Tehran Rusiyanın İrana dəstəyini yüksək qiymətləndirib

Tehran Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasının tribunasından səsləndirdiyi fikirlərə görə Moskvaya təşəkkür edir.

Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a açıqlamasında deyib və Lavrovun çıxışını “əla” adlandırıb.

“Lavrovun çıxışı əla idi. Rusiyanın İrana qarşı möhkəm mövqeyinə, eləcə də Ali Rəhbərimiz Ayətullah Əli Xameneinin öldürülməsini pisləməsinə görə Rusiyaya təşəkkür edirik. Biz buna görə çox minnətdarıq”, – Cəlali bu məsələ ilə bağlı sualı cavablandırarkən bildirib.

Ötən həftə BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatları zamanı Lavrov bildirib ki, Rusiya İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin, onun ailə üzvlərinin, eləcə də İslam Respublikasının hərbi və siyasi rəhbərliyinin öldürülməsini “güc diktəsi”nin qəbuledilməz təzahürü hesab edir.

Lavrov həmçinin qeyd edib ki, “ötən iyunda başlayan ABŞ-İsrail təcavüzünün hədəfləri arasında təkcə İranın mülki infrastrukturu deyil, həm də MAQATE-nin təminatları ilə qorunan dinc nüvə obyektlərinin olması xüsusi narahatlıq doğurur”.

Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, bu hücumlar Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nüfuzuna, eləcə də nüvə silahlarının yayılmaması üzrə daha geniş sistemə düzəldilməsi mümkün olmayan zərər vurub.

Mövsüm,

AzNews.az