Orta Dəhlizə 55 milyard dollar sərmayə: Azərbaycan üçün imkanlar artır - ŞƏRH

Dünya Bankının yeni hesabatı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta Dəhlizin qarşıdakı 15 il ərzində sadəcə tranzit xətti deyil, regional iqtisadi artım platformasına çevrilməsi üçün böyük həcmli investisiyalara ehtiyac olduğunu göstərir. Bankın hesablamasına görə, 2040-cı ilədək dəhlizin fiziki infrastrukturunun inkişafına ən azı 25 milyard ABŞ dolları, onu milli iqtisadiyyatlarla daha sıx birləşdirəcək logistika, terminal, hərəkət heyəti və rəqəmsal sistemlərə isə əlavə olaraq təxminən 30 milyard dollar yönəldilməlidir. Beləliklə, söhbət ümumilikdə 55 milyard dollardan artıq investisiya ehtiyacından gedir.

Burada əsas məsələ sərmayənin yalnız dəmir yollarının, limanların və avtomobil yollarının genişləndirilməsinə yönəldilməsi deyil. Dünya Bankının yanaşmasına əsasən, Orta Dəhlizin gələcək rəqabət qabiliyyəti onun ayrı-ayrı ölkələrdəki infrastrukturunun keyfiyyətindən daha çox bütün marşrut boyunca fasiləsiz işləyə bilməsindən asılı olacaq. Yəni Qazaxıstanda dəmir yolu, Xəzərdə dəniz daşımaları, Azərbaycanda liman və dəmir yolu infrastrukturu, Gürcüstan və Türkiyədə isə Avropa istiqamətində bağlantılar eyni logistika zəncirinin hissələri kimi fəaliyyət göstərməlidir. Bu zəncirin hər hansı həlqəsində gecikmə yarandıqda bütün marşrutun sürəti və etibarlılığı aşağı düşür.

Əslində, Orta Dəhlizə marağın artmasının iqtisadi səbəbləri son illərdə daha aydın görünür. Qlobal ticarətdə təchizat zəncirlərinin şaxələndirilməsi, geosiyasi risklər və alternativ marşrutlara ehtiyac şirkətləri daşımaların yalnız bir istiqamətdən asılılığını azaltmağa sövq edir. Dünya Bankı hesab edir ki, düzgün investisiyalar və institusional islahatlar həyata keçirildiyi halda dəhliz üzrə ticarət həcmi 2040-cı ilədək üç dəfədən çox arta, səyahət müddəti isə yarıya qədər azala bilər. İnfrastruktur sərmayələri ticarət və nəqliyyat prosedurlarının səmərələşdirilməsi ilə birləşdirilərsə, yük həcmlərinin dörd dəfəyə qədər yüksəlməsi və tranzit müddətinin üçdə ikiyə qədər azalması mümkündür.

Bu potensial Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Ölkənin coğrafi mövqeyi Orta Dəhlizin Xəzərdən keçən hissəsində onu əsas tranzit mərkəzlərindən birinə çevirir. Lakin tranzit gəlirlərinin artması üçün yalnız coğrafi üstünlük kifayət etmir. Yük sahibinin marşrut seçimi zamanı əsas meyarlar arasında çatdırılma müddəti, tariflərin proqnozlaşdırıla bilməsi, sərhəd prosedurlarının sürəti, yükün təhlükəsizliyi və xidmətlərin davamlılığı dayanır. Buna görə də Azərbaycanın tranzit imkanlarının iqtisadi gəlirə çevrilməsi üçün dəhlizin bütün iştirakçıları arasında koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Dünya Bankının hesabatında diqqət çəkən məqamlardan biri də 25 milyard dollarlıq əsas infrastruktur ehtiyacının böyük hissəsinin artıq layihələndirilmiş və ya icra olunan layihələrlə əlaqəli olmasıdır. Bankın qiymətləndirməsinə görə, ən kritik 16 infrastruktur layihəsinin 75 faizi artıq icradadır, qalan layihələr isə hökumətlərin planlarına daxil edilib və yaxın müddətdə həyata keçirilməsi gözlənilir. Bu isə göstərir ki, növbəti mərhələdə məsələ yalnız yeni tikinti layihələrinin maliyyələşdirilməsi deyil, mövcud investisiyaların vahid logistika sistemi daxilində maksimum səmərə verməsidir.

Azərbaycan baxımından Bakı Limanı, dəmir yolu şəbəkəsi və Xəzər üzərindən daşımaların əlaqələndirilməsi bu zəncirin mühüm elementlərindəndir. Eyni zamanda Orta Dəhlizin iqtisadi effektini artırmaq üçün tranzit yükün ölkə ərazisində yalnız keçməsi deyil, onun ətrafında əlavə xidmət və istehsal fəaliyyətinin formalaşması vacibdir. Logistika mərkəzləri, anbarlar, yük terminalı xidmətləri, gömrük və rəqəmsal logistika həlləri, eləcə də yüklərin çeşidlənməsi və emalı kimi fəaliyyətlər tranzit dəhlizinin nəqliyyat layihəsindən daha geniş iqtisadi ekosistemə çevrilməsinə imkan yaradır. Dünya Bankının əlavə 30 milyard dollarlıq “təminedici” investisiyaları ayrıca vurğulaması da məhz bu yanaşma ilə bağlıdır.

Rəqəmsallaşma isə burada ayrıca iqtisadi əhəmiyyət daşıyır. Bir neçə ölkədən keçən multimodal marşrutda eyni yük üzrə müxtəlif sənədlərin təkrar hazırlanması, məlumatların ayrı-ayrı sistemlərə daxil edilməsi və sərhəd prosedurlarının fərqli qaydalarla aparılması vaxt itkisi yarada bilər. Dünya Bankı buna görə vahid rəqəmsal dəhliz sisteminin yaradılmasını və nəqliyyat, tranzit və ticarət məlumatlarının vahid giriş nöqtəsində birləşdirilməsini prioritet istiqamətlərdən biri kimi göstərir. Bu model tətbiq olunduğu halda sənəd dövriyyəsinin sadələşdirilməsi ilə yanaşı, yükün marşrut boyunca izlənməsi və logistika proseslərinin əvvəlcədən planlaşdırılması da asanlaşa bilər.

Marşrut üzrə artıq böyük həcmli investisiya prosesinin başladığını ayrı-ayrı layihələr də göstərir. Məsələn, Dünya Bankı 2026-cı ilin fevralında Qazaxıstanın Orta Dəhliz hissəsində dəmir yolu bağlantısını gücləndirmək üçün 846 milyon dollarlıq zəmanət hesabına 1,41 milyard dollar uzunmüddətli kommersiya maliyyəsinin səfərbər edilməsini təsdiqləyib. İyunda isə Gürcüstanın dəmir yolu və avtomobil infrastrukturu üzrə 372 milyon dollarlıq TC-GATE layihəsi təsdiqlənib. Türkiyədə İstanbul boğazı üzərindən dəmir yolu yükdaşıma imkanlarını artıracaq layihəyə də Dünya Bankı 2 milyard dollar maliyyələşmə ayırıb. Bu nümunələr Orta Dəhlizin ayrı-ayrı seqmentlərinin paralel şəkildə modernləşdirildiyini göstərir.

Nəticədə Orta Dəhlizin qarşıdakı mərhələdə iqtisadi əhəmiyyəti daşınan yükün həcmindən daha geniş göstəricilərlə ölçüləcək. Əsas məsələ marşrutun nə qədər sürətli, etibarlı və proqnozlaşdırılan olması, eləcə də tranzit fəaliyyətinin keçdiyi ölkələrdə nə qədər əlavə iqtisadi dəyər yaratmasıdır. Dünya Bankının hesablamalarına görə, investisiyalar və səmərəlilik islahatları uğurla əlaqələndirilərsə, dəhliz üzrə artan ticarət həcmləri 2040-cı ilədək iştirakçı ölkələrin ümumi daxili məhsulunu 3,3 faiz artıra və əlavə 2 milyon iş yeri yarada bilər.

Bu baxımdan 55 milyard dollardan artıq investisiya ehtiyacı Orta Dəhliz üçün sadəcə maliyyə göstəricisi deyil, onun inkişaf modelinin dəyişdiyini göstərən rəqəmdir. Marşrut artıq yalnız Şərq ilə Qərb arasında yük daşıyan xətt kimi deyil, dəmir yolu, liman, logistika, rəqəmsal xidmətlər və istehsal imkanlarını birləşdirən regional iqtisadi platforma kimi nəzərdən keçirilir. Azərbaycanın bu sistemdəki mövqeyinin iqtisadi nəticəsi isə infrastrukturun genişlənməsi ilə yanaşı, tranzit xidmətlərinin keyfiyyəti, logistika zəncirinin inteqrasiyası və ölkə daxilində yaranan əlavə dəyərin miqyasından asılı olacaq.

Nuray,
AzNews.az