Virtual sorğular Əli Kərimli və Tural Abbaslını iqtidara alternativ edə bilməz Virtual sorğular Əli Kərimli və Tural Abbaslını iqtidara alternativ edə bilməz

Sosioloji sorğu, yoxsa sosial entropiya? - TƏHLİL

Virtual sorğular Əli Kərimli və Tural Abbaslını iqtidara alternativ edə bilməz

Üç gün öncə İrandan maliyyələşən yutub kanalların birində “Azərbaycanda növbədənkənar seçki olsa, kimə səs verərsiniz” sualı ilə bir sorğu təşkil edilib.

Sorğuya növbədənkənar seçkilərdə mümkün namizədlər kimi Azərbaycan prezidenti İlham Əliyevin, keçmiş Səhiyyə naziri Əli İnsanovun, AXCP sədri Əli Kərimlinin, VİP sədri Əli Əliyevin və AĞ partiya başqanı Tural Abbaslının adı daxil edilib.

Bir anlıq təsəvvür edək ki, bu siyasətçilərdən hər birinin çox yox, 2 min tərəfdarı anketə qatıldı, öz dəstəklədiyi namizədi önə çıxarmaq üçün virtual səs verdi. Yəni, 10 min nəfər İrandan maliyyələşən bir Youtub kanalında aktivlik nümayiş etdirdi. Bu səsvermədə kim udacaq?

Əlbəttə, İran udacaq, onun Azərbaycanın iç siyasətinə yönəlmiş məkrli əlləri güclənəcək.

Sonra kim udacaq?

Həmin səhifəni idarə edən İranın maşaları gedib sahiblərinə deyəcəklər ki, bəs, biz yaxşı işləyirik, öz vətənimizin, dövlətimizin əleyhinə fəaliyyət göstərərkən əlimizdən gələni edirik, sizə də bir zəhmət, pambıq əllər cibə…

Bax, bütün bunların yaxşı fərqində olduğu üçün Azərbaycan hakimiyyəti və İlham Əliyevin başçılıq etdiyi partiya bu cür sorğulara əhəmiyyət vermir.

İqtidar və hakim partiya bu cür sorğulara həm də ona görə əhəmiyyət vermir ki, onun gerçək ictimai rəyə də heç bir təsiri yoxdur.

Məlum həqiqətdir: sosioloji sorğular ya ictimai rəyi öyrənmək, ya da yönəltmək üçün təşkil olunur.

Azərbaycan iqtidarının əlində gerçək ictimai rəyi öyrənmək və gərəkəndə yönəltmək üçün olduqca ciddi resurslar mövcuddur.

Elə Azərbaycandakı müxalifər partiyalarının da hər şeyə rəğmən ictimai rəyi öyrənmək və ya yönəltmək üçün tərbiyə və etika sərhədlərini aşmış bir virtual kanaldan, həm də İran mollalarına maşalıq edən bir internet resursundan istifadə etməyə ehtiyacı olmamalıdır.

Amma bunun əvəzində nə görürük?

AXCP sədri Əli Kərimlinin və Ağ Partiya başqanı Tural Abbaslının üst-üstə Azərbaycanda elektoratın çox cüzi hissəsini, heç 0,001 faizini də təşkil etməyən tərəfdarları yüzlərlə saxta profil açaraq “ictimai rəyin sahibi bizik” mesajı vermək üçün yarışa çıxıblar.

Qoy, bu virtual sorğuda hər partiyadan uzaqbaşı 1000 adam iştirak eləsin, hərəsi də 10 saxta profil açıb ümumi sayı 10 minə yüksəltsin.

İranda trollmu yox?

Bəs, o trollar işə qarışaraq istədiyinə istədiyi qədər dəstək verəndə, AXCP və AĞ Partiya sədrləri üçün həqiqi tərəfdarlarının çəkdiyi əziyyət sosial entropiyaya, yəni enerjinin havayı yerə xərclənməsinə səbəb olmayacaqmı?

Mənim nə AXCP sədrinin, nə də AĞ partiyanın dərdini çəkmək kimi bir niyyətim var.

Sadəcə, anlatmaq istədiyim məsələ budur: İran maşaları Azərbaycan siyasətinə virtual müdaxilə edir, bizim ölkəni idarə etmək iddiasında olan siyasətçilər də bu tələyə rahatlıqla düşür.

Sabah, biri gün o qondarma sorğu başa çatandan sonra da İranın elan etdiyi rəqəmləri əllərinə bayraq alıb Azərbaycan iqtidarı ilə “nüfuz mübarizəsi” aparacaqlar.

Bu mübarizənin elmi bir əsası olacaqmı?

Xeyr!

Niyə olmayacaq, izah edim. Elmi əsaslara malik sosioloji sorğunun bəlli kriteriyaları var. Bir neçəsini sadalayıram:

- Respondentlər cavablarında səmimi və tərəfsizdirlər;

- Respondentlər rasional və şüurlu yanaşma sərgiləyirlər;

- Respondentlər qoyulan suallara cavab vermək üçün səriştəli və məlumatlıdırlar;

- Respondentlər araşdırmanın aparıldığı şərtlərə uyğun datalara çıxış imkanlarına malikdirlər.

- Respondentlər verilən suallara tədqiqatçının bilavasitə soruşduğu mənada cavab verə bilirlər.

- Respondentlər sualları könüllü şəkildə cavablandırırlar.

- Araşdırma şəraiti respondentlər tərəfindən verilən cavablara təsir göstərməməlidir.

- Sualları cavablanmaq prosesi respondentlərin əqidəsinə və düşüncəsinə hər hansı təsir göstərməməlidir.

- Suallara verilən cavabları tədqiqatçı müqayisə etmək imkanına sahib olmalıdır.

- Suallara heç bir halda yönəldici fəndlərlə cavab alınmamalıdır.

- Tədqiqatçı bilməlidir ki, respondentlər suala cavab verə bilmək üçün hansı məlumatlılıq səviyyəsinə malikdir.

Virtual sorğularda bu kriteriyaların hər hansı birini gözləmək mümkün deyil. Elə bu səbəbdən də virtual sorğular ciddi sosioloqlar və siyasətçilər üçün boş qazan danqıltısından savayı bir şey deyil.

Məsələnin başqa yönünə də baxaq.

Bir anlığa təsəvvür edək ki, ölkədə hər hansı səbəbdən növbədənkənar prezident seçkiləri elan olundu.

Qəfil elan olunan bu seçkilərdə sözügedən sorğuda adı keçməyən onlarla siyasətçidən biri və ya bir neçəsi- məsələn, ADP sədri Sərdar Cəlaloğli, AMİP sədri Arzuxan Əlizadə, Real sədri İlqar Məmmədov, Müsavat başqanı Arif Hacılı da iddia ortaya qoydu.

O zaman doğrudanmı Əli Kərimli, yaxud Tural Abbaslı bu siyasətçilərə özlərinin daha nüfuzlu olmasını isbat etmək üçün virtual sorğulara istinad edəcəklər?

Azərbaycan prezidenti İlham Əliyev 2003, 2008, 2013 və 2018-ci ildəki seçkilərdə dövlətin ən ali postuna iddiaçı olub və səsvermələri udaraq tam legitim hakimiyyət formalaşdırıb. Lakin bu da bir faktdır ki, arxada qalan dörd seçkinin heç birində İlham Əliyev indiki qədər yüksək nüfuza malik olmayıb. Məlum, II Qarabağ savaşındakı qalibiyyət İlham Əliyevin reytinqini ən yüksək həddə çatdırıb. Bəs, bu seçkilərin hansı birində AXCP sədri Əli Kərimli iştirak edib? Heç birində! Doğrudanmı, İlham Əliyevlə seçki marafonunda bir dəfə də olsun üz-üzə gəlməyə cəsarət etməyən Əli Kərimli reytinqinin ən yüksək mərhələsində dövlət başçısının əlindən iqtidar qopara bilər?

Mən AĞ partiya başqanı Tural Abbaslıya hər zaman hörmətlə yanaşıram. Gəncdir, iddialıdır, siyasətə rəng qatan adamdır. İllərlə can qoyduğu Müsavat partiyasının başqanlıq seçimlərində 450 mümkün səsdən heç 20-i də ala bilməmişdi. Doğma auditoriyasından 20 səs ala bilməyən Tural Abbaslının müzəffər Ali Baş Komandan İlham Əliyevi heç deməyək,- bu xülyanın belə sərhədlərini aşar- YAP-ın 700 min üzvündən cəmi 70 nəfərin dəstəyi ilə bələdiyyə seçkilərinə gedəcək bir namizədinin qarşısında duruş gətirmək imkanı varmı?

Yadımdadır, Müsavat partiyasının başqanı İsa Qəmbər postundan getdiyi ərəfədə bir analiz yazmışdım. Əsas sual bu idi ki, görəsən, xalq hərəkatının əsas simalarından olan, Elçibəy hakimiyyətinin rəsmi ikinci şəxsi sayılan, prezident vəzifələrini icra etmiş, Müsavat kimi tarixi brendə yiyələnmiş, bütün siyasi fəaliyyəti boyu Arif Hacılıdan və Qubad İbadoğludan çox-çox öndə olmuş İsa Qəmbərin bacarmadığı bir işi, yəni hakimiyyətə gəlməyi onun xələfi olmaq istəyənlər necə və hansı resurslarla bacaracaq?

Eyni sual Elçibəy hakimiyyətinin hər gün daha da daralan və marginallaşan auditoriyasına xitab edən bütün siyasətçilərə aiddir.

İllərdir müxalifətə ünvanladığım və hələ də konkret cavab ala bilmədiyim başqa bir soru da var.

Fərz edək ki, sabah sizin partiyalar birləşərək iqtidara gəldi. Bəli, sadəcə, fərz edək. MN, DİN, DTX kimi güc qurumlarını, Baş prokurorluq, Ali Məhkəmə kimi spesfik strukturları heç soruşmuram, Mərkəzi Bankın sədri, Xarici işlər, Təhsil və Səhiyyə nazirləriniz kim olacaq?

Əgər bir düşərgə topalanıb ölkənin valyutasını, diplomatik korpusunu, təhsil və səhiyyə sistemini idarə edəcək bircə ad çəkə bilmirsə, o qüvvələrin hakimiyyətə gəlməsi Azərbaycanın müstəqil dövlət kimi 30 il boyunca qazandığı uğurların üstündən yekə bir qara xətt çəkilməsi deməkdir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru