82 yaşlı Pelosi Qafqazı qarışdırmağa gəlib 82 yaşlı Pelosi Qafqazı qarışdırmağa gəlib

Ermənilərin gözüyaşlı NƏNəSi İrəvanda - ŞƏRH

82 yaşlı Pelosi Qafqazı qarışdırmağa gəlib

ABŞ Nümayəndələr Palatasının spikeri Nənsi Pelosi Ermənistanda səfərdədir.

82 yaşlı amerikan siyasətçisi İrəvana təyyarədən tünd yaşıl geyimdə düşdü. Öz siyasi karyerası ərzində dəfələrlə geyimləri ilə siyasi mesajlar verən Pelosinin uçağın trapında "hərbi rəng"də görünməsininin səbəbini anlamaq çətin deyil.

ABŞ Rusiyaya, İrana, Türkiyəyə, Azərbaycana, hətta Gürcüstana əzələ nümayiş etdirir, "Qafqazda bizim hərbi maraqlarımız var" deyir.

Ermənistanla müharibə şəraitində olduğumuzdan bu mesaja bizim daha həssas yanaşmağımız təbiidir, ancaq təşvişi biz deyil, regiondakı bütün dövlətlər keçirməlidir.

Bu sətirlərin müəllifinin şərhlərini davamlı oxuyanlar bilirlər, dəfələrlə yazmışam: Kollektiv Qərb iqtidara gətirdiyi Nikol Paşinyandan Ermənistanı Rusiyanın kontrolundan çıxarmasını tələb edir. Bu tələbin gerçəkləşməsi üçün fiziki coğrafiya baxımından Ermənistanın Türkiyəyə ehtiyacı var. Çünki Ermənistanın Qərbə çıxışı ancaq Türkiyə üzərindən mümkündür. Kollektiv Qərb Türkiyəyə təzyiq göstərməklə Ankaranın Ermənistana verdiyi "müasir dünyaya çıxış" qarşısında İrəvandan tələblərini minumuma endirməyə çalışır. Ancaq Türkiyənin dövlət ənənəsi, siyasi və diplomatik təcrübəsi, hərbi regional güc kimi özünə inamı bu təzyiqləri sıfırlamağa yetərlidir. Odur ki, öz xarici və hərbi siyasətini Türkiyə ilə uyğunlaşdıran Azərbaycan üçün də Ermənistanın Rusiyanın kontrolundan çıxıb "kollektiv Qərb"ə üz tutması elə bir ciddi fərq yaratmır, hətta proses olaraq bizim üçün tarixi fürsətlər yaradır. Ermənistanın iqtisadiyyatı, siyasi elitası və ordusu Rusiyanın kontrolundadır. Ukrayna savaşı başlayandan sonra sanksiyalarla üzləşmiş rus biznesmenləri Ermənistandan para transferi üçün gen-bol istifadə edir. Bütün bunların qısa, orta və uzun vədədə Rusiyanın kontrolundan çıxarılmasına Kreml göz yuma bilməz. Nikol Paşinyan iqtidarının Qərbə doğru atacağı istənilən konkret və qəti addım Ermənistanda vətəndaş savaşı ilə nəticələnəcək. Bu isə, bizi tarixi arzularımızın ötəsinə- Ermənistansız Qafqaza daşıya bilər.

Bu gün İran hər nə qədər qarşımızda və Ermənistanın yanında mövqe tutsa da, ABŞ-ın onun şimal sərhədlərində möhkəmlənməsi Tehran rejimini də fakt qarşısında qoyur. İşğaldan azad olunan torpaqlarımızda fəaliyyət göstərən inək, camış fermalarında İsrail çobanları və sağıcıları axtaran mollalar əmmaməsini qarşısına qoyub düşünməlidir: ABŞ-ın kontroluna keçən və daimi öz torpaqlarını genişləndirmək arzusunda olan Ermənistan onun işinə nə qədər yarayacaq?

Nensi Pelosinin səfəri Ermənistandan Rusiya hərbi bazalarının çıxarılmasına və Ermənistanın KTMT-dən üz döndərməsinə yaşıl işıq yandırılması, bu prosesi aparmaq üçün İrəvana cürət verilməsidir. BMT-dəki son müzakirələri yada salanda, ehtimal etmək olar ki, ABŞ Ermənistana Hindistanın əli ilə silah verməyə də cəhd göstərəcək.

Əgər xatırlayırsınızsa, Nikol Paşinyan "Qarabağ münaqişəsinin tənzimlənməsində" digər dövlətlərin sülhməramlılarının da bölgəyə gəlişinin zəruri olmasından dəm vurmuşdu. Eyni zamanda, Ermənistanın bütün səyləri ATƏT-in Minsk Qrupunun dirçəldilməsinə yönəlib. "Ağ ev" isə bu yaxınlarda ranqlı bir diplomatını Qafqaz üzrə məmur və ATƏT-in Minsk Qrupuna həmsədr təyin edib. Bütün bunların heç kimin yadırğamayacağı açıq izahı budur ki, ABŞ 44 günlük savaşda başı əzilmiş Ermənistana "sahib çıxmaqla" Rusiyanın bölgədəki aparıcı rolunu məhdudlaşdırmaq və Putinə göz dağı vermək istəyir. Bu, İrəvanın əli ilə Qərbin bölgədə yeni eskalasiya başlatması deməkdir, ancaq Qafqazın yenidən aktiv münaqişə ocağına çevrilməsi, Rusiya üçün "əlavə problemlər" yaranması Ukrayna savaşı kontekstində "Ağ ev" üçün əppəyin üzərinə sürtüləcək yağdır. "Ağ ev" yağlı əlini Türkiyənin, hətta nə qədər qəribə olsa da, Gürcüstanın da başına çəkmək niyyətindədir. Məşhur "Vilson prinsipləri"nə görə, Ermənistan dənizə çıxışı olan bir ölkə olmalı idi. Ermənistanın ümumdünya su hövzəsinə açılması- Qara dənizə çıxması üçün Gürcüstan və Türkiyə ərazi bütövlüyündən vaz keçməlidir. Pelosi İrəvana səfəri ilə bağlı açıqlamasında "erməni genosidi"nə xüsusi vurğu salması, Baydenin "genosid"i tanıdığını bəyan etməsi İrəvanda "soyqırım qurbanları"nın abidəsi önündə dəsmal çıxardıb hönkürməsi 82 yaşlı qarının kövrək duyğularının deyil, sərt əsəblərinin təzahürü idi. Bir də artistizminin!

Noyabrın 8-də ABŞ Nümayəndələr Palatasına yeni seçkilər keçiriləcək. Pelosi palataya Kaliforniyadan namizəddir və ermənilərin ən çox məskunlaşdığı ştatda Demokrat Partiyasının namizədlərinin qələbəsinə məsul fiqurdur. Səsvermə yaxınlaşdıqca saçlarını siyasətdə ağartmış qarı PR-na diqqəti artırır, özünü ştatda, ölkəsində və bütün dünyada gündəmə gətirir. Pelosinin seçki ianələri toplaması işində erməni diasporu hər zaman fəal dəstək verib, siyasət və dövlət xadimi kimi çevrəsində erməni mənşəli fiqurlar cəmləşib. İndi həmin erməni mənşəli fiqurların bir qismini və böyük maddi gücə sahib olan iş adamı, əyyaşlığı bütün dünyaya car çəkilmiş ərini də götürüb İrəvana gəlib. Yeri gəlmişkən, Nənsinin özü də, əri də investordur və bir müddət sonra onun ailəsinə yaxın şirkətləri Ermənistanda görsəniz, təəccüblənməyin. O, "invenstor siyasətçi" kimi o qədər qazanır ki, seçki kampaniyası aparmaq üçün lazım olandan az məbləğ topladıqda şəxsi kisəsindən təşviqata milyonlar, on milyonlar xərcləməyə tərəddüd eləmir. Pelosi 8 noyabr seçkilərində uduza, özü uduzmasa belə, respublikaçılar səsvermədə onun yenidən seçilməsinə şans yaratmayacaq qələbə qaza bilər.

Ancaq siyasət, xüsusən də geosiyasət bəlkələr üzərindən atılan addımlar deyil. Azərbaycan bütün təzyiqlərə, hədələrə, şantajlara sinə gərərək ATƏT-in Minsk Qrupunun dirçəldilməsinə, bölgəyə yeni beynəlxalq güclərin girişinə imkan verməməlidir.

İkincisi, Rusiyanı təşviq edərək Ermənistanın işğalçı qoşunlarının qalıqlarını Xankəndi və çevrəsindən çıxarılmalı, oranı xuntadan təmizləməliyik.

Üçüncüsü, Nikol Paşinyanın NƏNəSi okeanın o tayından vurub gələrək Qafqazda maraqlarını qabardırsa, regionu qan çanağına döndərmək üçün planlar qurursa, biz niyə öz milli maraqlarımız, ərazi bütövlüyümüz naminə Qərbi Zəngəzuru "bufer zona"ya çevirməyək?

Sual oluna bilər: Biz dünyanın supergücü ABŞ-ı qarşımıza alıb bütün bunları edə bilərikmi?

Bəli, edə bilərik!

Əvvəla, 8 noyabrdan, ABŞ-dakı seçkilərdən sonra Nənsi Pelosi də daxil ABŞ-da heç bir siyasətçi ermənilərin nə hayına, nə də vayına o qədər də həssas olmayacaq.

Digər tərəfdən, Azərbaycanın ABŞ-la masaya oturmaq imkanları həmişə var və yəqin ki, ABŞ-ın xarici siyasətinə təsir edən Britaniya, İsrail kimi müttəfiqlərimiz, yəhudi lobbisi də bizim maraqlarımızı müdafiə edəcək.

Ən başlıcası, qarı "sevilib" qapı örtülündən sonra ABŞ Qafqazda kiminlə danışmaq lazım gəldiyini erməni diasporunun təsiri ilə müəyyən etməyəcək.

Taleh ŞAHSUVARLI