“İranın Zəngəzur qorxusu fars şovinizmindən qaynaqlanır” - Hikmət Babaoğlu

“İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi fars şovinizmi və məzhəb radikalizminin ideoloji əsaslarına söykənir. Eyni zamanda bu dəhlizə qarşı mənfi münasibət, hər şeydən əvvəl, İranda yaşayan azərbaycanlıların maraqlarına ziddir. Çünki Zəngəzur dəhlizi açılacağı təqdirdə, İranın şimalında, xüsusilə Şərqi Azərbaycan əyalətində yaşayan azərbaycanlılar bu iqtisadi layihənin dividendlərindən faydalana bilərlər. Zəngəzur dəhlizi ətrafında yeni iqtisadi mühit formalaşacaq və bu prosesdə İran vətəndaşı olan azərbaycanlılar da iştirakçıya çevriləcəklər. Lakin İran daxilində sənayeləşmə və yeni iş yerləri əsasən farsların məskunlaşdığı bölgələrdə cəmlənir. Azərbaycan türklərinin yaşadığı ərazilər isə əsasən xammal bazası kimi istifadə olunur. Bu vəziyyət azərbaycanlıların iş tapmaq məqsədilə fars bölgələrinə köçməsinə səbəb olur ki, nəticədə sosial gərginlik yaranır və assimilyasiya prosesi sürətlənir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Xatırladaq ki, İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, uzun illər ölkənin xarici siyasət kursunun formalaşmasında mühüm rol oynamış Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinə qarşı əvvəlki mövqeyini bir daha açıq şəkildə ifadə edib. O, Tehranda Ermənistanın səfiri ilə görüşü zamanı bu marşrutu “Tramp marşrutu” adlandıraraq İran üçün qəbuledilməz hesab etdiyini bildirib. Sözügedən bəyanat həm zamanlaması, həm də ünvanlandığı auditoriya baxımından təkcə regional layihəyə münasibət deyil, eyni zamanda İranın daxili siyasi balansında mövcud olan gərginliklərin göstəricisi kimi diqqət çəkir.

Deputat qeyd edib ki, dolayısı ilə İranın Zəngəzur dəhlizinə qarşı çıxması azərbaycanlıların assimilyasiyasına yönəlmiş siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

"Bu mövqe ayrı-ayrı qruplaşmaların yanaşması deyil, İranın rəsmi dövlət siyasətidir. Buna baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Bu məsələdə təkcə Azərbaycan deyil, eyni zamanda geniş iqtisadi potensiala malik tərəfdaşlar da maraqlıdır və nəticə etibarilə bu dəhliz reallaşacaq. Əli Əkbər Vilayətinin açıqlamaları da məhz bu yanaşmanın təsdiqi kimi qiymətləndirilə bilər. Vilayətidən əvvəl də bir çox İran rəsmiləri eyni mövqedən çıxış ediblər. Bu baxımdan məsələni hansısa qruplaşmanın mövqeyi kimi təqdim etmək düzgün deyil – söhbət İranın rəsmi dövlət siyasətindən gedir. İran, eyni zamanda, Azərbaycanın güclənməsində maraqlı deyil. Çünki Azərbaycan gücləndikcə, onun imkanları artdıqca İranda yaşayan azərbaycanlıların rifah səviyyəsi yüksəlir, milli özünüdərk prosesi dərinləşir və dil arealı yenidən canlanır. İran isə bu prosesi istəmir. Çünki azərbaycanlılar həm əmək qüvvəsi, həm də əhali kimi ölkə daxilində ciddi şəkildə istismar olunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az