Ermənistana sülh müqaviləsini indikindən də gücsüz halında imzalatmalıyıq Ermənistana sülh müqaviləsini indikindən də gücsüz halında imzalatmalıyıq

Zəngəzur döyüşləri: Paşinyanın avantürası, ordumuzun qətiyyətli cavabı - ANALİZ

Ermənistana sülh müqaviləsini indikindən də gücsüz halında imzalatmalıyıq

Zəngəzur döyüşləri üç əsas nəticə ortaya çıxardı:

- Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Birinci Qarabağ savaşında çəkdiyi süni sərhədləri darmadağın edərək demkarkasiya və delimitasiya prosesi üçün dəqiqliyə bir qədər də yaxınlaşdırdı. Ona görə "bir qədər" deyirəm ki, Azərbaycan və Ermənistan arasındakı real sərhəd həm tarixi planda, həm də praktiki olaraq sovet dövrünün sərhədləri deyil. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin parlamentində çıxışında suveren ərazilərinin 29,800 kv. kilometr olduğunu iddia edir. Halbuki beynəlxalq sənədlərdə Ermənistanın 29,743 kv. km əraziyə malik olduğu göstərilir. Bu fərq ondan yaranır ki, Ermənistan Birinci Qarabağ Müharibəsindən sonra öz sərhədlərini Azərbaycan torpaqları hesabına genişləndirib.

- Qarabağ məsələsi bitdiyi halda, Azərbaycan və Ermənistan arasında konflikt davam edir. Bu konfliktin səbəbkarı birmənalı olaraq Ermənistandır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq, sülh müqaviləsi imzalamaq, qanunsuz zəbt etdiyi torpaqlarını qaytarmaq istəmir. Eyni zamanda Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və "Zəngəzur dəhlizi"ni açmaq istəmir. Bunun müqabilində Azərbaycan tarixi torpaqları olan Qərbi Zəngəzura iddia etməli olacaq.

- İsbat olundu ki, Ermənistanın Azərbaycana qarşı istənilən yeni eskalasiyası Gorus, Basarkeçər, Qarakilsə, Qafan, Meğri və bu kimi tarixi ərazilərimizin Vətənə birləşdirilməsini sürətləndirəcək.
Bu prosesdən yayınmaq üçün Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalı, şərtlərimizi qəbul etməlidir. Amma Ermənistan buna nə qədər söz versə də, etmək istəmir və edə bilmir. Özləri prosesi zamana yaymağa meyillidir, üstəlik, icazə ilə hərəkət edirlər. Azərbaycan ictimai rəyində mövcud olan təsəvvürlərin əksinə olaraq, Nikol Paşinyan sülh müqaviləsi imzalayacaq qədər ciddi fiqur deyil. Ermənistan MTN-nin sabiq rəhbəri mikrofon önünə çıxıb "onu niyə həbs edə bilmədik" sualına cavab verirsə, Ermənistan xüsusi xidmət orqanları hökumət başçısının bəyanatına düzəliş vermək məcburiyyətində qalırsa, Nikolu ciddiyə almaq lazım deyil. Ümumiyyətlə, Azərbaycan öz siyasətini Nikol üzərində qurmur. Bizim aydın və konkret hədəflərimiz var və Ermənistanda iqtidarda kimin olmasından asılı olmayaraq bu hədəflər gerçəkləşməlidir.

Zəngəzur döyüşləri Ermənistanın hərbi revanş potensialının olmadığını bir daha üzə çıxardı. Hərbi gücünü 44 günlük savaşda, o cümlədən Zəngəzur döyüşlərində xeyli dərəcədə itirən Ermənistan ordusu siyasiləşib. 44 günlük müharibədən sonra şəxsi heyətini və arsenalını bərpa edə bilmək üçün ciddi planlar reallaşdıra bilməyib. Nikol Paşinyan bunu Ermənistan parlamentində açıq ifadə etdi: "Pulumuz olsa belə, bizə silah satan yoxdur. Silah satmaq istəyənlər var, amma onların da silahı yoxdur". Ancaq bu açıqlama bizi arxayın salmamalıdır. Ermənistana silah satmaq istəyənlər tapılacaq. Bu, İran, Fransa, Hindistan, o cümlədən "qara bazar" olacaq. Ermənistan terrorçulara üz tutacaq. Hələ ki, Rusiyadan qorxduqları üçün açıq bazarlığa çıxa bilmirlər. Bununla belə, tendensiyanı diqqətdə saxlamalıyıq.

Zəngəzur savaşı göstərdi ki, Ermənistanın beynəlxalq təhlükəsizlik qübbəsinin ozon qatı da yırtıqdır. Bu, proqnozlaşdırılan idi. Çünki dünyada heç kim başqasının yerinə vuruşmur. Bir ölkə digərini silahlandıra, təlim keçə, diplomatik müstəvidə dəstəkləyə bilər, amma heç kim öz ordusunu başqasının yerinə döyüşməyə yollamaz. Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il ərzində bunu biz də görmüşdük. KTMT, BMT, Avropa İttifaqı, Avropa Şurası- əlində hərbi rıçaq olan və olmayan istənilən beynəlxalq təşkilat ən yaxşı halda Ermənistana məsləhət verəcək, bəyanat yayacaq, lakin kimsə öz dərin maraqlarını qoyub Qafqazın süni dövləti naminə Azərbaycanı, Türkiyəni və Türk dünyasını qarşısına almayacaq. BMT Azərbaycanla bağlı 4 qətnamə qəbul etmişdi, digər beynəlxalq təşkilatlar qalaq-qalaq bəyanatlar vermişdi, 30 il boyunca Ermənistan hansını vecinə aldı?

Ermənistanın Zəngəzurda törətdiyi təxribat Brüssel danışıqlarında üzərinə götürdüyü öhdəliklərdən imtinası deməkdir. Prosesin böyük fotosuna baxmaq lazım. Qərb hakimiyyətə gətirdiyi Nikolu məcbur edir ki, Rusiyadan uzaqlaş, Ermənistanı Kremlin orbitindən çıxar. Bunun üçün Nikola Ermənistanda anti-Rusiya ovqatının güclənməsi lazımdır. Nikol yaxşı bilir ki, KTMT, o cümlədən Rusiya ən azı indiki mərhələdə, Ukraynada hərbi məqsədlərinə heç vəchlə çata bilmədiyi halda Azərbaycanı və Türkiyəni qarşısına alaraq özünə yeni cəbhə açmaz. Ona görə də, bir tərəfdən ölkəsində anti-putinizmi qızışdırmaq, digər tərəfdən də Kremlə xoş görünmək üçün Brüssel danışıqlarındakı öhdəliklərindən imtina etdi.

Zənnimcə, nə Qarabağda, nə də Zəngəzurda uzunmüddətli eskalasiyalar mümkündür. "Uzun müddətli eskalasiya" dedikdə illər deyil, 1 həftədən 3 ayacan çəkəcək hərbi əməliyyatlar nəzərdə tuturam. Bununla belə qısa müddətli, lokal və həm Ermənistandakı daxili siyasi paradiqmalara, həm də geopolitik şərtlərə əsaslanan hərbi operasiyalar qaçılmazdır. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ermənistan "Zəngəzur dəhlizi"ni açmalıdır. Bu, məhz dəhlizdir ona görə ki, Bəyanatda hərəkətin maneəsiz və fasiləsiz həyata keçirilməsindən söz edilir. Azərbaycanın tam ixtiyarı var ki, Ermənistandan həmin dəhlizi hərbi güc hesabına alsın. Ermənistan gec-tez bu dəhlizi də verəcək, sülh müqaviləsi də imzalayacaq. Sadəcə, bunu indikindən zəif və gücsüz halında etsə yaxşıdır.

Ermənistanla savaşın xarakteri dəyişib. Müharibə hibriddir. Hibrid müharibə hər iki olkədə siyasi hakimiyyətlərdən çevik manevrlər və gözlənilməz basqılar tələb edir. Odur ki, Azərbaycan ordusunun komandanlığı ilk növbədə Zəngəzur döyüşlərini geniş təhlil etməli, diversiyalara qarşı hazırlığı artırmalıdır. Düşmən yeni mərhələdə hərbi diversiyaları intensivləşdirəcək. Eyni zamanda, ölkənin siyasi rəhbərliyi və xüsusi xidmət orqanları Zəngəzur döyüşləri zamanı cəmiyyətdə üzə çıxan boşluqları, ictimai rəyə vurulan məqsədli zərbələri diqqətlə incələməlidirlər. İrandakı molla rejiminin əlaltıları, keçmiş SSRİ DTK-nın siyahısı Azərbaycanda olmayan casusları, qeyri-sistemli müxalifət, marginal qruplar, AXCP və Müsavatın timsalında siyasi revanş üçün Ön Cəbhədən uğursuzluq xəbərləri gözləyənlər, erməni diasporunun təsirində olan "mühacirlər", Fətullah Gülən simpatizanları, davamlı olaraq hakimiyyətin desentralizasiyası üçün çalışan mənşəyi müəmmalı tullantılar və s. prezident İlham Əliyevin intellektual müdafiə xəttinin keşikçilərini hədəfə gətirəcəklər. Dövlət və prezident İlham Əliyevin intellektual müdafiə xətti heç bir halda şantaja boyun əyməməlidir.

Taleh ŞAHSUVARLI