İlham Əliyevin 3 il öncəki prezident seçkisində qələbəsinə fərqli yöndən baxış İlham Əliyevin 3 il öncəki prezident seçkisində qələbəsinə fərqli yöndən baxış

BÖYÜK DÜŞÜNCƏNİN SEHRİ

İlham Əliyevin 3 il öncəki prezident seçkisində qələbəsinə fərqli yöndən baxış

11 aprel 2018-ci il.

Azərbaycanda prezident seçkiləri keçirilir və İlham Əliyev yenidən qalib gəlir.

Daha öncə ölkədə Ana Yasa referendumu keçirilib və prezidentin səlahiyyət müddəti 5 ildən 7 iləcən artırılıb.

Başqa sözlə, 11 apreldə xalq tərəfindən seçiləcək prezident 2025-ci ilə qədər iqtidarda olacaq.

Bu, əlbəttə, seçki yarışlarında İlham Əliyevə 15 il boyunca qalib gəlməyi bacarmayan müxaliflər üçün, yumşaq desək, ürəkaçan xəbər deyil.

ADP sədri Sərdar Cəlaloğlunun “olimpiya prinsipi” ilə səsverməyə çıxmasını saymasaq, ənənəvi müxalifət daha bir dəfə yenilməmək üçün seçkiyə qatılmağa özündə təpər tapmır.

Odur ki, seçkiqabağı “demokratik prosedurlar” üzərindən İlham Əliyevə həmlələr edilir.

Lakin bu həmlələr bir fikir olaraq cəmiyyət üçün azlıqda qalır və toplumun rəy istehsalında ümumiləşə bilmir.

Azərbaycan xalqının ortaq zəkası və iradəsi prezidentə yenidən etimad göstərmək yönündədir.

Nəticə sürpriz olmur və İlham Əliyev xalqın dəstəyini qazanır.

Bu etimadın kökü isə 1993-cü ilin qızmar yayına dayanır.

Bilmirəm, heç özünüzə sual vermisinizmi ki, 1993-cü ilin yay aylarında Azərbaycanda faktiki olaraq neçə hakimiyyət vardı?

Gəlin, sayaq:

1) Azərbaycanın qanuni prezidenti Əbülfəz Elçibəy idi. Surət Hüseynovun qiyamı ilə hərbi-siyasi böhrana yuvarlanmış Azərbaycanda mərkəzi hakimiyyət boşluğu yaranmış, komandası istefa vermiş və ya istefa verməyə məcbur qalmış Əbülfəz Elçibəy isə günlərin birində Bakını tərk edərək Naxçıvandakı doğma kəndinə sığınmışdı. Postundan istefa verməmiş, bəlli bir dövrə qədər səlahiyyətlərini rəsmən əlində saxlamışdı.

2) Gəncədə hərbi qiyam qaldırmış Surət Hüseynov AXC hakimiyyətinin onu zərərsizləşdirməyə getmiş nümayəndələrini əsir almış, tanklarının üzünü Bakıya çevirərək həmin şəhərdə, ətraf və güzərgahındakı rayonlarda hakimiyyəti ələ keçirmişdi.

3) Dağlıq Qarabağ, Şuşa, Laçın, Kəlbəcər və digər yaşayış məntəqələri ermənilərin nəzarəti altına keçmiş, bölgədə Azərbaycan hakimiyyətinin təsiri qalmamışdı.

4) Azərbaycanın cənub rayonları seperatçı Əlikram Hümbətovun elan etdiyi “Talış-Muğan Respublikası”nın kontroluna düşmüşdü.

5) Ölkədəki hərbi-siyasi böhran Azərbaycan xalqının ortaq zəkasını və iradəsini Heydər Əliyevin şəxsiyyətinə yönəltmişdi. Azərbaycan xalqı Əliyevi yaxından tanıyırdı, onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmdə istər iqtisadi, istərsə də kültürəl baxımdan zənginləşmiş, iş və aş sahibi olmuşdu. Xalqın axtarışında olduğu xilaskar ondan bir başqası ola bilməzdi. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi və proseslərin gedişində Azərbaycan Ali Sovetinin sədri oldu. Ali Sovet 1990-cı ildə formalaşmış, ümumi tərkibi hərəkatçılar kimi, elə Heydər Əliyevin də əleyhinə idi. Müstəqilliklə ayaqlaşmadığından dünya tarixinə bənzəri görünməmiş bir şəkildə öz səlahiyyətlərini törəmə məclisə- Milli Şuraya vermişdi. Milli Şura köhnə kommunistlərdən və xalq hərəkatçılarından paritet sayda olmaqla formalaşmışdı. Şuradakı 50 nəfərlik heyətdə özündən və yeni yaranan YAP-a qoşulmuş bir neçə tərəfdarından başqa Heydər Əliyevin etibar edəcəyi səs yox idi.

Bəli, 1993-cü ildə Azərbaycanda mövcud olan 5 hakimiyyətdən birinə, ən zəif, dayanıqsız institutun rəhbərliyinə gələn Heydər Əliyevin təcrübəsindən, xarizmasından və xalq içindəki nüfuzundan başqa əlində heç bir real rıçaq, resurs yox idi.

Heydər Əliyev təcrübəsini, xarizmasını və nüfuzunu Azərbaycanın dövlət müstəqilliyinə, dövlət təşkilatına, sabitliyə və istiqrara çevirdi.

Ulu Öndərin bu tarixi və misilsiz xidmətləri 2003-cü ilə qədər bir lider kimi önə çıxmamış oğlu İlham Əliyevə böyük ictimai-siyasi dəstək qazandırdı.

2008-ci ildə İlham Əliyev həm bir siyasi lider, həm də dövlət başçısı olaraq özünü tam isbat etmiş, sözün əsl mənasında, yeni olan Azərbaycanın dövlət qatarının lokomotivini yüksək peşəkarlıqla idarə etdiyinə şübhə qoymamışdı.

2013-cü ilin prezident seçkilərində isə Azərbaycan xalqı ilə İlham Əliyev arasında uçurum yaratmaq cəhdləri iflasa uğradı. O il Azərbaycan üçün “qırılma nöqtəsi” ola bilərdi. 2005-ci ildə Qərbdən ixrac olunan “narıncı inqilab”dan fərqli olaraq, bu dəfə Azərbaycanın möhkəmlənməkdə olan müstəqilliyinin və dövlət təşkilatının üstünə qara buludları şimal küləkləri qovurdu. Azadlıq hərəkatının əksər iştirakçıları isə Rusiyanın projesinə qatılmışdılar. Xalqın və Tanrının yardımı ilə İlham Əliyev bu niyyətləri iflasa uğratdı.

İlham Əliyev dövlətçiliyin “qırılma nöqtəsi” kimi düşünülmüş ən idbar ssenarini puç edərək öz qələbəsini Azərbaycan üçün tarixi şansa çevirməyi bacardı.

Bəs, nədir İlham Əliyevi qələbədən-qələbəyə, sadəcə, seçki yarışlarından getmir söhbət, 300 illik bir savaşın müzəffər liderinə çevirən əsas amil?

Devid Cozef Skvartz var, məşhur ABŞ yazarıdır. Onun “Böyük Düşüncənin sehri” adlı kitabını çoxunuz oxumamış olmazsınız. Həmin müəllifin sözüdür:

“Xəyallarını öz gücü ilə gerçəkləşdirə biləcəyinə inanan insan şövqlü, əzmkar, inanclıdır və yaşam sevinci vardır. Unutmayın ki, fərdin gələcəyə yönəlmiş ümidi onun indiki gücünün qaynağıdır”.

İndi bu deyimi İlham Əliyevin bir siyasi lider, dövlət başçısı olaraq Azərbaycan adına qazandığı istənilən uğura tətbiq edək.

Azərbaycanın coğrafi sərhədindən geniş və ümumi yanaşma tərzindən çox-çox irəli getmiş bir düşüncə- BÖYÜK DÜŞÜNCƏ görəcəyik.

İlham Əliyevin bir lider və dövlət başçısı olaraq tilsimi məhz bu BÖYÜK DÜŞÜNCƏdir!

Sovet streotipləri, meydan hərəkatının stixiyası, intibah və modernləşmə çağını keçməməyimiz, varlığımızı və müstəqilliyimizi həzm etməyən qonşularımız, dünyada közü daim öz qarşısına çəkməyə çalışan geopolitik güclər, nəhəng transmilli şirkətlər və fikir bataqlığına çevrilmiş sosial şəbəkələr daim Azərbaycanı ikinci, üçüncü, dördüncü sinif kateqoriyasına çəkir.

Ancaq prezident İlham Əliyev BÖYÜK DÜŞÜNCƏ FƏRQİ ilə 30 ildir həsrətində olduğumuz Şuşaya bayraq sancaraq Azərbaycanda YENİ SİYASİ ETNOS formalaşdırır.

İlham Əliyevin bir şəxsiyyət kimi Azərbaycan tarixindəki missiyası məhz budur.

Taleh ŞAHSUVARLI