- Redaktor masası
- 21 Yanvar 2022 14:46
- 11 854
İctimai vicdan Kərim Şükürovun istefasını təqdir edir, amma qəbul etmir

Azərbaycanın gerçəkdən işıqlı adamların əzilməsinə, sıradan çıxarılmasına imkan verməməliyik
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib və toplantıda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun ünvanına tənqidi fikirlər səsləndirib.
Mən Kərim müəllimi uzun illərdir tanıyıram- 1991-ci ildən, 14 yaşımdan. Sevimli müəllimim olub. Öz müəllimimin tənqidə, polemikaya nə qədər dözümlü olduğunu da bilirəm, etik qaydalara, ədəb-ərkan normalarına, subardinasiya prinsiplərinə həssas yanaşmasını da.
Əgər Kərim Şükürovun timsalında elmindən, zəhmətindən, prinsiplərindən başqa güvənməyə hər hansı dayağı olmayan bir ziyalı, institut direktoru üsyan etdisə, bu, nə emosional partlayiş idi, nə qulağına səs dəymək, nə də PA-dakı yüksək mpvqeyini itirmiş, AMEA-ya “fəxri təqaüdə” göndərilmiş Ramiz Mehdiyevə qarşı cəbhədə yer almaqla siyasi divident qazanmağa ümid etmək... Bizim Kərim müəllimin açıq və kəskin etirazı tutduğu COVİD-ə qarşı ağır müalicə kursu keçdiyi günlərdə AMEA rəhbərliyinin diqqətindən kənarda qalmasına qarşı da deyildi.
Bir andaca mediada və sosial şəbəkələrdə rezonans doğuran bəyanatın arxa planını tarixçi Boran Əzizov açıqlayır. Boran müəllimin”Moderator.az” saytına verdiyi açıqlamanın xülasəsi belədir ki, Kərim Şükürov AMEA-nın Tarix institutunda baş direktor vəzifəsi tutduqdan sonra bir neçə samballı kitab nəşr etdirib, tədqiqat mövzularının və metodologiyasının müasir standartlara uyğunlaşdırmaq üçün institutda islahatlar aparıb, yumşaq desək, qeyri-akademik yollarla akademik karyera sahibi olmaq istəyənlər üçün qırmızı işığa çevrilib. Bu cür qətiyyətli addımlar qarşısında bineyi-qədimdən intriqa yuvası olmuş elmi müəssisədə donoslara, qarayaxmalara, şantajlara məruz qalmamaq mümkün deyil, əlbəttə.
Bax, bu məqamda AMEA prezidentinin akademik hesabatları, planları, yaradılmasına çalışılan intellektual mühitin üstündən keçib Tarix instututunun fəaliyyətinə donoslar üzərindən qiymət verilməsini Kərim Şükürov kimi dürüst və prinsipial bir ziyalı əsla sindirə bilməzdi.
Kərim Şükürov
- Son dərəcə peşəkar, Ziya Bünyadovdan sonra akademik baxımdan Azərbaycan tarix elminin ən ağır topudur;
- Həmişə yenilikçi, çağdaş və sistemlidir;
- Milli, təmiz və dürüstdür;
- İntriqadan, mənfəətpərəstlikdən, yerliçilikdən, qohumbazlıqdan uzaq əsl ziyalıdır;
- Vəzifə və şöhrət umurunda da olmaz!
- Xarakterli, qətiyyətli, prinsipaldır.
- Onun ictimai gücü mən də daxil olmaqla on minlərlə Azərbaycan övladına aşıladığı tarix bilinci və milli məfkurədir.
İctimai vicdan Kərim Şükürovun AMEA Tarix institutunun baş direktorluğundan istefa verməsini ziyalı prinsipallığı baxımından təqdirlə qarşılayır, ancaq qəbul etmir.
Dqqətinizi bir məqama da çəkim. AMEA prezidentinin Rəyasət Heyətinin iclasında Tarix institutu, Kərim Şükürov haqqındakı haqsız iradlarına- ki, bunun nə anlama gəldiyini hər kəs yaxşı başa düşür- toplantıda heç kim etiraz etməyib, öz alim həmkarının müdafiəsinə qalxmayıb.
Sadəcə, bu fakt göstərir ki, AMEA-da hansı mühit mövcuddur, 37-ci ilin “ziyalıları” Azərbaycanın gerçəkdən işıqlı adamlarının əzilməsinə, sıradan çıxarılmasına necə şövqlə dəstək verir.
Bəli, Kərim Şükürov kimi bir peşəkarın tutduğu vəzifədən istefa verməsi elmin AMEA-dan, tarixin akademiyanın müvafiq institutundan istefa verməsi, ziyanın, ziyalılığın intriqa yuvasında hörümçək torlarına düşüb məhv olmasıdır.
Mən rasional düşünməyin tərəfdarıyam.
Azərbaycana bir dövlət olaraq, bizə bir xalq olaraq, elm cameəsinə bir örnək olaraq Kərim Şükürovun AMEA Tarix institutundakı vəzifəsindən getməsi lazımdır, yoxsa orada qalaraq Azərbaycan tarix elmini ucuz pafosdan və saxtakarlıqdan təmizləyib dünyaya qəbul etdirməsi?
Professor Şükürovun vəzifəsindən və AMEA-dan getməsi Azərbaycana, Azərbaycan elminə heç nə vermir. Kərim müəllimin iqtidarın qarşısına “ya mən, ya Ramiz Mehdiyev” şərti qoyması da heç bir yöndən mümkün və real deyil.
Qalır bircə yol: cəmiyyət kimi, dövlət də Kərim Şükürova sahib çıxmalı, onu indiki postunda saxlamalı, əgər istefa qərarından daşınmazsa, bütün hallarda professorun böyük potensialından elm adına, gələcək adına istifadə etməyi bacarmalıdır.
P.S: Bu yazı hazır olanda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıqlama verdi ki, Tarix institutunda toplantı gedir, amma iclasa qatılmayan direktor Kərim Şükürovu tapa bilmirlər. Belə ucuz variantlar və söhbətlərlə Azərbaycanda elmi bir yana çıxarmaq mümkün deyil.
Taleh ŞAHSUVARLI