- Dünyanın halı
- 14:24
- 763
İraq İrana uçuşları bərpa etdi: ABŞ sanksiyalarından yayınmaq üçün yeni addım
ABŞ-nin İrana qarşı təzyiqləri və sanksiya siyasəti davam edərkən, regionda hava nəqliyyatı ilə bağlı diqqətçəkən hadisə baş verib.
İraq Hava Yolları ABŞ-nin Tehranla əlaqəli aviasiya xidmətlərinə qarşı mümkün ikincil sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən Nəcəf hava limanında müvəqqəti dayandırılan İran uçuşlarını dünəndən etibarən bərpa edib.
Bununla belə, İranda fəaliyyət göstərən aviaşirkətlərə tətbiq edilən qadağanın hələ də qüvvədə olduğu bildirilir.
İran aviaşirkətlərinə qadağa davam edir
Nəcəf Beynəlxalq Hava Limanında yüksək vəzifəli mənbə bildirib ki, İran aviaşirkətlərinin hava limanına enişinə icazə verilməsi ilə bağlı Bağdad hökumətindən onlara hələlik rəsmi göstəriş daxil olmayıb.
Bağdad Vaşinqtondan istisna tələb edib
Uçuşların bərpası prosesi barədə məlumat verən mənbənin sözlərinə görə, İraqın Baş naziri Əli Zeydi ABŞ-yə səfərindən sonra xarici işlər naziri Fuad Hüseynə İran uçuşları məsələsində Vaşinqtonla danışıqlar apararaq İraq hava limanlarının sanksiyalardan kənarda saxlanılması üçün təşəbbüs göstərməyi tapşırıb.
Mənbə bildirib ki, Hüseyn məsələni ABŞ rəsmiləri ilə müzakirə edib və Nəcəf Beynəlxalq Hava Limanının sanksiyalardan kənarda saxlanılması ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub.
Danışıqlar zamanı İran uçuşlarına yerüstü xidmətlərin İraq Hava Yolları tərəfindən göstərilməsi variantının da müzakirə edildiyi qeyd olunur.
Uçuşlar dayandırılmışdı
İraq hökuməti ABŞ Maliyyə Nazirliyinin sentyabrın 8-də 27-si İran aviaşirkəti olmaqla 36 qurumu sanksiya siyahısına daxil etməsindən sonra İraq ilə İran arasındakı uçuşları dayandırmışdı.
Mövsüm,
AzNews.az