- Müşahidə məntəqəsi
- 20:03
- 3 284
“İnsanlar əvvəlki illərlə müqayisədə daha tez-tez xəstələnir” - Pənah Pənahov
“Son dövrlərdə insanların əvvəlki illərlə müqayisədə daha tez-tez xəstələnməsi müşahidə olunur ki, bu da bir sıra obyektiv amillərlə izah edilə bilər. İlk növbədə, kəskin respirator infeksiyaların spektrinin genişlənməsi və virusların dəyişkənliyinin artması diqqət çəkir. Bu faktorlar immun sisteminin infeksiyalara qarşı vaxtında və adekvat cavab verməsini çətinləşdirir. Eyni zamanda, ətraf mühit faktorları da mühüm rol oynayır. Urbanizasiyanın sürətlənməsi fonunda havanın çirklənməsi, zərərli qazların və allergenlərin artması tənəffüs sisteminin müdafiə mexanizmlərini zəiflədir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında həkim-terapevt Pənah Pənahov bildirib.
Xatırladaq ki, son illər vətəndaşlar əvvəlki dövrlərlə müqayisədə daha tez-tez xəstələndiklərini bildirirlər. Bir zamanlar yağışa, küləyə və soyuğa daha davamlı olan nəsillərin yerini bu gün hava şəraitində ən kiçik dəyişiklik zamanı belə qızdırması qalxan, halsızlaşan və yatağa düşən insanlar əvəzləyib.
Həkim-terapevt bildirib ki, müasir həyat tərzi bu prosesə təsirsiz ötüşmür.
"Xroniki stress, yuxu çatışmazlığı, fiziki aktivliyin azalması, balanssız qidalanma və açıq havada kifayət qədər vaxtın az olması immun sisteminin funksional imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir. Orqanizmin müqavimətini artırmaq üçün aşağıdakı tövsiyələrə əməl olunması məqsədəuyğundur: müntəzəm və kifayət qədər istirahət rejiminin qorunması, gündəlik fiziki aktivliyin təmin edilməsi, vitamin və mikroelementlərlə zəngin, balanslı qidalanma xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda stress faktorlarının minimuma endirilməsi, təmiz havada müntəzəm gəzintilər və günəş şüalarından səmərəli istifadə immun sisteminin möhkəmlənməsinə müsbət təsir göstərir. Mövsümi xəstəliklərə qarşı vaxtında profilaktik tədbirlərin görülməsi isə xəstəlik riskinin azaldılmasında mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, tez-tez təkrarlanan xəstəliklərin səbəbləri hər bir fərddə fərqli ola bilər. Bu səbəbdən həkim müayinəsi və müvafiq laborator-instrumental araşdırmalar aparıldıqdan sonra fərdi müalicə və profilaktika planının müəyyənləşdirilməsi tövsiyə olunur”.
Rəfiqə Namazəliyeva,
AzNews.az