bəzən də qeydə alınmış partiyası olmaq, sözün müstəqim mənasında, sərmayə sayılmış, müəyyən cəlbedici təkliflərin qarşılığında partiyalar cari siyasi bloklara qoşulmuş, perspektivli və maddi imkanlı təsiri bağışlayan şəxslər ətrafında təmərküzləşmiş, yeni siyasi çətir qəbul etmişlər. Belə hüquqi nizamsızlıq, real partiyaların qeydiyyatı önündə süni əngəllər olduğu halda real fəaliyyəti olmayan partiyaların işinin hüquqi çərçivədə tənzimlənməməsi hər hansı fors-major hallar üçün də ciddi problemlər mənbəyidir.

Şöbə tərəfindən bu il martın 11-də Milli Məclis Sədrinin iştirakı ilə parlamentdə təmsil olunan siyasi partiyalarla parlamentdə, iyulun 7-də isə “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda videokonfrans formatında görüşlər keçirilmişdir. İyul görüşünün sonunda müzakirə olunan istiqamətlər üzrə dövlətimizin başçısının siyasətini dəstəkləyən bəyanat qəbul olunub.

Aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi bu il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə alması haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi mütəmadi olaraq raket atəşinə tutması, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməsi, Gəncəyə dəhşətli hücumu haqda 50 siyasi partiya, noyabrın 25-də Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı 49 siyasi partiya beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlayıblar.

Noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək, bu qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildiriblər”.