- Müşahidə məntəqəsi
- 15 Oktyabr 23:32
- 1 573
“Texnologiya müəllimi zəiflətmir, əksinə hazırlıqlı olanı gücləndirir” - Ramin Nurəliyev

“Ümumi olaraq, rəqəmsal texnologiya və süni intellekt kimi müasir dövrün elektron sistemləri artıq bir neçə il sonra həyatımızın tamamilə ayrılmaz hissəsinə çevriləcək. Məhz buna görə də orta ümum təhsil məktəblərində süni intellekt dərslərinin keçirilməsi vacibdir. Artıq bir neçə dəfə təklif etmişəm ki, bu dərslər mütləq keçirilməli, məktəblərdə rəqəmsal texnologiyaya uyğun laboratoriyalar, imkanlar və şərait yaradılmalıdır. Şagirdlər süni intellekt dərslərini keçməli və orta ümum təhsil məktəblərində mövcud texniki bazadan tam istifadə etməlidirlər. Əlbəttə ki, burada məktəblərdə texniki baza formalaşdırmaq əsas məsələdir. Bu müəyyən vəsait tələb etsə də, müasir dünyanın tələblərinə cavab vermək baxımından vacibdir və müvafiq addımlar atılmalıdır. Rəqəmsal texnologiya müəllimin rolunu zəiflədəcəkmi? Düşünürəm ki, əgər müəllim öz bilik və bacarıqlarına güvənirsə, ixtisasını mükəmməl bilir və tələbələrin qarşısında hər hansı çətinlik yaşamırsa, onun üçün texnologiyanın rolu o qədər də kritik deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, rəqəmsallaşma və texnologiyaların təhsilə inteqrasiyası son illər diqqət mərkəzindədir. Onlayn platformalar, süni intellekt və rəqəmsal resurslar şagirdlərin öyrənmə prosesini əhəmiyyətli dərəcədə dəyişdirir, eyni zamanda müəyyən riskləri də üzə çıxarır.
Ekspert bildirib ki, müəllim öz bilik və bacarıqlarına olduğu qədər rəqəmsal texnologiyadan da istifadə edərək tədrisi uğurla həyata keçirə bilər.
“Bu səbəbdən hər bir müəllimin rəqəmsal texnologiyalardan, yəni süni intellekt proqramlarından, digər elektron proqramlardan və kompüter proqramlarından istifadə bacarığı olmalıdır. Artıq əyani vəsaitlərin təqdimatı məktəbdə fiziki nümunələrdən deyil, elektron sistem vasitəsilə həyata keçirilir. Məsələn, müəllim qlobusu sinifə gətirib fırlatmaq əvəzinə, şagirdlər elektron cihazları vasitəsilə dünyanın fırlanmasını izləyə bilirlər. Müasir texnoloji avadanlıqlardan istifadə müəllimə şagirdlər qarşısında əyani vəsaiti effektiv təqdim etmək imkanı verir. Texnologiyadan yüksək səviyyədə istifadə edə bilən müəllim üçün tədris prosesi çətin olmayacaq. Əks halda, texnologiyadan istifadə etməyən müəllim şagirdlər qarşısında geri qalacaq və əyani vəsaitlərin istifadəsində çətinlik çəkəcək. Beləliklə, müəllimin rolu yalnız texnologiyadan istifadə bacarığından asılıdır. Müasir texnoloji avadanlıqlardan istifadə edən müəllim şagirdlər qarşısında əzilmədən, lazım olan bilik və bacarıqları nümayiş etdirərək tədrisi uğurla həyata keçirə bilər. Müasir texnologiya yalnız müəllim bu imkanlardan istifadə edə bilmədikdə rolunu zəiflədə bilər. Amma reallıq budur ki, süni intellekt yavaş-yavaş bəzi sahələri öz nəzarətinə alacaq və mən düşünürəm ki, bu proses müəllimləri də əhatə edəcək. Artıq bir neçə il sonra repetitorluq fəaliyyəti də süni intellekt tərəfindən əvəz oluna bilər. Süni intellekt proqramları ilə hazırlanmış materialları hər bir fənnə uyğun şəkildə təqdim etmək mümkündür. Beləliklə, abituriyentlərin əlinə hazır vəsaitlər keçəcək və bu, repetitor fəaliyyətinə müəyyən qədər təsir göstərəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az