Azərbaycanın qazandığı tarixi zəfər, sadəcə, 44 günlük bir savaşın nəticəsi deyildi Azərbaycanın qazandığı tarixi zəfər, sadəcə, 44 günlük bir savaşın nəticəsi deyildi

Mehriban xanım Əliyeva Şuşada: Sevinc Gününə qatılan həqiqətlər

Azərbaycanın qazandığı tarixi zəfər, sadəcə, 44 günlük bir savaşın nəticəsi deyildi

İllər öncə Türkiyənin məşhur yazıçısı, Nobel mükafatçısı Orxan Pamukun “Qar” romanını oxuyanda ən təsirləndiyim cümlə bu olmuşdu: “Qarsın ruhu var”!

Düzü, heç zaman Qarsda olmamışam, odur ki, bu ruhun necə olduğunu, insanda hansı emosional izlər buraxdığını, təhtəlşüuruna necə hopduğunu bilmirəm. Əslən qarslı olan bir dostuma bu barədə sual verəndə isə, olduqca maraqlı bir cavab aldım. Dedi ki, bəli, Qarsın ruhu var və bu ruhun qaynağı daşlardan, divarlardan, qalalardan, məscidlərdən, kilsələrdən, tapınaqlardan, şəhərdəki evlərdən daha çox Azərbaycan mənşəli tərəkəmələrin həyat tərzidir.

Orhan Pamukun cümləsi məni həm də ona görə təsirləndirmişdi ki, uşaqlıq illərimdə Şuşanı görmüşdüm və o zaman ağlım belə şeyləri kəsməsə də, mistik bir şəhərin küçələrində dolaşdığımı illər keçdikcə daha dərindən hiss etmişdim.

Xan şəhəri Şuşanın ruhunda ağayanalıq, kübarlıq, zərafət, Qarabağın elat camaatının o zamankı həyat tərzindən qaynaqlanan azadlıq, dirəniş, cəsurluq, Pənahəli xanın saldığı şəhərə təbrizlilərin gətirdiyi- şəhərin ən qədim məhəllələrindən biri “Təbrizli” adlanır,- sufilik, gizəm, rituallaşan icma mərifəti, ədəb-ərkanı var. Bütün bu deyilən və deyilməyən özəllikləri bir kəlimədə toparlamalı olsaq, Şuşa Azərbaycanın LƏYAQƏT QALASIdır deyə və Şuşanı Azərbaycana, Azərbaycanı Şuşaya qaytaran Ali Baş Komandan İlham Əliyevin bu şəhər haqqında söylədiyi “işğal altında qaldı, amma ruhunu qorudu, ləyaqətini təslim etmədi” cümləsinin arxasında dövlət başçısına məxsus qeyri-adi tarix şüurunun və duyumunun dayandığını sezə bilərik.

Azərbaycan prezidenti bu günlərdə yenidən Şuşaya getdi, möhtəşəm “Xarı Bülbül” festivalı ilə bütün Azərbaycanı sevinc göz yaşlarına boğdu, hətta ara-sıra özü də kövrəldi.

Dövlət başçısı yol üstündə Xocəvənddə dayanmış, armudu stəkanda içdiyi çayın ləzzətini xalqla bölüşmüş, siyasi müşahidəçilərin diqqətindən yayınmayacaq bir şəkildə tarixdən silinmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərini bərpa etmək həvəsinə düşənlərə lazimi xəbərdarlıq etmişdi. O söhbətdə Prezident zarafatından da qalmamış, “operator həmişə olduğu kimi Mehriban xanımdır, bizi çəkir, amma özünü yox” deyə ZƏFƏR VƏ SƏFƏR YOLDAŞINA alicənab diqqət göstərmişdi. Bu epizod xeyli dərəcədə də rəmzi məna daşıyır. Ona görə ki, 8 noyabr 2020-ci ildə Azərbaycanın qazandığı tarixi zəfər, sadəcə, 44 günlük bir savaşın nəticəsi deyildi. Həm bu savaşa qədər, həm də savaş boyunca dövlətimiz və xalqımız təkcə müasir bir ordu qurmamışdı, bütün istiqamətlərdə sistemli fəaliyyət göstərərək "VUR" əmrinin veriləcəyi günə zəmin hazırlamışdı.

Bəli, heç bir savaş təkcə ordu gücünə, silah gücünə, ölümün üstünə şığımaqla qazanılmır, bir cəngi udmaq üçün hərbi faktor nə qədər önəmli olsa da, yetərli deyil. Bu yetərliliyi orduya qazandırmaq, xüsusən də ermənilər kimi son üç yüz ildə bütün geopolitik güclərin əlində maşa olmuş hiyləgər bir düşməni diz çökdürmək üçün bu dünyada ədalət savaşı, mədəniyyət savaşı, humanistlik və xeyirxahlıq savaşı da aparmaq lazım idi.

Mehriban xanım Əliyeva Azərbaycanda ilk dəfə birinci xanım institutu yaratmaqla, neçə-neçə ölkədə gerçəkləşdirdiyi önəmli layihələrlə Azərbaycan mədəniyyətini və dünyagörüşünü layiqincə təbliğ edən Heydər Əliyev Fonduna rəhbərlik etməklə, nəhayət, ölkənin birinci vitse prezidenti kimi dövlət işlərinə böyük töhfələr verməklə Vətən müharibəsinin ZƏFƏRlə tamamlanmasında misilsiz rol oynadı. Qələbənin ərsəyə gəlməsində müstəsna rol oynayan fədakar Azərbaycan qadınlarının, analarının, bacılarının təmsilçisi, obrazı kimi Mehriban xanım xalqın ən ağır günlərində bütün dünyaya Mətanət, Qürur, Dəyər, Səviyyə, Milli Ruh sərgilədi.

Heydər Əliyev Fondunun təşkil elədiyi “Xarı bülbül” festivalı Şuşanın işğaldan qurtarılmasından və Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsindən sonra ilk böyük tədbir idi. Eyni zamanda, mətin, qürurlu, səviyyəli, dəyərlərə söykənən, milli ruhlu bir tədbir olmaqla təşkilatçının- Mehriban xanım Əliyevanın KÜBARLIQ, MƏDƏNİYYƏT, SƏVİYYƏ FƏRQini dosta, düşmənə, xüsusən də vulqar və vandal düşmənə nümayiş etdirirdi.

“Xarı bülbül” festivalı Prezidentin çıxışı və möhtəşəm “Bayatı-Şiraz” muğamı ilə açıldı. Tacirin balaca vaxtında, Şuşanın işğalından çox-çox əvvəl “Qarabağ bülbülü” qrupunda oxuduğu ecazkar muğam müstəqil Azərbaycanda doğulmuş yeni bir istedadın məlahətli səsi ilə yaddaşlara həkk olundu.

Artıq yaddaşlarda iki “Bayatı Şiraz” var- Şuşanın işğalından öncəki və sonrakı.

Şuşanın işğaldan öncəki başqa bir adı Pənahabad idi, işğaldan sonrakı qeyri-rəsmi adı, əlbəttə, İlhamabaddır.

İşğaldan öncəki Şuşanın xalqın yaddaşındakı əsilzadə obrazı gördüyü böyük işlərlə Xurşudbanu Natəvan idi, azad Qalanın dirçəldilməsi bu baxımdan Mehriban xanım Əliyevanın adını şəhərin tarixinə yazacaq.

Bir şəhəri nə yaşada, nə böyüdə, nə bənzərsiz edə bilər?

Əlbəttə, mədəniyyət!

Mədəniyyətdən, mənəvi dəyərlərdən uzaq bir şəhərdə evlər tikilə, parklar salına, o parklarda uşaqlar oynaya, insanlar işləyə, sərvət toplaya bilər, amma o şəhər kimlik qazana, xalqın ruhunu təcəssüm etdirə bilməz.

Şuşada tikiləcək yeni məscidin sosial mediada yayılan, böyük ehtimalla təqdim edilmiş onlarla layihə içərisindən Mehriban xanım Əliyavanın xüsusi rəyi nəzərə alınmaqla seçilmiş eskiz göstərir ki, ƏZİZ ŞUŞA mədəni miras kimi qorunmaqla yanaşı, eyni zamanda, müasir kompozisiyaya çevriləcək. Prezident Əliyevin açıqlamalarından, Mehriban xanım Əliyevanın paylaşımlarından ŞUŞA RUHUnu əks etdirəcək bu kompozisiyanın beş əsas elementini belə sıralamaq olar:

1) İnsan;

2) Zamanın üç halı;

3) Mədəniyyət;

4) Təbiət;

5) Tutqu.

Şuşa hər zaman şeir olub, mahnılaşan poeziya olub. Şəhərlər RUHa malik olanda şeirləşir, DANIŞDIRIR VƏ YAZDIRIR!

Şuşa haqqında həmişə yazılacaq.

Amma Şuşada yazılan ən böyük mətn TARİXdir- Prezident İlham Əliyevin yazdığı tarix.

Tarixə çevrilməyən zaman vaxt itkisidir- Şuşa 28 ildən çox vaxtını itirmişdi və indi Prezident Əliyev Şuşada zamanı yenidən TARİXə çevirir.

Şanlı tarix üçün BÖYÜK SƏRKƏRDƏLƏRƏ, LİDERLƏRƏ ƏSL SİLAHDAŞLAR lazım, təbii.

İlham Əliyevi azad Qarabağa səfərlərində məhz ƏSL və ƏSİL SİLAHDAŞ- Mehriban xanım Əliyeva müşayiət edir.

Həm də son dərəcə təvazökar bir şəkildə!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru