“İran dünya düzəni ilə hesablaşmaq istəmir” - Azər Həsrət

“İran ümumiyyətlə, dünya düzəni ilə hesablaşmaq istəmir və bütün problemləri də buradan qaynaqlanır. ABŞ və digər dövlətlərin İranla münasibəti yalnız bu mövqedən irəli gəlir. İran orta əsrlərin təfəkküründə ilişib qalıb və düşüncə tərzini dəyişmək istəmir. Bu səbəbdən də dünya ilə konstruktiv dialoq qurmaqda çətinlik çəkir. 21-ci əsrdə, müasir çağırışlara uyğun dövlət idarə etmək üçün keçmişin, 11-ci, 12-ci və 15-ci əsrlərin təfəkkürü ilə idarəetmə mümkün deyil. Hazırkı prezident Məsud Pezeşkian müəyyən qədər müasir, islahatlara meyilli olsa da, ali dini rəhbərlik buna imkan vermir. Səbəb isə sadədir: ali dini rəhbərlik cəmiyyəti şəriət qanunları ilə idarə etməyə üstünlük verir. Onlar başa düşürlər ki, insanlara azadlıq verilsə, müasir cəmiyyət qurulsa, dini nəqlər artıq keçərli olmayacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, İranın geosiyasi mövqeyi onu həm regional, həm də qlobal güclərin diqqət mərkəzinə çevirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ölkə tarixən dəfələrlə xarici müdaxilələrə məruz qalıb və beynəlxalq güclər, xüsusilə Rusiya və ABŞ, İranın suverenliyini daim hədəf alıblar. Eyni zamanda, İran həm təhlükəsizliyini qorumağa çalışır, həm də qonşular və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq qurmaqda çətinliklərlə üzləşir. Bu ikili yanaşma ölkənin təbii sərvətlərindən səmərəli istifadəni çətinləşdirir və regional münasibətlərdə gərginliklər yaradır.

Siyasi şərhçi bildirib ki, insanlar artıq bu cəfəngiyyətlərə qulaq asmır, sadəcə ölkədəki qəddar rejimdən qorxduqları üçün öz davranışlarını şəriət qanunlarına uyğun göstərməyə məcburdurlar.

"Dünyada kosmosa turist səyahətləri və uçan avtomobillər müzakirə olunur və istehsal edilir, amma İran hələ də qadınların baş örtüyü məsələsi ilə məşğuldur. Bu təfəkkürdə olan dövlət daim problem içində qalacaq və getdikcə zəifləyəcək. Təhlükəsizlik və siyasi böhranlar isə qaçılmazdır. İranın çıxış yolu gözlərini açıb dünyaya baxmaq və müasir çağırışlara uyğun dövlət qurmaqdır. Lakin hazırkı idarəetmədə bu təfəkkür mövcud deyil. Bu vəziyyətin təsiri altında isə ölkədə yaşayan 40 milyon türkün taleyi narahatlıq doğurur. Türklər bu reallıqda yaşamağa layiq deyillər; onlar daha müasir, daha ədalətli bir cəmiyyətdə yaşamağı haqq edirlər – Azərbaycan Respublikasında olduğu kimi. Bu səbəbdən, İran türkləri öz talelərini özləri həll etməli və müasir demokratiya, insan haqları və yeni dünya dəyərlərinin tətbiq olunmasını gözləmədən öz yollarını tapmalıdırlar".

Rəfiqə Namazəliyeva,

AzNews.az