İlahə Əfəndiyeva səhnəni doldurmasaydı... İlahə Əfəndiyeva səhnəni doldurmasaydı...

"Şah İsmayıl" operasının təəssüratları

İlahə Əfəndiyeva səhnəni doldurmasaydı...

Sentyabrın 26-da Dövlət Akademik Opera və Balet Teatrında "Şah İsmayıl" tamaşasına baxmaq üçün günlər öncə biletlərimizi almış, ailəcə gözəl bir səhnə əsəri izləməyə özümüzü tam kökləmişdik.

Operanın afişasına nəzər saldıqda mükəmməl bir tamaşaçı günü yaşayacağımıza əmin idik və "Şah İsmayıl" ingiliscə prestijli ixtisaslar üzrə təhsil alan iki tələbənin olduğu bir evdə gedən söhbətlərdə mövzu olaraq tam önə çıxmışdı.

Bir halda ki Şah İsmayıl obrazını əməkdar artist Təyyar Bayramov, Gülzar obrazını əməkdar artist İlahə Əfəndiyava canlandıracaq, Ərəbzəngi rolunda Gülüstan Əliyeva çıxış edəcək, başqa cür ola da bilməzdi.

Hər üç sənətçi bizim evdən ən çox səsi gələn ifaçılardır.

Gülüstan xanım uşaqların babasının, ağsaqqalımız, Qarabağın görkəmli ziyalısı Arif Əliyevin sözlərinə bəstələnmiş "Dünya mənimdir" mahnısını illər sonra yenidən ifa edib.

Təyyarın əsrarəngiz səsi, xüsusən "Bayatı-Şiraz" üstündə oxuduqları sanki xalqımızın min illər qabaqdan gələn təhtəlşüurunun naləsidir.

İlahə Əfəndiyeva, -peşəkar musiqiçilərlə mübahisə edə bilmərəm, amma tamaşaçı kimi mənim subyektiv fikrimdir- Azərbaycanın ən üst sıradakı sopranosu və yüksək səhnə bacarığına malik olan bənzərsiz ifaçısıdır.

Haydı, uşaqlar, gedirik!

Əməkdar incəsənət xadimi Sevil Hacıyevanı bəribaşdan qutlayıram.

Maestroya, sadəcə olaraq, bravo!

Təyyar qardaşımız oxudu!

Gülüstan xanım yaratdı!

İlahə səhnəni doldurdu!

Adaşım Taleh Yəhyayev ovcum partlayana qədər alqışı haqq etdi.

"Qoca ərəbi" oynayan xalq artistimiz Əli Ələsgərov və rəqs truppasını heyranlıqla izlədik.

Bir sözlə, adlarını çəkdiyim və çəkmədiyim bütün sənətçilərimizdən xahiş edirəm ki, "Bravo" sədalarımızı eşitsinlər.



Ancaq heç kim qüsura baxmasın, tənqidlərimi də deyəcəm.

Opera ilk növbədə bir misteriya göstərisidir.

Azərbaycan tarixində misteriya qəhrəmanı olmağa ən uyğun iki şəxsiyyət var- Nəsimi və Şah İsmayıl.

"Şah İsmayıl"ın liberettosu dəyişməlidir.

Birinci dəfə deyil, təzə təklif etmirəm.

İlk növbədə ona görə dəyişməlidir ki, Şah İsmayıl kimi mistik bir şəxsiyyətə ithaf olunan liberettoda misteriya yoxdur.

Həm də o sadə səbəbə görə dəyişməlidir ki, tarixi təhrif edir.

Sual edirəm: kimdir Aslan xan?

Tarixdə Şah İsmayılın şəcərəsi təhrif olunub, bu bəllidir.

Amma Şah İsmayılın şəcərəsi ona görə təhrif olunub ki, orta çağ hüququna əsasən onun hakimiyyətinə legitimlik qazandırsınlar, əcdadını aparın islam peyğmbərinə calasınlar. Yoxsa Şah İsmayılın atası da, babası, yeddi arxa dönəni də məlumdur. Şah İsmayılın atası Şeyx Heydər idi və Şeyx Heydər Tabasaran döyüşündə öldürülmüş, başı kəsilərək Ağqoyunlu Sultan Yaquba göndərilmişdi. Ümumiyyətlə, Şeyx Səfidən bəri - sülalə onun adını daşıyır- Şah İsmayılın şəcərəsində "Aslan" adlı kimsə olmayıb.

Teatrda müşahidə etdim, önümüzdə bir neçə gənc oturmuşdu və "Aslan xan" gerçək tarixdə olmadığından onlar da obrazları səhv salmışdılar. Fasilədə öz aralarında müzakirə edərək Taleh Yəhyayevin "Şah İsmayıl", Təyyar Bayramovun isə "Şah Təhmasibin şahzadəlik dönəmi" olduğuna qərar verdilər.

Bunun bir səbəbi də Taleh Yəhyayevin artistizminin Təyyarı qabaqlaması idi, əlbəttə. Təyyarın nə əlbisələri, nə də artistizmi nəinki Birinci, heç İkinci Şah İsmayıla da uyğun deyildi- amma dediyim kimi oxudu!

Nəhayət, Opera və Balet Teatrı bir tamaşa səhnəyə çıxarmazdan öncə öz adına diqqət etməlidir: "Dövlət Akademik..."

Mədəniyyət nazirliyi hara baxır, bilmirəm, amma Şah İsmayılı "İran şahı" kimi təqdim etmək Azərbaycan xalqına və dövlətinə ideoloji xəyanətdir.

Bunun fərqindəsinizmi, cənablar?

Müslim Maqomayev, bəli, çox böyük sənətkardır, günahı onun üstünə yıxmayaq, çünki zaman dəyişib. İndi Şah İsmayılı İran şahı kimi təqdim edərən Azərbaycan xalqına imperiya keçmişini unutdurmaq istəyən bolşeviklərin dövrü deyil. Biz imperiya qurucusu xalqıq, Şah İsmayılı Sarıqamış qurultayında qutlayan türk tayfalar dayanır bizim etnogenizimizdə. "Sizə Şirvan qalası lazımdır, yoxsa Azərbaycan taxtı" deyən bir sərkərdəni, piri-mürşüdü "İran şahı" kimi təqdim etmək tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev kimi fədakar alimlərimizə haqsızlıqdır, hər şey bir yana...

Çox vacib bir məsələ də "Gülzar" obrazı ilə bağlıdır. Şah İsmayıl dastanlarında Gülzar türkman, yəni bu gün Azərbaycanda bir çox yerlərdə mövcud olan türkmən etnonimlərinin arxa planında yer alan, Səfəvi imperiyasının qurucu tayfalarından təkə-türkmənlərin qızıdır. Məşhur Səfəvi tarixçisi İskəndər bəy Münşi də məhz bu tayfadandır. Şah İsmayıl dastanlarında Şah İsmayıl deyir: “Mən Türkmana Gülzarın dalınca gedirəm". Amma librettoda Gülzar ərəbdir, ərəb olmasına baxmayaraq pərdələrdə ərəb elementləri yoxdur. Necə ki, türkün dədə ozanlarından olan Şah İsmayıl muğamata yox, saza bağlı idi.

Amma nə yaxşı "Gülzar"ı potensialı bu obrazdan çox-çox böyük olan İlahə Əfəndiyeva canlandırırdı və məhz İlahənin səhnəni doldurması sayəsində "Aslan şah" dramatikləşdi...

İlahə Əfənidyeva öz səsi və ədaları ilə səhnəni doldurmasaydı, gün burnumuzdan gələcəkdi...

Taleh Şahsuvarlı,

AzNews.az analitik-informasiya portalının baş redaktoru