- Göz önü
- 12:02
- 2 331
Təhsilin İnkişafı Fondunun yeni sədri kimdir? - DOSYE
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna sədr təyin edilib.
Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun dissertanturasına daxil olub. 2010-cu ildə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasını ictimai siyasət ixtisası üzrə bitirib.
1999-2008-ci illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologoya kafedrasında, 2003-2006-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim işləyib.
2005-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş Katibi olub. 2006-2007-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində sosial siyasət üzrə universitet müəllimlərinin təkmilləşdirilməsi proqramında iştirak edib. Həmin müddətdə ARGTMŞ-in BMT-nin Nyu-York qərargahındakı təmsilçisi olub.
Nicat Məmmədli 2007-ci ilin iyun-dekabr aylarında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (Ombudsman) aparatında uşaq hüquqları bölməsinin rəhbəri vəzifəsində çalışıb. 2008-2010-ci illərdə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasında təhsil aldığı müddətdə həmin universitetdə müəllim assistenti işləyib.
2010-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial infrastrukturun idarə edilməsi şöbəsində böyük mühəndis vəzifəsində çalışmış Nicat Məmmədli 2013-2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Nicat Məmmədli 2018-ci ildən Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, nazirin müşaviri kimi müxtəlif vəzifələrdə çalışıb.
İki monoqrafiya, 50-dən çox məqalə müəllifidir.
Aznews.az