Dövlət əlilləri sosial müdafiə sistemindəki zəlilərdən necə xilas edir? - ŞƏRH

Süni ajiotaj yaratmaq istəyənlərə faktlarla cavab

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün mətbuat konfransı keçirib. Onun toplantıda dediyinə görə, 2016-cı ildə heç bir müayinə keçirilmədən əlilliyi olan şəxslərin əlillik müddəti 5 il uzadılıb:

"Bu səbəbdən müəyyən vətəndaşlar müddəti diqqətdən qaçırırlar. Ona görə müraciət edirəm ki, əlillik müddəti bitməmiş tibb müəssisəsinə müraciət etsinlər. Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanuna müvafiq dəyişiklik aparılır, buna əsasən əlilliyi olan şəxslər hətta müddət bitəndən gecikib 6 ay sonra müraciət etsə də, ona əlillik müraciət etdiyi vaxtdan yox, əlillik müddəti bitdiyi dövrdən təyin edilir. Yəni, əlillik müddəti bitəndən 6 ay sonra da müraciət etsələr, əvvəlki itirilmiş dövrün təqaüdünü də alacaq, heç bir itki olmayacaq. Son 3 ildə sosial ödənişlər 60 faiz artıb, burada 2,4 milyard manatdan söhbət gedir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərlə bağlı məsələləri açıq şəkildə gündəmə gətirməsi, ittihamlara cavab verməsi, ortaya konkret faktlar qoyması, əlbəttə, təqdirəlayiq haldır. Az qala hər gün müşahidə edilir ki, sosial şəbəkələrdə qərəzli şəkildə Azərbaycan hökumətinin sosial siyasətinə kölgə salan, heç bir əndazəyə sığmayan, fakta söykənməyən paylaşımlar edilir, guya “200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi tamamilə əsassız olan, süni ajiotaj yaratmağa yönələn dezinformasiyalar dövriyyəyə buraxılır. Məqsəd bəllidir: Əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa çalışırlar. Heç kimə sirr deyil ki, vətəndaşlara saxta əlillik dərəcələrinin verilməsi üçün bir sıra nazirliklərdə korrupsiya mexanizmi formalaşmışdı, indi həmin mexanizmin sıradan çıxarılması kimlərinsə böyük məbləğdə vəsaitdən məhrum olması deməkdir. Əslində isə, gerçəklik tam fərqlidir.

Əvvəla, əlilliyə görə sosial ödənişin kəsilməsi halları barədə ortada heç bir fakt yoxdur. Belə bir faktın ortaya çıxması hətta nəzəri cəhətdən mümkün deyil ona görə ki, müvafiq sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Sadəcə, əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tbbi sənədlərini vaxtlında toplamalıdır.

Deyək ki, hər hansı şəxs əlilliyinin təkrar qiymətləndirilməsi, yəni əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verib, göndəriş əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olub. Belə hallar nəzərə alınaraq humanist yanaşma məqsədilə bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşdirilir.

Başqa sözlə, ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir.

Həm birinci, həm də ikinci Qarabağ savaşının iştirakçısı olmuş əlil vətəndaşlarımızla bağlı iddialar da əksər hallarda təsdiqini tapmır. Statistika göstərir ki, Birinci Qarabağ müharibəsi iştirakçılarının böyük qisminin əlillik müddəti təkrar qiymətləndirmə zamanı uzadılıb. Hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsi üçün əyani müayinələr aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə və videoçəkilişləri də aparılmaqla keçirilir. Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və həmin müddətin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş şəxslərin sağlamlıq vəziyyətinə onların özlərinin iştirakı ilə əyani baxış keçirilir və bunun əsasında qərarlar qəbul olunur. Şəxsin özünün iştirakı ilə və çəkilişlə aparılan qiymətləndirmə prosesi necə fərqli məcraya yönələ bilər?

Deməli, əlillik təyinatına haqqı çatan hər bir şəxsə əlillik dərəcəsi təyin edilir.

Lakin sağlam ola-ola uzun illər ərzində hər ay əlilliyə görə sosial ödəniş alanlar, dövlətin güzəşt və imtiyazlarından bəhrələnənlər təkrar qiymətləndirmədən keçə bilmirlər. Beləliklə əyani müayinə zamanı diaqnozunun təsdiqini tapmaması, sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas yaratmaması səbəbindən əlillik təyin edilməyənlər də olur. Həmin şəxslərin bundan dolayı narazılığı heç bir halda haqlı ola bilməz. Çünki əlillik statusunun buna haqqı çatmayan insanlara verilməsi qanunazidd olmaqla yanaşı, əlilliyi olan şəxslərin hüquqlarının da pozulmasına, onlara qarşı ədalətsiz yanaşmaya, haqqı çatmayanların əlillərin haqqına ortaq olmasına gətirib çıxarar.

Sosial şəbəkələrdə ona da rast gəlinir ki, bəzi hallarda bu və ya digər şəxs uzun illər ərzində əlilliyə görə sosial ödəniş aldığını, bu il isə onun əlillik müddətinin uzadılmadığı üçün sosial ödəniş ala bilmədiyindən, bunun onun maddi rifahına mənfi təsir etməsindən gileylənir. Uzun illər ərzində əlillik statusu daşıyan şəxsin həmin dövrdə sağlamlığı qaydasına düşə bilər. Növbəti əlilliyin qiymətləndirilməsi zamanı onun sağlamlıq vəziyyətinin artıq əlillik təyinatına əsas vermədiyi (reabilitasiya olunduğu) müəyyən oluna və bu səbəbdən ona təkrar əlillik təyin edilməyə bilər. Yaxud əvvəlki dövrlərdə əsas olmadan əlillik təyin edilmiş şəxsə növbəti təkrar qiymətləndirmədə əlillik vəziyyətində olmadığı üçün əlilik təyin edilməyə bilər. Uzun illər əlillik statusu daşımaq və əlilliyə görə sosial ödəniş almaq heç də təkrar qiymətləndirmə zamanı mütləq əlillik təyin edilməsini şərtləndirmir.

Çünki əlilliyin qiymətləndirilməsi şəxsin hazırkı mövcud sağlamlıq vəziyyəti nəzərə alınaraq aparılır.

Bəzi hallarda isə, bu və ya digər şəxsin aztəminatlı olduğu və buna görə ona əlillik təyin edilməli olduğu fikri qabardılır. Lakin əlillik - əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır və əlillik dərəcələri də bu fiziki, psixi, əqli, hissiyyat pozuntuları olduqda təyin edilir. Aztəminatı ailələr üçün ünvanlı sosial yardım proqramı, yaxud aktiv məşğulluq proqramları vardır və hər bir aztəminatı ailə bu proqramlara müraciət edərək faydalana bilər.

Yada salaq ki, hər xəstəlik, xəsarət, yaralanma əlilik vəziyyəti yaratmır. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin (I,II,III dərəcə əlilliklərin) və uşaqların sağlamlıq imkanları məhdudluğunun hansı xəstəlik və xəsarət hallarında təyin edildiyi aydın şəkildə göstərilib. Əliliyin qiymətləndirilməsi bu Əsasnamənin tələbləri əsasında aparılır. Anadangəlmə, xəstəlikdən, yaxud xəsarətdən yaranan əqli, fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması müşahidə olunduqda əlillik təyinatına dair qərar çıxarılır.

Bəzən bu və ya digər şəxs səhiyyə müəssiəsi tərəfindən onun barəsində elektron sistemə göndəriş daxil edilməsi ilə ona mütləq əlillik təyin edilməli olduğunu düşünür, lakin göndəriş qiymətləndirmənin aparılması üçün sənəddir, əlillik təyin olunub-olunmaması barədə qərar isə tibbi-sosial ekspertiza xidmətinin apardığı qiymətləndirmə nəticəsində verilir.

Amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar.

İşdən agah olanlar təsdiq edir ki, son illər əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunun funksional imkanları, inteqrasiya dairəsi xeyli genişləndirilib. “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” adlı yeni altsistem də tətbiq edilib. Bu yeniliklər də tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması imkanlarını artırıb.

Bütün bunlar bir andaca baş verməyib, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə aparılan geniş miqyaslı sosial islahatların nəticəsidir. Aparılan işlər nəticə etibarilə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara dəstəyin daha da gücləndirilməsi məqsədi daşıyır. Faktlara baxaq:

- Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir.

- 2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur. Əlillik qrupu təyin olunduqdan sonra əlilliyə görə sosial təminat növləri üzrə ödənişlərin (əmək pensiyası və ya aylıq sosial müavinət, təqaüd) təyinatı da elektron sistem üzərindən, proaktiv şəkildə həyata keçirilir.

- Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı və həssaslıqla yanaşılır. Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir.

- Ilk növbədə Komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır.

- Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Əlillik təyinatından dərhal sonra onlara da proaktiv qaydada olmaqla e-sistem üzərindən onlara müvafiq sosial ödənişlər təyin edilib.

- Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütamadi olaraq artırılır. Xüsusilə də son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib.

- Eyni zamanda, dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

- Müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər təqaüdlə yanaşı, əlilliyə görə aylıq müavinət və ya pensiya ilə də təmin edilirlər. Eləcə də bütün kateqorioyalardan olan I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aylıq təqaüd ödənilir.

- Şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib və dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) 2021-ci ildə verilməsi işləri aparılır ki, artıq 1850-si verilib. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq bu il Nazirlik tərəfindən verilən mənzillərin sayı 2200-ə çatır;

- Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı sahəsində də işlər davam edir: 2021-ci ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7615 nəfər əlilliyi olan şəxs 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaqla təmin edilib.

- Reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və son iki ildə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avanadlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib.

- Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib.

SOSİAL İNFORMASİYA AGENTLİYİ