Qütb okeanlarında iqlim dəyişikliyinin təsiri sürətlənir

İqlim böhranı qütb okeanlarının strukturunu sürətlə dəyişir.

Qütblərdə dəniz buzlarının əriməsi vəhşi təbiətin yaşayış mühitlərini məhv edərkən, Şimal Buzlu okeanı sularında temperaturun yüksəlməsi qlobal orta göstəricini dəfələrlə üstələyir.

Avropa İttifaqının “Copernicus” Dəniz Xidmətini idarə edən “Mercator Ocean International” tərəfindən hazırlanan 10-cu Okean Vəziyyəti Hesabatı yayımlanıb.

“Okeanlar sürətlə dəyişir”

Hesabatda Aralıq dənizi və Qara dənizdə rekord isti hava dalğalarından dəniz ekosistemlərindəki dəyişikliklərə və suların getdikcə daha çox turşulaşmasına qədər dünya okeanlarında baş verən dərin dəyişikliklər sənədləşdirilib.

“Mercator Ocean International”ın baş direktoru Pyer Bahurel hesabatla bağlı açıqlamasında “Mesaj kifayət qədər aydındır. Okean sürətlə dəyişir”, – deyib.

Qlobal istiləşmə

Hesabata görə, qlobal okean səthinin təxminən 20 faizini təşkil edən qütb bölgələri qlobal istiləşmənin ən sərt təsirlərinə məruz qalır.

1982-2024-cü illər arasında Şimal Buzlu okeanında dəniz səthinin və dəniz buzunun səth temperaturu ümumilikdə 4,2 dərəcə Selsi yüksəlib.

Bu artım hər onillikdə təxminən 1 dərəcəyə bərabərdir.

Dünya üzrə dəniz səthinin temperaturu isə eyni dövrdə hər onillikdə orta hesabla 0,12 dərəcə Selsi yüksəlib.

Temperatur artımının qarşısı alına bilmir

Sibirin şimalındakı Kara dənizində temperatur artımı daha yüksək həddə çatıb.

Bölgədə 1982-ci ildən bəri qeydə alınan temperatur artımı 6,7 dərəcə Selsiyə çatıb, onillik artım tempi isə 1,68 dərəcə Selsi təşkil edib.

Temperaturun yüksəlməsi ilə yanaşı, Şimal Buzlu okeanında dəniz buzunun sahəsi 1979-cu ildən etibarən hər onillikdə təxminən 500 min kvadratkilometr azalıb.

Bu ərimə sürəti hər 10 ildə İspaniyanın ərazisi böyüklüyündə buzlaq sahəsinin yox olması deməkdir.

Əriyən buzlaqlar Şimal Buzlu okeanının sahillərini birbaşa dalğaların təsirinə açaraq sahil eroziyasını gücləndirir, yaşayış məntəqələri və infrastruktur obyektləri üçün təhlükə yaradır.

“Dəniz buzu 1980-ci illərin əvvəllərindən bəri azalır”

Okean Vəziyyəti Hesabatının direktoru Karina fon Şukmann keçirdiyi mətbuat konfransında xəbərdarlıq edib:

“Şimal Buzlu okeanında dəniz buzu 1980-ci illərin əvvəllərindən bəri azalır. Bu da sahil infrastrukturunun təxminən 60 faizini eroziya və dəniz səviyyəsinin yüksəlməsi qarşısında həssas vəziyyətə salır”.

Pinqvin populyasiyası yox olmaq təhlükəsi ilə üz-üzədir

Planetin digər ucunda yerləşən Antarktidada buz itkisinin artması isə qitədəki imperator pinqvinlərinin populyasiyasını yox olmaq təhlükəsi ilə üz-üzə qoyur.

Çoxalma problemləri

Hesabatda bildirilir ki, 2022-ci ildə Antarktika dəniz buzunun rekord səviyyədə azalması ilə əlaqədar tarixdə ilk dəfə imperator pinqvinlər arasında genişmiqyaslı çoxalma uğursuzluğu qeydə alınıb.

Yaşamaq, qidalanmaq və çoxalmaq üçün sabit dəniz buzuna ehtiyac duyan imperator pinqvinlərinin balaları su keçirməyən lələkləri çıxmamış donmuş suya düşdükdə tələf olurlar.

2100-cü il

Nəsli təhlükə altında olan növlərlə bağlı beynəlxalq qurum hesab olunan Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) apreldə imperator pinqvinlərinin mühafizə statusunu “təhdidə yaxın” kateqoriyasından “təhlükədə” səviyyəsinə yüksəldib.

Hesabatda dəniz buzlarının itkisi hazırkı sürətlə davam edərsə, imperator pinqvin koloniyalarının 90 faizindən çoxunun 2100-cü ilə qədər demək olar ki, tamamilə yox ola biləcəyi vurğulanıb.

Mövsüm,

AzNews.az