- Siyasi müzakirə
- 20:26
- 3 206
“Ermənistan üçün alternativ yalnız sülh və əməkdaşlıqdır” - Həşim Səhrablı
“Əgər Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı referendum keçirilərsə, əsas sual erməni xalqının bu məsələyə münasibətinin necə olacağıdır. Onlar qanunun dəyişdirilməsinə səs verəcəklər, yoxsa buna qarşı çıxacaqlar? Bu, tamamilə hakimiyyətin xalqına nə vəd edəcəyindən asılıdır. İstər Paşinyan iqtidarı seçkiləri qazansın, istərsə də onun yerinə yeni hakimiyyət formalaşsın, fərq etmir. Referendumu keçirəcək hakimiyyət erməni cəmiyyətinə hansı mesajları verərsə, xalqın qərarı da buna uyğun formalaşacaq. Əgər erməni xalqına real vədlər və real perspektivlər təqdim olunarsa, onları şovinist ideyalardan uzaqlaşdırmaq, real dünyanı göstərmək mümkün olarsa, o zaman cəmiyyət tranzit yollarının açılmasının, regionda sülhün bərqərar olmasının, Azərbaycan–Ermənistan münaqişəsinin birdəfəlik tarixə qovuşmasının daha faydalı olduğu qənaətinə gələ bilər. Belə olan halda, xalq Konstitusiya dəyişikliklərinə könüllü şəkildə səs verə bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, erməni ekspert Vardan Poqosyan bildirib ki, Ermənistan hökuməti Azərbaycan və Türkiyənin tələbi əsasında Konstitusiyaya dəyişiklik etməyə hazırlaşır. Onun sözlərinə görə, hakimiyyət bu tələb çərçivəsində ölkənin əsas qanununda müvafiq dəyişikliklər planlaşdırır. Qeyd edək ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən bəndin Ermənistan Konstitusiyasından çıxarılmasından gedir. Bu məsələ sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas şərtlərindən biri kimi dəyərləndirilir. Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı referendumun gələn il keçirilməsi gözlənilir.
Siyasi şərhçi qeyd edib ki, istər Paşinyan hakimiyyətdə qalsın, istərsə də yeni bir hakimiyyət formalaşsın, əgər bu reallıqlar cəmiyyətə düzgün şəkildə çatdırılmasa, erməni xalqı şovinist düşüncələrdən uzaqlaşdırılmasa və sülhün, eləcə də tranzit yollarının açılmasının əhəmiyyəti izah olunmasa, referendumda dəyişikliklərə dəstək verilməyəcək.
"Nəticədə yenidən ekstremist, radikal və revanşist qüvvələr önə çıxacaq, Ermənistan tarixi təcrübəsinə uyğun olaraq yenidən anti-türk və anti-Azərbaycan siyasətinə qayıdacaq, gələcək işğallar üçün zəmin hazırlamağa çalışacaq. Azərbaycan və Türkiyənin bu prosesdə rolu isə hər kəsə aydındır. Əgər 44 günlük Vətən müharibəsində qələbə qazanılmasaydı, ardınca antiterror tədbirləri həyata keçirilməsəydi, separatçı rejim kökündən ləğv olunmasaydı və Qarabağ üzərində Azərbaycanın həm de-fakto, həm də de-yure suverenliyi tam bərpa edilməsəydi, bu gün nə Konstitusiya dəyişikliyindən, nə də Azərbaycan–Ermənistan sülhündən danışmaq mümkün olardı. Ermənistan cəmiyyətində hələ də “Bakıya qədər gedəcəyik, bütün Azərbaycanı işğal edəcəyik” kimi xülyalar qalmaqda davam edərdi. Bu günə qədər Azərbaycan və Türkiyənin rolu ondan ibarət olub ki, real güc nümayiş etdirərək qarşı tərəfə reallığı göstəriblər. Ermənilərə nəyin mümkün, nəyin qeyri-mümkün olduğunu başa salıblar. Bundan sonrakı mərhələdə də bu yanaşma davam etdirilməlidir. Qarşı tərəfin başa düşdüyü məsələlərdə yumşaq güc siyasəti, anlamadığı məqamlarda isə sərt mövqe nümayiş etdirilməlidir. Yəni “dəmir yumruq”, güc amili beynəlxalq hüququ, qaydanı və qanunu təmin edən bir vasitə kimi paralel şəkildə tətbiq olunmalıdır. Bu siyasət ardıcıl aparılarsa, Ermənistan həm dövlət, həm də cəmiyyət olaraq anlayacaq ki, geriyə dönüş yolu yoxdur və alternativ yalnız sülh və əməkdaşlıqdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az