Prezidentin edhokratik komandasını çətin sınaqlar gözləyir Prezidentin edhokratik komandasını çətin sınaqlar gözləyir

Prezident “hər işi” niyə Mikayıl Cabbarova həvalə edir? - ANALİZ

Prezidentin edhokratik komandasını çətin sınaqlar gözləyir

Yanvar ayının 23-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkəti- SOCAR-la bağlı biri fərman, biri sərəncam olmaqla iki sənəd imzalayıb. “Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncama əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərlik 7 nəfərlik heyət tərəfindən həyata keçiriləcək. Müşahidə Şurasının sədri isə respublikamızın İqtisadiyyat naziri Mikayıl Cabbarov təyin olunub. Sərəncamın elan edilməsindən sonra sosial şəbəkələrdə Mikayıl Cabbarovun SOCAR-a “ümumi rəhbər” təyin edilməsi birmənalı qarşılanmayıb, hətta nazirin daşıdığı rəsmi vəzifələrə nə qədər vaxt sərf edə biləcəyi də bir andaca hesablanaraq “axı niyə prezident hər işi məhz ona həvalə edir” qəbilindən olan suallar səsləndirilib.

Bəribaşdan qeyd edək ki, Mikayıl Cabbarov qarayaxma və kompromatlara təmkinlə qalib gəlməyə vərdiş etmiş fiqurdur. Hələ 2012-ci ildə Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çəkirgə gələcək nazirin adı ətrafında “təyyarə qalmaqalı” yaratmış, az sonra məlum olmuşdu ki, bu saxta və əsassız iddialar Azərbaycan Prezidentinin Bakı İçərişəhər Dövlət Tarixi və Memarlıq Qoruğunun müdirinə etimad göstərmək meylini sezən qoca saray intriqaçılarının başının altından çıxıb. Beləliklə, saray, sarayətrafı, media, sosial şəbəkə dedi-qoduçuları dövlət başçısının iradəsinə təsir edə bilmədilər. Növbəti il Mikayıl Cabbarov ölkənin Təhsil naziri təyin olundu. Əlbəttə, bu təyinat cəmiyyətdə, elə saray mühitində də şok effekti yaratdı. Mikayıl Cabbarov Azərbaycanın ən çox korrupsiyaya məruz qalan sahələrindən biri - təhsil sistemi üçün tamamilə yad fiqur idi. Lakin məhz bu məqam çox şey deyirdi. Dövlət başçısının yeni nazirdən gözləntisi korrupsiyasız, şəffaf və müstəqil bir dövlətdə yeni dövrün çağırışlarına uyğun kadrlar hazırlanması üçün təhsil sisteminin bazasını format etməkdən ibarət idi. Bu, əlbəttə, uzunmüddətli strategiyalar tələb edirdi və görünür, yeni, daha doğrusu, artıq sabiq Təhsil naziri bu strategiyanın hazırlanmasındakı rolu ölkə rəhbərini qane etdiyindən Mikayıl Cabbarova korrupsiyaya uğramış sahələrdə - əvvəlcə Vergilər, daha sonra İqtisadiyyat Nazirliyində ən yüksək post verildi. Azərbaycan büdcəsi, dövlətimizin sosial və xarici siyasəti üçün “şah damar” funksiyası daşıyan SOCAR-a ümumi rəhbərlik edəcək bir quruma - Müşahidəçilər Şurasına sədr təyin olunmasında da Prezident Əliyevin məhz bu məntiqlə hərəkət etdiyini söyləmək mümkündür. Çox təəssüflər olsun ki, bilmədən, işin içinə girmədən, təhlil etmədən “layk” atmaq həvəskarlarına xitab edən populist "Facebook" mikrobloggerləri Mikayıl Cabbarova həvalə edilən yeni vəzifənin arxasındakı fərmanı - “Dövlət Neft Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” prezidentin imzaladığı sənədi ya görmür, ya da görməzlikdən gəlirlər. Halbuki, həmin fərmanda açıq yazılıb:

“Qlobal iqtisadiyyatda, o cümlədən xarici neft bazarında baş verən prosesləri və qeyri-müəyyənlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı, orta və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması əsas çağırışa çevrilmişdir”.

Buradan çıxan nəticə odur ki, SOCAR-ın hazırkı idarəçiliyi dünya miqyasında rəqabətə davamlı deyil, maliyyə dayanıqlılığı şübhəlidir, aktivlərinin dəyərinin artırılması üçün idarəçilik və biznes modeli təkmilləşdirilməlidir, müstəqil Azərbaycan üçün “Əsrin müqaviləsi” imzalandıqdan bəri həyatverici qurum olmuş ARDNŞ-in yeni və milli zehniyyətə ehtiyacı var.

Məhz bu məqamda dövlət başçısı yenidən Mikayıl Cabbarovu görəvləndirməyi uyğun bilir. Çünki SOCAR sadəcə yerli oliqarxların, korrupsiyaya uğramış iri çaplı köhnə sistem məmurlarının deyil, beynəlxalq maraq dairələrinin, transmilli şirkətlərin, o cümlədən Vətən savaşında Azərbaycanın bütün imkanları ilə yanında olmuş qardaş Türkiyədə dövlət çevrilişi gerçəkləşdirməyə çalışmış Fətullah Gülən şəbəkəsi və onun arxasındakı güclər kimi qlobal mafioz çevrələrin, yumşaq desək, diqqət mərkəzindədir. Üzərinə min göz dikilən, Azərbaycan dövləti və cəmiyyəti, müstəqiliyimizin davamlılığı üçün “məhək daşı” rolunu oynayan, milyardlarla vəsaitin dövr etdiyi, o cümlədən dövlətdən, büdcədən, vergi sistemindən yayındırıldığı bir qurumda islahatlar aparmağı isə sıradan bir “çinovnik”ə, arxasında dövlətin ali iradəsinin dayanmadığından zəif və gücsüz görkəmdə görsənən “vətəndaş cəmiyyəti müşahidəçilərinə” həvalə etmək həmin fiqurları ya qısa zamanda zəngin etmək, ya da qurdlar süfrəsinə yem olaraq atmaq demək olardı. Dövlət başçısının umurunda olan isə nə kiminsə maddi maraqları, nə də həmin maddi maraqlara əsasən qurulan intriqalardır. Prezident Əliyev daha öncə elan etdiyi islahatları 44 günlük Vətən savaşında Ali Baş Komandan olaraq millətimizə qazandırdığı tarixi zəfərdən sonra daha da sürətləndirmək, Azərbaycanın iqtisadi-siyasi müstəqilliyini daha da möhkəmləndirmək və “oyunqurucu dövlət” olaraq Cənubi Qafqaz sərhədlərini aşan daha geniş regionda tam önə çıxarmaq istəyir. Bu strateji hədəflərə çatmaq üçün dövlət başçısının xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyevin, DTX sədri Əli Nağıyevin timsalında tam güvəndiyi və dəstəklədiyi isimlər olduğu artıq heç kimə sirr deyil. Lakin hər kəs bəlli bir sahə, sektor, blok üzrə görəvləndirilir və bu kontekstdə Mikayıl Cabbarovun üzərinə qoyulan məsuliyyət Azərbaycanın kölgə iqtisadiyyatından modern bazar iqtisadiyyatına keçidinin sürətləndirilməsidir.

Əslində, Azərbaycanda istər iqtisadi, istərsə də idarəçilik baxımından dəyişikliklər və təkmilləşdirmələrə kəskin ehtiyac olması dünya bazarında neftin qiymətinin bizə dəxli olmayan səbəblərdən kəskin şəkildə aşağı düşməsi ilə üzə çıxmışdı. Çünki neftin kəskin ucuzlaşmasının qaçılmaz sonucu kimi, manat devalvasiyaya uğramış və məlum olmuşdu ki, neftdən asılıq nəinki vətəndaşlarımızın cari rifahına, bütövlükdə dövlətimiz və müstəqilliyimizə ciddi təhlükələrdən biridir. O zaman hakimiyyətin və hakimiyyət sahibi olaraq prezident İlham Əliyevin qarşısında bir neçə mühüm vəzifə dayanmışdı. İlk növbədə devalvasiyanın genişlənməsinə, maliyyə böhranının digər sektorları çökdürməsinə imkan verməmək; İkinci mərhələdə manata inamı bərpa etmək və yeni iqtisadiyyata keçid üçün baza yaratmaq; üçüncüsü, hakimiyyəti və dövlət strukturunu mobilləşdirmək. Nəhayət, iqtisadi və siyasi idarəçilik sistemini kökündən dəyişmək və keçidi tam təmin etmək. Mikayıl Cabbarov iqtisadi bloka məsul olan şəxs kimi bu mərhələdə üzərinə düşəni uğurla gerçəkləşdirdi. Hazırda biz üçüncü mərhələdəyik və bu mərhələdə dövlətin masası üzərindəki ən önəmli məsələ SOCAR-ı yeni mərhələyə adlatmaqdır. Hazırda ABŞ-da fəaliyyət göstərən iqtisadçı alim Qubad İbadoğlu xəbərdarlıq edir ki, əgər SOCAR öz fəaliyyətinə indiki minvalla və qaydada davam etsə, ya gələn il, ya da ondan sonra qısa müddətdə iflas edə bilər. Müxalif mövqeli siyasətçi Qubad İbadoğlunun açıqlaması sırf iqtisadi baxımdan nə qədər obyektiv təhlilə əsaslanır, bunu demək peşəkar ekonomistlərin işidir. Lakin o məsələ həqiqətdir ki, dövlət başçısının fərmanında da qeyd edildiyi kimi, SOCAR-ın modernləşməsinə ehtiyac son dərəcə böyükdür. Zira, bütün modernləşmə siyasəti və islahat kursu kimi, Azərbaycandakı reformalar da müəyyən müqavimət qrupları yaradır və Mikayıl Cabbarovun timsalında edhokratik kadrların bu müqaviməti aşa bilməsi xeyli dərəcədə də cəmiyyətlə nə dərəcə açıq ünsiyyət qurması, ictimai fəal qruplarla səmərəli kommunikasiyaya malik olmasından asılıdır. 1993 və 2003-cü illərdən sonra Azərbaycanda əsl siyasi mübarizə hələ indi başlayır.

Sosial İnformasiya Agentliyi