İranda qadınlara hərbi təlim keçirilir: 31 milyon qeydiyyat iddiası

İranda ABŞ-la davam edən qarşıdurma və bölgədə artan gərginlik fonunda başladılan mülki səfərbərlik tədbirləri çərçivəsində qadınlara hərbi təlimlərin keçirilməsi də gündəmə gəlib.

Tehrandakı Janfada Təlim Mərkəzində könüllü qadınlara əsas hərbi vəzifələr və silahdan istifadə qaydaları ilə bağlı təlim keçirildiyi görüntülənib.

İran dövlət televiziyasında yayımlanan görüntülərdə qadın könüllülərin dərslərdə iştirak etdiyi, praktiki təlim keçdiyi və hərbçilərin nəzarəti altında silahdan istifadə etdiyi görülüb. Bildirilib ki, qadınlar fövqəladə hallara hazırlaşmaq və ölkənin müdafiəsinə töhfə vermək məqsədilə proqrama qoşulublar.

“Ölkəmə qarşı məsuliyyət hiss edirəm”

Təlimçi Məsud Zare ölkənin müdafiəsində cəmiyyətin hazırlıq səviyyəsinin əhəmiyyətinə diqqət çəkərək deyib:

“Bir millət üçün ən mühüm çəkindirici amil həmin xalqın düşmənlə üz-üzə qaldıqda malik olduğu hazırlıq səviyyəsidir. Sülh üçün ən mühüm amil isə xalqın gücüdür.”

Təlim iştirakçılarından Fatimə İranın onun üçün vətənlə yanaşı, kimliyini, tarixini və mədəniyyətini ifadə etdiyini bildirərək ölkəsi qarşısında məsuliyyət hiss etdiyini deyib.

Digər könüllü Malakeh Dadashi isə proqrama qoşulmaqda məqsədinin ölkəsini müdafiə etmək və xalqının qorunmasına töhfə vermək olduğunu bildirib.

Janfada kampaniyasında 31 milyon qeydiyyat iddiası

Qadınlara keçirilən təlimlərin bu ilin mart ayının sonunda başladılan Janfada kampaniyasının bir hissəsi olduğu bildirilir.

İranlı rəsmilər kampaniyaya 31 milyondan çox şəxsin qeydiyyatdan keçdiyini açıqlayıblar. Bununla belə, bu rəqəmin müstəqil şəkildə təsdiqlənmədiyi və qeydiyyatın sayı ilə bağlı fərqli məlumatların olduğu qeyd olunur.

Kampaniya çərçivəsində qeydiyyatdan keçənlərin hamısının hərbi vəzifə yerinə yetirmək üçün müraciət etmədiyi bildirilir. Könüllülərin bir hissəsi xilasetmə işləri, sosial xidmətlər, mədəni fəaliyyətlər və maliyyə dəstəyi kimi sahələrdə fəaliyyət göstərmək istəyir.

1000 müqavimət batalyonunun yaradılması planlaşdırılır

Janfada çərçivəsində Tehranda mülki könüllülər üçün hərbi və fövqəladə müdaxilə təlimlərinin genişləndirildiyi bildirilir.

İran mediasında yayılan məlumatlara görə, kampaniya çərçivəsində 1000 milli müqavimət batalyonunun yaradılması və könüllülərin müxtəlif səviyyələrdə təlim keçməsi planlaşdırılır.

Tehranda ilk Janfada hərbi təlim mərkəzinin sentyabr ayında fəaliyyətə başladığı bildirilir. Burada könüllülərə atəş açma, silahdan istifadə, döyüş şəraitinə hazırlıq, axtarış-xilasetmə və yerli təhlükəsizlik kimi sahələrdə təlimlər keçirilir.

Oxşar mərkəzlərin digər şəhərlərdə də açılmasının planlaşdırıldığı qeyd olunur.

Səfərbərlik tədbirləri genişləndirilir

Janfada kampaniyasına İranla ABŞ və İsrail arasında qarşıdurmanın yaşandığı dövrdə, mart ayının sonunda başlanılıb.

Sentyabr ayında Tehranda keçirilən genişmiqyaslı tədbirlərdə də könüllülərin təşkilatlanması və müdafiə bölmələrinin yaradılması ilə bağlı planlar gündəmə gətirilib.

Tehrandakı Janfada mərkəzində qadın könüllülərə silahdan istifadə üzrə təlimlərin keçirilməsi kampaniyanın hərbi və mülki hazırlıq istiqamətlərinin genişləndirildiyini göstərən son addımlardan biri olub.

Mövsüm,

AzNews.az