İranın yeni prezidenti İbrahim Rəisi ölkəsinin gerçək problemlərini həll edə bilməyəcəyindən süni gündəm və “düşmən obrazı” yaradır İranın yeni prezidenti İbrahim Rəisi ölkəsinin gerçək problemlərini həll edə bilməyəcəyindən süni gündəm və “düşmən obrazı” yaradır

“Höccət”in höcətliyi, yoxsa dünyanı düzgün oxumamağın “kompensasiya”sı? - ANALİZ

İranın yeni prezidenti İbrahim Rəisi ölkəsinin gerçək problemlərini həll edə bilməyəcəyindən süni gündəm və “düşmən obrazı” yaradır

Bu ilin avqust ayında İran İslam Respublikasının yeni prezidenti seyid İbrahim Rəisi and içərək vəzifəsinin icrasına başladı. Rəisinin and içməsindən və vəzifəsinin icrasına başlamasından dərhal sonra Azərbaycan Xarici işlər nazirliyi İranın Bakıdakı səfirini inzibati binasına dəvət etməyə, “İslam Respublikası”ndan Xankəndidəki seperatçı qalıqlarına müəmmalı yüklər daşınması ilə bağlı nota verməyə məcbur oldu. Azərbaycan prezidenti İlham Əliyevin açıqlamasına görə, rəsmi Bakı İranın bizdən xəlvət Xankəndiyə yük göndərməsinə əvvəlcə qeyri-rəsmi qaydada, məlumatlandırma və məsləhətləşmə əsasında son qoyulmasına çalışmış, lakin göstərilən xoş məram nəticəsiz qalmışdı. Məhz bundan sonra İran səfirliyinə rəsmi şəkildə nota verilmişdi.

Azərbaycan 1991-ci ildə yenidən müstəqillik qazandıqdan bəri Bakı və Tehran arasında zaman-zaman gərginliklər yaşanmış, amma İran heç zaman Azərbaycana bu qədər açıq şəkildə qəzəb, nifrət və çamur püskürməmişdi. Dünyadan təcrid vəziyyətində yaşayan, iqtisadi və siyasi baxımdan acınacaqlı vəziyyətdə olan, səhiyyə sistemi COVİD-19 pandemiyasında çökən İran Azərbaycanın ötənilki Qarabağ savaşında qazandığı tarixi zəfərdən sonra, xüsusilə, Araz sahilində keçirdiyi təlimlərlə qarnındakı qurdları çölə elə töküb ki, artıq onunla “ortaq tarixi və mədəni dəyərlər”dən danışmağa belə dəymir. İran Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il boyunca Ermənistana əba altından verdiyi dəstəyi artıq gizlətməyə belə lüzum görmür, açıqdan-açığa Ermənistanın hamisi kimi çıxış edir. Bu, əlbəttə, İran üçün heç bir strateji uğur vəd etməyən siyasətdir. Heç şübhəsiz, tarixi Azərbaycan torpaqlarında “Ermənistan” adlı süni dövlət qurmuş Rusiya Qafqazdakı ənənəvi maşasını Tehrana peşkəş edəcək deyil.

Odur ki, İranın qalib Azərbaycanın deyil, məğlub və yesir Ermənistanın yanında yer almasını nə praqmatizm, nə də rasionalizm baxımından hər hansı məntiqə bağlamaq mümkündür. Tehranın Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə zəhər-zəmbərəklə, təhdidlə, yumşaq desək, islam və şiə dünyasının başını aşağı edəcək şəkildə reaksiya verməsi İranın beynəlxalq münasibətlər üzrə ekspertlər tərəfindən hər zaman fərqləndirilmiş diplomatik zəkasına da tamamilə ziddir. Zənnimcə, bütün bu ziddiyyətləri İranda hakimiyyəti yenidən ələ keçirmiş əyalət mollalarının dünyanı və bölgəni düzgün oxuya bilməməsi ilə izah etmək mümkündür. Bu məsələlərdə Ərdəbilin imam cüməsi Həsən Amiliyə ciddi bir amil kimi baxmaq böyük yanlış olardı. O, sadəcə, əllaməçilik edir. Ən böyük əyalət mollası elə İranın yeni prezidenti İbrahim Rəisinin özüdür və Azərbaycana qarşı mollakratiyanın kin-küdurətini latent fazadan çıxardıb bütün təfsilatı ilə ortaya qoyan məhz onu hakimiyyətə gətirən prosesdəki dinamitlərdir.

Foto internetdən götürülüb

2021-ci ilin yayında İranda keçirilən seçkilərdə seçicilərin yarıdan çoxu iştirak etməyib və iranşünaslar bu faktı elektoratın ayətullah Xamneyinin “seçki mühəndisliyi”nə qarşı passiv etirazı kimi xarakterizə edirlər. Bir neçə ildir İranda söhbət gəzir ki, İranın dini lideri və dövlətin faktiki sahibi, yaşı xeyli irəliləmiş və orqanizmi sağlıq problemlərini dəf etməyə çətinlik çəkən Xamneyi öz yerinə ya oğlu Müctəbanı, ya da İbrahim Rəisini hazırlayır. Ancaq iş ondadır ki, İranın dini lideri ola bilmək üçün İbrahim Rəisiyə “ayəttulah” titulu lazımdır, o isə, “höccət-ül-islam”dır. Rəisi 2017-ci ildə də prezidentliyə namizəd olmuş, amma Həsən Ruhaniyə böyük hesabla uduzmuşdu. Görünür, İranda “reformator” sayılan qüvvələr Xamneyinin kombinasiyalarına yetərincə müqavimət göstərə bilmədilər və 2021-ci ildə əllərinin arxasını yerə qoydular. Xamneyi seçimdən dərhal sonra elektoratın əksəriyyətinin səsverməyə getmədiyini görməzlikdən gələrək bəyan etdi ki, səsvermədə İran xalqı qalib gəldi və düşmənin muzdlu mediasının, dar düşüncəlilərin və pis niyyətlilərin təbliğatı puç oldu.

Göründüyü kimi, Xamneyinin fikrincə, Rəisi İran üçün yeni üfüqlər açacaq, dünyata geniş pəncərədən boylanacaq, kafirlərin pis niyyətini gözlərində qoyacaqdı. Amma bütün bunların əvəzində o baş verir ki, Rəisi qoca Şərqin Azərbaycandan 61 il sonra elan edilmiş (o da geridəqalmış teokratiya sistemi ilə) respublikasındakı təmtəraqlı hakimiyyət süfrəsinin qırağında bardaş qurmamış Azərbaycana diş qıcadı, öz muzdlu mediasının və dar düşüncəli mollalarının ağzını pozdu, “üfüq genişliyi” isə ancaq Ermənistanın başının üstündəki qara buludlaracan çatdı.

İbrahim Rəisi 1960-cı ildə Məşhəd şəhərində ruhani ailəsində doğulub və atası seyid Hacını 5 yaşında olarkən itirib. İlk təhsilini Məşhəd və Qum mədrəsələrində alıb. Azərbaycandakı İran trolları onun hüquq üzrə ali təhsil aldığını iddia etsələr də, həm İranda, həm də İrana maraq göstərən beynəlxalq miqyaslı mediada onun ali təhsilinin olmaması vurğulanır. 1979-cu ildəki İran İslam İnqilabının fəallarından, bəzi iddialara görə, ABŞ səfirliyinə hücumun əsas təşkilatçılarından olan Rəisi dünyəvi hüquq və ali fiqh təhsilinə malik olmasa da, 20 yaşında prokuror təyin olunub, ölkənin baş prokuroru vəzifəsinə qədər yüksəldilib. Onun siyasi və hakim elitaya daxil olması, hazırda İran prezidenti kürsüsündə oturmasının əsasında ancaq bir faktor dayanır- Xamneyiyə şəxsi sədaqət! Təsadüfi deyil ki, 2017-ci ildə seçkiləri uduzan Rəisi məhz Xamneyi tərəfindən ölkənin baş prokuroru vəzifəsi ilə ödülləndirilmişdi. Ancaq bu vəzifədə o, özünü doğrulda bilmədi, populizmə yuvarlandı və təkcə sistemdəki peşəkarların tənqidinə tuş gəlmədi, həmçinin çarşı-bazarda haqqında lətifələr danışılmağa başladı. Hərçənd bu lətifələrdən fərqli olaraq, Rəisinin bioqrafiyasında heç də gülməli hadisələr yer almır. İsrailin Xarici işlər naziri Yair Lapid onu “Tehran qəssabı” adlandımışdı və bu ləqəb Rəisinin hələ imam Xomeyninin sağlığında- 1988-ci ildə 30 min nəfərədək solçu müxalifi edam etməsinə işarə idi.

Rəisi iqtidarının qarşısında həllini gözləyən üç ciddi “ana maddə” var:

- İranın nüvə silahı ilə bağlı problemləri;

- Orta şərqdəki münaqişələr;

- ABŞ-ın, NATO-nun Əfqanıstandan çıxmasından sonra “Taliban”ın yaratdığı reallıq.

Maraqlı deyilmi, nədən İranın yeni, amma Xamneyinin “qara qutusu” olan prezidenti bu üç ciddi və tarixi səciyyə daşıyan problemlərlə maraqlanmaq, onları çözmək, başqa sözlə, xarici siyasətinin əsas prioritetləri ilə məşğul olmaq əvəzinə, Qafqazda Azərbaycan prezidentinin Ermənistana endirdiyi “Dəmir yumruq”la çözülmüş bir münaqişənin küllərini eşələməklə vaxt keçirir? Yadınızdadırsa lap başda yazmışdım: “Bütün bu ziddiyyətləri İranda hakimiyyəti yenidən ələ keçirmiş əyalət mollalarının dünyanı və bölgəni düzgün oxuya bilməməsi ilə izah etmək mümkündür”. Dünyanı və bölgəni düzgün oxuya bilmək üçün bir dövlət başçısına savad, səriştə, oturduğu kürsünün haqqını verən liderlik keyfiyyətləri lazımdır. Rəisi isə bu keyfiyyətlərə malik olmadığından vəzifəsini Xamneyi ilə yaxınlığına və bu yaxınlıqdan istifadə edərək çevirdiyi intriqalara borcludur. Deməli, savadsız, intriqant və populist Rəisiyə öhdəsindən gələ bilməyəcəyi gerçək problemlərdən yayınmaq üçün süni gündəm və “düşmən obrazı” lazımdır. Azərbaycan məhz bu məqsədlə hədəf seçilib. Dəfələrlə demişəm, İranın Azərbaycana qarşı hədə və təzyiq siyasəti “psixoloji savaş”dan o tərəfə keçə bilməz. Əks halda, Azərbaycan da daxil olmaqla, bütün sərhədləri boyunca İrana girəcək qonşu və uzaq dövlətlər Tehranı bir həftəyə yeni dünya müharibəsinin nəticələrinin müzakirə ediləcəyi konfrans şəhərinə çevirər. Ancaq yaxşı olar ki, Tehrandakı analitik mərkəzlər bir suala da cavab axtarsınlar: “sionizmə xidmət” İranın gerçək problemlərini bir kənara qoyub, süni gündəm və düşmən obrazı yaratmaq deyilmi? Məsələ bu cürdür və məhz bu cür olduğu üçün də İran “sionistləri” quzeydə- Azərbaycan Respublikasında deyil, elə öz hakimiyyətinin zirvə nöqtələrində axtarmalıdır. İsrail həqiqətən ağıllı və güclü dövlətdir, bu cür işləri ustalıqla həyata keçirə bilir!

Taleh ŞAHSUVARLI