Faktı üzə çıxaran jurnalist dövlət rəsmilərinə müraciət etdi Faktı üzə çıxaran jurnalist dövlət rəsmilərinə müraciət etdi

Laçındakı “Ağzıbir” mağarasında erməni vandallığı - VİDEO

Faktı üzə çıxaran jurnalist dövlət rəsmilərinə müraciət etdi

"Laçın rayonu Ermənistanın işğalı altında olduğu müddətdə Qarıqışlaq kəndi yaxınlığındakı "Ağzıbir" adlanan qədim insan yaşayış məskənində ağlasığmaz vandallıq aktı törədilib".

Bu barədə 6-8 sentyabr 2022-ci il tarixində Laçında ezamiyyətdə olan AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı məlumat verib. Baş redaktor aşkar etdiyi vandallıq faktı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Anar Ələkbərov və Hikmət Hacıyevə, Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənova, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikultiralizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevaya və Mədəniyyət naziri Anar Kərimova müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

Çox hörmətli dövlət rəsmilərimiz!

Mən AzNews.az analitik-informasiya portalının baş redaktoru olaraq 06 sentyabr-08 sentyabr 2022-ci ildə prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə gerçəkləşmiş 44 günlük şanlı savaş nəticəsində işğaldan azad olunmuş Laçın rayonunda səfərdə olmuşam. Səfər zamanı babalarımın yurdu olan Laçın rayonunun Qarıqışlaq kəndini ziyarət etmişəm.

Orta məktəbdə oxuduğum illərdə bütün yay tətillərim Qarıqışlaq kəndində keçdiyindən həmin ərazini xeyli dərəcədə tanıyıram. Odur ki, kəndin yaxınlığında və “Ağ qaya” adlanan yüksəklik istiqamətində yerləşən qədim “Ağzıbir” mağarasına da baş çəkdim. Bu mağara təkcə Laçın rayonunda və Azərbaycanda deyil, bütün dünyada ən qədim insan yaşayış məskənlərindən biridir. Mağaranın ustalar tərəfindən xüsusi yonulmuş qapısı və iki pəncərəsi var. Dəqiq xatırlayıram ki, mağaranın başında daşdan yonulmuş xüsusi taxt vardı. Bu taxtın orta hissəsi daha qəlbi, sağ və sol hissələri isə nisbətən aşağıda idi. Bu da görənlərdə belə bir rəy yaradırdı ki, ortadakı qəlbi hissədə çar, onun bir tərəfində çarın xanımı, digər tərəfdə isə, vəliəhd şahzadə otururmuş. Yaddaşım məni aldatmasın deyə Bakıya qayıtdıqdan sonra Qarıqışlaq kəndində doğulmuş, böyümüş və ixtisasca tarixçi olan bir neçə qohumumdan da bu barədə soruşdum. Onlar da təsdiq etdilər ki, məsələ yaddaşımda düz qalıb, mağaranın yuxarı hissəsində gerçəkdən də daşdan yonulmuş taxt varmış.

Lakin “Ağzıbir” qədim yaşayış məskənini ziyarət etdiyim zaman məlum oldu ki, Laçın rayonu işğal altında olduğu müddətdə erməni vandalları tarixi abidəyə böyük maddi ziyan vuraraq mağarada daşdan yonulmuş həmin taxtı sökərək aparıblar. Eyni zamanda taxtın ən qəlbi hissəsinin altında hazırda təxminən 40-50 santimetrlik quyu gördüm. Bu da onu göstərir ki, taxtın yerində qazıntı aparılıb. Quyunun simmetrikliyinə görə ehtimal oluna bilər ki, oradan dəfinə də tapılıb. Təxmin etmək çətin deyil ki, həmin daş taxt və əgər tapılıbsa, dəfinə Ermənistan tərəfindən müəyyən müddət sonra tamam başqa yerlərdə “aşkarlanaraq” “qədim erməni mədəniyyəti” kimi təqdim olunacaq.

Odur ki, bu müraciəti Sizlərə ünvanlayaraq həmin əraziyə mütəxəssislərdən ibarət ekspedisiya göndərilməsini, vandallıq faktlarının sənədləşdirilməsini və məsələnin müvafiq beynəlxalq təşkilatlar, o cümlədən UNESKO qarşısında qaldırılmasını xahiş edirəm".

Müraciətə əlavə olunan və Taleh Şahsuvarlı tərəfindən “Ağzıbir” mağarasında çəkilən videonu təqdim edirik.