Qarabağdakı ermənilərin hüquq və azadlıqlarını əslində kim tapdalayır?

Prezident İlham Əliyevin timsalında rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə, bütün hüquq və azadlıqlarına təminat verir. Prezident Qarabağda məskunlaşmış ermənilərə heç bir əlavə status verilmədən insan haqlarını Azərbaycanın Konstitusiyasının, qanunlarının və dövlətimizin qoşulduğu beynəlxalq konvensiyaların müddəaları çərçivəsində qorunacağını bəyan edir. Bunun qarşılığında milyarder Ruben Vardanyanı xüsusi təyinatla Xankəndiyə göndərməklə və Xankəndidəki cinayətkar rejimin qalıqlarını himayə etməklə Rusiya Qarabağ ermənilərinin insan hüquqlarının reallaşmasına imkan vermir. Bu məsələdə Ermənistanın revanşist qüvvələri də xüsusi canfənşanlıq edir. Odur ki, Qarabağda yaşayan ermənilər ilk növbədə öz hüquq və azadlıqları naminə cinayətkarın seperatçı rejimin ləğvi və Rusiya sülhməramlılarının bölgədən çıxması üçün rəsmi Bakıya hərtərəfli dəstək verməlidirlər.

Bu barədə Qarabağdakı ermənilərlə açıq danışmağın, onlara öz hüquq və azadlıqlarını izah etməyin vaxtı çatıb.

17-ci əsrdən başlayaraq milli dövlətlərin meydana çıxması özü ilə bərabər “milli azlıqların problemləri” mövzusunu da gündəmə gətirdi. Əlbəttə, bu eyni zamanlı proses deyildi. İmperiyalar parçalanır və keçmiş imperiyaların ərazisində milli dövlətlər meydana çıxırdı. Yeni milli dövlətlərin ərazilərində etnik mənşəyinə, dilinə, dininə və digər bu kimi parametrlərə görə əsas çoxluqdan fərqlənən sosial qrupların mövcud olması yuxarıda qeyd olunan problemlərin meydana çıxmasına rəvac verdi.

Sosioloji baxımdan yanaşsaq, azlıqlar- bir dövlətdə sayca əsas etnik qrupdan az olan və çoxluqdan fərqlənən qruplardır.

Hüquqi baxımdan isə bu günə qədər milli azlıqlara hər hansı konkret tərif verilməyib.

BMT-nin İnsan haqları komissiyasının “Ayrıseçkiliyin qarşısının alınması və azlıqların qorunması” adlı raportuna görə milli azlıqlar-

“Bir dövlətin əhalisinin qalanına görə sayca az, suveren mövqedə olmayan, üzvləri ölkə vətəndaşı olaraq etnik, dil və din baxımından əhalinin qalanından fərqlənən, mədəniyyətlərini, adət-ənənələrini, dil və dinlərini qorumaq üçün üstüörtülü həmrəylik nümayiş etdirən qrupdur”.

Beləliklə, hər hansı bir qrupun “milli azlıq” kimi dəyərləndirilməsi üçün

  • Sayca az olmaları;
  • Ölkənin əsas əhalisindən irqinə, dilinə, dininə görə fərqlənməsi;
  • Siyasi suverenliyə malik olmaması;
  • Özlərini “azlıq” kimi görmələri;
  • Yaşadıqları dövlətlə vətəndaşlıq bağına sahib olmaları zəruridir.

Avropa Şurası Parlament Assambleyasının protokollarında milli azlıqlar üçün vacib xüsusiyyətlər sırasında onların dövlətə vətəndaşlıq münasibətləri ilə bağlı olmasının, yaşadığı dövlətin idarəçiliyində təmsil olunmasının vacibliyi vurğulanır və milli azlıqlar cəmiyyətin əsas hissəsi ilə ortaq xüsusiyyətlərini qorumağa dəvət olunur.

MİLLİ AZLIQLAR məfhumu həm də müəyyən bir dövlətin ərazisində çoxluğu təşkil edən millətin (indiki halda Ermənistanda) nümayəndələrinin başqa bir dövlətdə (indiki halda Azərbaycanda) azlıqda olmasını ehtiva edir. Məsələn, Almaniyada danimarkalılar və polşalılar, Bolqarıstanda türklər, Rumuniyada macarlar milli azlıq vəziyyətindədirlər.

Mövzumuz baxımından ən önəmli hüquqi sənəd 1 fevral 1995-ci ildə Starusburqda imzalanmış Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”dır.

Bu konvensiyanın üç vacib xüsusiyyətini qeyd edək:

  • Konvensiyada “milli azlıq”lara hüquqi tərif verilmir.
  • Konvensiya “çərçivə” xarakteri onun müddəalarının dövlətlərin daxili qanunvericiliyinə salınması yolu milli azlıqların hüquqlarının qorunmasına öhdəlik yaradır.
  • Konvensiya azlıqdakı hər bir etnik icmanın üzvünün müvafiq hüquqlardan fərdi qaydada istifadəsini mümkün sayır.

Bu Konvensiya ümumilikdə mill azlıqların müdafiəsi üzrə ilk hüquqi öhdəlik doğuran çoxtərəfli vasitə sayılır.

Onun məqsədi Tərəflərin öz əraziləri daxilində milli azlıqların mövcudluğunu qoruyub saxlamaqdır. Konvensiya milli azlıqların öz mədəniyyətlərini qoruyub saxlamasına və inkişaf etdirməsinə, eləcə də öz milli kimliklərini saxlamasına lazımi şəraiti yaratmaqla onların tam və effektiv bərabərliyini təmin etməyə çalışır.

Konvensiya milli azlıqların nümayəndələri üçün ictimai həyat sahəsində aşağıdakı prinsipləri müəyyən edir:

• Ayrı-seçkiliyə məruz qalmamaq
• Effektiv bərabərliyin təmin olunması
• Mədəniyyət, din, dil və ənənələrin qorunub saxlanmasının təmin olunması
• Sərbəst toplaşmaq azadlığı
• Birləşmək azadlığı
• İfadə azadlığı
• Düşüncə, vicdan və din azadlığı
• KİV-ə çıxış və KİV-dən istifadə hüququ
• Dil və təhsillə bağlı azadlıqlar
• Transsərhəd əlaqələr və əməkdaşlıq
• İqtisadi, mədəni və sosial həyatda iştirak
• Zorla assimilyasiyanın qadağan olunması.

Konvensiyanın nəzarət mexanizmi tərəf dövlətlərin Avropa Şurasına təqdim etmək məcburiyyətində olduğu hesabatlara əsaslanır. Hesabatları nəzərdən keçirmək üzrə məsul olan əsas orqan Avropa Şurasının Nazirlər Komitəsidir. Bu məsələdə Məşvərət Komitəsinin mütəxəssisləri də Nazirlər Komitəsinə yardım edir.

“MİLLİ AZLIQLARIN MÜDAFİƏSİ HAQQINDA ÇƏRÇİVƏ KONVENSİYASI”NIN BƏZİ ÖNƏMLİ MADDƏLƏRİnə nəzər salaq:

MADDƏ 1: Milli azlıqlar və milli azlıqlara aid olan fərdlərin haqq və azadlıqlarının qorunması insan hüquqlarının beynəlxalq qorunmasının ayrılmaz parçasıdır və beləliklə beynəlxalq əməkdaşlıq sahəsini yaradır.

MADDƏ 2. Bu çərçivə konvensiyası hökmləri, tolerantlıq və xoşməram kimi yaxşı qonşuluq, dostluq münasibətləri və dövlətlər arasında əməkdaşlıq prinsiplərinə hörmət çərçivəsində, xoş niyyətlə həyata keçiriləcək.

MADDƏ 3.

Milli azlıqlara mənsub hər bir fərd belə yanaşmaya məruz qalmağı və qalmamağı azad şəkildə seçmək haqqına sahibdir və haqqlarından istifadə etdiyi üçün heç bir təzyiqə məruz qalmamalıdır. Milli azlıqlara mənsub olan fərdlər individual şəkildə olduğu kimi, digərləri ilə birlikdə bu Çərçivə Konvensiyasının şərtlərindən doğan haqq və azadlıqlardan istifadə edə bilərlər.

Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikasının 16 iyun 2000-ci ildə prezident Heydər Əliyev tərəfindən imzalanmış qanunu var. Azərbaycan Respublikası "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası"na həmin qanunun 2-ci bəndində verilən bəyanatla qoşulub. Bəyanat belədir: “Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq olduğunu təsdiqləyərək, insan hüquq və azadlıqlarına rəğbət bəsləyərək bəyan edir ki, "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası"nın ratifikasiyası və onun müddəalarının həyata keçirilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə, onun daxili və xarici təhlükəsizliyinə xələl gətirə bilən hər hansı hərəkətləri istisna edir”.

Beləliklə, sözügedən Konvensiya çərçivəsində Azərbaycanda yaşayan ermənilərin hüquq və azadlıqlarını nəzərdən keçirərkən aşağıdakı nəticələrə gələ bilərik:

  • Avropa Şurasının Milli azlıqların hüquqlarının qorunması barədə Çərçivə Konvensiyası Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə “öz müqəddəratını təyin etmə hüququ” vermir.
  • Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında yaşayan ermənilər öz dini və milli kimliklərini, adət-ənənələrini Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və qoşulduğu beynəlxalq konvensiyalarla tam qoruya bilərlər.
  • Ölkəmizdə yaşayan ermənilər malik olduqları hüquq və azadlıqlardan fərdi və digərləri ilə birlikdə ancaq o halda istifadə edə bilərlər ki, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmiş olsunlar.
  • Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında yaşayan ermənilər malik olduqları hüquq və azadlıqlardan istifadə edərkən dövlətin ərazi bütövlüyünə, rəsmi dilinə və digər suveren hüquqlarına xələl gətirməməlidir.

Taleh Şahsuvarlı