- Siyasi müzakirə
- 20:24
- 3 014
“Azərbaycan balanslaşdırıcı və suveren xarici siyasət yürüdür” - Azad Məsiyev
"Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və xarici siyasətində balanslaşdırıcı mövqe yürüdür. Bu balans siyasətinin nəticəsində Azərbaycan regionda, xüsusilə Cənubi Qafqazda böyük güclərin maraqlarını uzlaşdırır. Həm regional, həm də qlobal müstəvidə maraqları uzlaşdırması nəticəsində ölkəmizdə stabil bir dövlət qurulub. Bu, Prezident İlham Əliyevin xarici siyasətinin ana xəttini təşkil edir. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan siyasətində suveren dövlət olaraq müstəqil siyasət həyata keçirir. Cənubi Qafqazda digər respublikalardan fərqli olaraq Gürcüstan Rusiyayla konfrontasiyadadır və Avropanın təsiri altında qərar verir, Ermənistan isə ABŞ-nin himayəsi altında söz verdiyi vədləri itirməkdədir. Azərbaycan isə Prezident İlham Əliyevin siyasəti nəticəsində həm regional, həm də qlobal müstəvidə maraqları uzlaşdıran suveren bir dövlət statusunu qoruyur. 44 günlük Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yeni bir siyasi stasiya yaranıb. Bunun əsasını həm Şimal-Cənub dəhlizinin işləməyə başlaması, həm də Orta dəhlizin bir qolu olan Zəngəzur dəhlizinin açılması təşkil edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, son dövrdə Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə diplomatik əlaqələrini gücləndirib. Bu, ənənəvi Qərb-Rusiya müstəvisindən çıxaraq çoxşaxəli və balanslı siyasət yürütmək strategiyasının göstəricisidir. Belə yanaşma ölkəyə yeni iqtisadi tərəfdaşlıqlar yaratmaq, geosiyasi riskləri bölüşdürmək və beynəlxalq arenada çevik, etibarlı tərəfdaş kimi çıxış etmək imkanı verir.
Siyasi şərhçi bildirib ki, Azərbaycan həm Şimalla, həm Cənubla, həm Şərqlə, həm də Qərblə maraqlarını uzlaşdıraraq balanslaşdırıcı xarici siyasət yürüdür.
"Heç bir qlobal gücün təsiri altında deyil. Bu baxımdan Azərbaycan Orta Dəhliz məsələsində uzaq Çinlə, Orta Asiya respublikaları ilə tərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirir. Uzaq Şərqdən Avropaya gedən yüklərin Azərbaycan üzərindən daşınması strateji əhəmiyyəti artırır. Azərbaycanın strategiyası həm iqtisadi, həm də siyasi maraqları uzlaşdırmaqdır. Ölkəmiz enerji məsələlərində, yaşıl enerji təşəbbüslərində və yükdaşımaların təhlükəsizliyində önəmli rol oynayır. Bu yanaşma dost dövlətlərin sayını artırır və qlobal siyasətdə Azərbaycanın mövqeyini gücləndirir. Azərbaycanın Avropa ölkələri ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı, eyni zamanda iqtisadi və siyasi maraqların qarşılıqlı təsirini göstərir. İqtisadi maraqların arxasında siyasi maraqlar, siyasi maraqların arxasında iqtisadi maraqlar dayanır; bu iki sahə bir-birini tarazlaşdırır. Orta Asiya və uzaq Şərq Asiya ölkələri ilə Azərbaycan həm Şanxay Əməkdaşlıq Təşkilatı, həm də BRICS formatında əməkdaşlığını genişləndirir. Çin yüklərinin Avropaya təhlükəsiz daşınmasında Azərbaycan strateji bölgə kimi vacib rol oynayır. Bu həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan dünya siyasətində dost dövlətlərin sayının artırılmasını vacib sayır, həm Avropada, həm Asiyada, hətta Afrikada da dövlət siyasətini uğurla həyata keçirir. Prezident İlham Əliyevin qlobal müstəvidə oynadığı rol, regional müstəvidən qlobal müstəviyə siyasətini qaldırması ilə bağlıdır. 44 günlük Vətən Müharibəsindən sonra bu proses daha sürətlə həyata keçirilir. Azərbaycan dövlət başçısının beynəlxalq aləmdə tanınması, ölkənin real imkanlarını gündəmə gətirməsi dövlət maraqlarının qorunmasını təmin edir və ölkəmiz maraqlarına uyğun davranış həyata keçirir. Balans siyasəti sayəsində Azərbaycan həm böyük güclərin maraqlarını uzlaşdırır, həm də Cənubi Qafqazda stabilliyi yaradan əsas dövlətə çevrilib. Yaxın gələcəkdə Ermənistanla sülh sazişi imzalandıqdan sonra daha böyük strateji layihələrin həyata keçirilməsi mümkündür".
Rəfiqə Namazəliyeva,
AzNews.az