"Dözməməliyik! Çarpışmalıyıq!" - MİRŞAHİN HƏYƏCAN TƏBİLİ ÇALDI

REAL TV rəhbəri: "Troya atı kimi “bəslənən” bütün qüvvələrin qarşısına BİZ çıxmalıyıq"

"Həmkarım Taleh Şahsuvarlıya!

Əziz Taleh, hörmətli həmkarım!

Doğrudan da təhdidlər ciddidir. Hər birimiz öz postumuzda sərhədçi olmalıyıq! Sosial Şəbəkələrdə də yazdığımız post Bir Nömrəli Post anlamına gəlməlidir. Bu gün xəbər Azərbaycanda sadəcə xəbər deyil, Xüsusi Təyinata malik Qüvvədir"!

Bu barədə Azərbaycanın duayen telejurnalisti Mirşahin öz Facebook statusunda yazıb. Azərbaycan ictimai rəyinə sosial şəbəkə kanalları vasitəsi ilə edilən ideoloji diversiya barədə danışan müəllif sözlərinə belə davam edib:

"Bizim sahəni qorumaq İlk Növbədə Bizim Vəzifəmizdir! Xaricdən desant atılan, daxildə Troya atı kimi “bəslənən” bütün qüvvələrin qarşısına BİZ çıxmalıyıq! Bunu etməyə BORCLİYUQ! Sosial şəbəkələrdə asayişi Sosial Məsuliyyət qorumalıdır! Nə qədər ki, Hüquqi Məsuliyyət mexanizmi müəyyən edilməyib! Düşünək: necə olur ki, Paşinyanın ünvanına yumşaq zarafat edən Eynulla Fətullayevin facebook səhifəsi dərhal bloklanır, amma Azərbaycanı, onun alidən sıraviyə hər bir vətəndaşını ən ağır küçə söyüşlərilə təhqir edən şəbəkə istifadəçisi ( xaricdə də, daxildə də) hər hansı qoruq-qaytansız fəaliyyət göstərməkdə davam edir?!? Deməli, burda bir qəsdənlik, qəsdlik, sui-qəsdlik var! Kim edir bunu? Hardan edir bunu? Söz azadlığı deyil bu, Söz Azğınlığıdır!!! Dözməməliyik! Çarpışmalıyıq! Yalanın üzərinə DOĞRUYLA getməliyik. Hansısa boşboğaz-populistin qara-qışqırığına əsla fikir vermədən! Dövlət üzərinə yürüdülən diversant-xəbərin qarşısına biz çıxmalıyıq! Sən. Mən. O. Biz. Siz. Onlar! Və burda heç birimiz əvəzlik deyilik. Özümüzük! Əvəzlik Yaramaz"!

AzNews.az