Ermənistanla sülh danışıqları və AXC-nin sərhədlərinə qayıdış - I YAZI

Paşinyanın ailə qəzetinin son manipulyasiyası

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbəri olduğu “Haykakan Jamanak” qəzeti Azərbaycanın Ermənistan qarşısında beş tələb irəli sürməsi barədə məlumat yayıb.

Həmin məlumata görə, rəsmi Bakının tələbləri bunlardır:

1. Qarabağdakı separatçıların “müdafiə ordusu” buraxılır;

2. Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır, heç bir status olmur, hətta muxtariyyət belə;

3. Ermənistan ərazisindən keçən dəhliz verilir (Zəngəzur dəhlizi);

4. Sərhədin delimitasiya və demarkasiyası 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilir;

5. İtkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilir;

Ancaq 1-ci, 2-ci və 4-cü tələblərdə nəşr, daha doğrusu Paşinyan ailəsi, çox böyük ehtimalla manipulyasiya edir.

Əvvəla, Azərbaycan Qarabağla bağlı Ermənistanla heç bir danışıq aparmır, bu mövzunu gündəmdən çıxardıb. Bu barədə həm Azərbaycan, həm də Ermənistan rəsmiləri daha öncə məlumat verib.

Azərbaycanın tələbi Xankəndi və çevrəsindəki işğalçı Ermənistan ordusunun qalıqlarının tam ləğvi barədə ola bilər. Bu da kifayət qədər haqlı və qanuni tələbdir ona görə ki, bir dövlət başqa bir dövlətin ərazisində birbaşa və dolayı yolla silahlı qüvvə saxlaya, yaxud silahlı birliklərin fəaliyyətinə maliyyə, texniki və insan resursları baxımından dəstək verə bilməz.

Rəsmi Bakının Azərbaycan və Ermənistan arasında mümkün Sülh Sazişinin mətnində vaxtilə Azərbaycanın SSR-nin tərkibində olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı hər hansı formada xüsusi bənd salınmasında maraqlı olması da inandırıcı deyil. Əgər Xankəndi və çevrəsində yaşayan ermənilərə Azərbaycan heç bir halda status verməyi planlaşdırmırsa,- bu barədə Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə açıq bəyanatlar verib- deməli, məsələnin qoyuluşu fərqli şəkildədir. Azərbaycan Ermənistandan ərazi bütövlüyünü tam və qeyd-şərtsiz tanımağı tələb edir.

Sərhədlərin demarkasiya və delimitasiyası barədə isə bir qədər ətraflı danışmağa ehtiyac var. Çünki bu məsələ həm Ermənistanın müxtəlif siyasətçiləri və ictimai fəalları, həm də Nikol Paşinyan hakimiyyəti tərəfindən daima manipulyasiya edilir.

Müasir dövlətlər və beynəlxalq münasibətlər sistemi Vestfal hüququna dayanır. Həm Azərbaycan Respublikası olaraq bizim, həm də Ermənistanın tez-tez vurğuladığı “ərazi bütövlüyü” və “sərhədlərin toxunulmazlığı” kimi anlayışlar da məhz Vestfal Sülhünün beynəlxalq hüquqa gətirdiyi və həmin müqavilələr toplusu imzalandıqdan sonra dünya təhlükəsizlik sisteminin əsas prinsiplərinə çevrilən müddəalardır. Vestfal Sülhü 1648-ci ildə imzalandığından o tarixdən öncəki dövrlər üçün bu anlayışlar keçərli deyil. Odur ki, 1648-ci ilə qədər Cənubi Qafqaz respublikalarının ərazisindəki real və ermənilər tərəfindən uydurulmuş tarix heç bir halda beynəlxalq hüquqi əhəmiyyət daşımır.
1648-ci ildən 1736-cı ilə qədər Cənubi Qafqaz əsasən Azərbaycan Səfəvilər İmperiyasının (rəsmi ərazisi: 3,5 mln. kv/km), 1736-1796-cı illərdə Azərbaycan mənşəli Əfşarlar Xanədanının (rəsmi ərazisi: 3,8 mln. kv/km) və 1796-cı ildən yenə də bizim xalqın nümayəndələri olan Qacarlar sülaləsinin qurduğu dövlətin tərkibində olub.

Bu dövr ərzində orta çağın başqa bir qüdrətli türk imperiyası Osmanlı imperiyası zaman-zaman Cənubi Qafqazın bir çox ərazilərini özünə birləşdirsə də, Qəsri-Şirin (1639) anlaşmasına görə, İrəvan şəhəri Səfəvi torpaqları sayılırdı. Qacarlar imperiyası 1925-ci ildə süqut etdi, ancaq ondan daha öncə- 1805, 1813 və 1828-ci illərdəki müqavilələrə əsasən Şimali Azərbaycan xanlıqları üzərindəki nominal hüququnu Çar Rusiyasına təslim etmişdi. Nadir şahın ölümündən sonra indiki Azərbaycan və Ermənistan respublikalarının ərazisində Şamaxı, Bakı, Quba, Lənkəran, Şəki, Gəncə, Qarabağ, Naxçıvan və İrəvan xanlıqları mövcud idi. Bu qısa xronologiya göstərir ki, 1648-ci ildən Şimali Azərbaycan xanlıqlarının Çar Rusiyası tərəfindən ilhaq edilməsinədək olan 200 ilə yaxın bir müddətlə bağlı Azərbaycanın Ermənistanla danışılacaq heç bir mövzusu yoxdur.

O sadə səbəbə görə, müzakirə və mübahisə üçün iki tərəfin olması zəruridur. Lakin sözügedən dövrdə Cənubi Qafqazda ermənilərə aid hər hansı siyasi-inzibati vahid olmadığından və “haykan xalqı” indiki Ermənistan ərazisinin heç bir yerində etnik üstünlük təşkil etmədiyindən ermənilər bizim üçün qarşı tərəf ola bilməz. Bunun ən bariz isbatlarından biri Qarabağ və Şəki xanlıqlarını Rusiyaya ilhaq edən Kürəkçay müqaviləsinin mətnində bircə yerdə olsa da “erməni” və ya həmin etnosa işarə edən fərqli bir kəlimənin keçməməsidir.

(ardı var)

Taleh ŞAHSUVARLI