AzNews.az analitik-informasiya portalının suallarını Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə cavablandırır: AzNews.az analitik-informasiya portalının suallarını Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə cavablandırır:

"İstənilən təhdidə qarşı dövlətimizin yanında olacağıq" - AMİP sədri

AzNews.az analitik-informasiya portalının suallarını Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə cavablandırır:

- Cənab Əlizadə, Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktından sonra Azərbaycanla İran arasındakı diplomatik əlaqələr minimuma endirilib. Terror buna hesablanmışdımı, yoxsa arxasında daha böyük planlar var?

- İran dövləti Azərbaycan müstəqillik əldə edəndən sonra Azərbaycana yönəlik faktiki olaraq düşmən siyasəti yeridib. Bu illər ərzində Azərbaycanın müstəqilliyini həzm etməyib. Təbii ki, bu proses xüsusilə də 44 günlük müharibənin gedişində və ondan sonrakı dönəmdə daha açıq müstəviyə keçdi. Bu illər ərzində Azərbaycan dövləti dəfələrlə İrana yönəlik qonşuluq siyasəti yürütməklə dost əlini uzadıb. Azərbaycan ərazisindən İrana qarşı hansısa əməliyyat keçirilməsinə razılıq verilməyib. Amma qarşılığında İran düşmən Ermənistana dəstək verməkdə davam edib. Faktiki olaraq Tehran Azərbaycanla münasibətlərin korlanması istiqamətində əlindən gələn hər şeyi edib. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu İranın yürütdüyü siyasətin məntiqi davamı, nəticəsi idi. Nəticə etibarilə Azərbaycan İrandakı səfirliyində diplomatik fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul etdi.

- İranın Azərbaycan daxilindəki casuslarına, təsir agentlərinə qarşı əməliyyatlar keçirilir. Bu əməliyyatları necə qiymətləndirirsiniz?

- Mən hesab edirəm ki, bu əməliyyatlar bir qədər gecikib. Daha əvvəldən keçirilməli idi. Çünki İran bu illər ərzində öz şəbəkəsini qurub. Təəssüflər olsun ki, Azərbaycanın daxilində din adı altında pərdələnərək dövlətimizə düşmən münasibət bəsləyən bir təbəqə yetişdirilib. Birmənalı olaraq İranın Azərbaycandakı şəbəkəsinə qarşı həyata keçirilən əməliyyatları təqdir edirik. Hesab edirəm ki, bu əməliyyatlar kampaniya xarakterli olmamalı, sonuna qədər aparılmalıdır. Buradakı uzantıları tam olaraq kəsilib atılmalıdır. Bu təbəqə uzun illər ərzində İranın Azərbaycandakı Ocaq Necat adlı dini nümayəndəsi ilə yönləndirilirdi. Müharibədən sonra Ocaq Necat qaçdı. İndi burada kifayət qədər ciddi uzantılar qalmaqdadır ki, bu uzantılara qarşı da mütləq mənada ciddi əməliyyatlar aparılmalıdır.

- Sizcə, Azərbaycanda İranın ictimai-siyasi çevrələrdə dayaqları nə qədərdir? Onların təsiri ilə hərəkət edən nə qədər insan var?

- Müharibənin gedişində və ondan sonrakı dövrdə İran Azərbaycana qarşı aqressivləşmişdi və düşmən mövqeyini sərgiləyirdi. O zaman hadisələrin gərginliyi fonunda İran ayətullalarında biri təhdid dolu belə bir çıxış etmişdi: “Bizim bir şəhadət barmağımızla Azərbaycanın altı milyonluq şiə əhalisi, Türkiyənin 23 milyonluq ələvi əhalisi ayağa qalxar və Türkiyə ilə Azərbaycan darmadağın ola bilər”. Bütün bunlara baxmayaraq, Azərbaycan ərazisində və Türkiyədə İranın mövqeyini dəstəkləyənlər çox azdır. Baxmayaraq ki, İran 30 il ərzində Azərbaycan ərazisində kifayət qədər böyük vəsait xərcləyib, burada öz uzantılarını yaradıb. Görünən ondan ibarətdir ki, bunların sayı çox deyil. Amma istənilən halda onlara qarşı çox ciddi tədbir görülməli və onlar zərərsizləşdirilməlidir. Təbii ki, zərərsizləşdirmə əməliyyatlarının gedişində onların hansı miqyasda olmasına bağlı təsəvvür formalaşacaq.

- Son günlər İranın bəzi hərbi obyektlərinə dronlarla zərbələr endirilib. Qərb mətbuatı bu zərbələrin arxasında İsrailin dayandığını iddia edir. Sizin fikrinizcə, İrana qarşı kollektiv Qərbin yeni bir savaşı başlayacaqmı?

- Kollektiv Qərb İrana qarşı illər ərzində sanksiyalar irəli sürüb, silah əldə etməsinə qarşı qabaqlayıcı tədbirlər görüb. Təbii ki, son hadisədə də bunu gördük. Bu hadisədən sonra sanksiyaların bir qədər də gücləndirilməsinə ehtiyac olduğunu hesab edirik. İranın bəzi hərbi obyektləri dronlarla vurulub, dronların haradan qalxması və kimə məxsus olması ilə bağlı rəsmi məlumat yoxdur. Buna görə də məsələyə konkret münasibət bildirmək bir qədər çətindir. Amma istənilən halda İsrailin adı hallanır və İsrail-İran qarşıdurması uzun illərdir ki, davam edir. Ötən günlər ərzində İranın daxilndə baş verən hadisələr, eləcə də İran ərazisində Azərbaycanın diplomatik korpusuna qarşı həyata keçirilən bu terror aktı ilk deyil. Bundan əvvəl də İran ərazisində bir sıra ölkələrin ABŞ və digər dövlətlərin diplomatik korpuslarına qarşı da analoji terrror aktları həyata keçirilmişdi. Bütün bunların fonunda kollektiv Qərb, ABŞ, eyni zamanda İsrail İrana qarşı təzyiqləri bir qədər də artıracaq. Sanksiyaların güclənməsi gözlənilir. Bu proses İranı zəiflədilməsinə yönələn bir siyasətdir.

- Azərbaycana hər hansı təhdid olarsa Azərbaycan müxalifəti 44 günlük müharibədəki kimi hakimiyyətlə həmrəylik nümayiş etdirəcəkmi?

- Hesab edirəm ki, birmənalı olaraq dövlətin yanında olacağıq. 44 günlük müharibənin gedişində ölkədə siyasi yönümündən asılı olmayaraq demək olar ki, bütün siyasi təşkilatlar bir araya gəldilər, yumruq kimi birləşdilər və dövlətin, ordunun yanında oldular. Mən öz adımızdan deyə bilərəm ki, Azərbaycan Milli İstiqlal Partiyası olaraq biz hər zaman bu cür məsələlərdə dövlət və milli maraqları digər məsələlərdən üstün tutmuşuq. Bundan sonrakı mərhələdə də dövlətimizin yanında olacağıq. Dövlət milli maraqlarını üstün tutaraq bu prosesdə dövlətimizin yanında olduğumuzu bir daha bəyan edirəm.

- Güney Azərbaycandakı prosesləri müzakirə etmək üçün siyasi partiyalar hərhansı dəyirmi masa və ya konfrans keçirməyi düşünürmü?

- Buna qədərki dövrdə bir neçə belə tədbir keçirilib. AMİP-in də düzənlədiyi tədbirlər olub, digər təşkilatların da tədbirlərində iştirak etmişik. Yeri gəlmişkən AMİP-in Siyasi Şurası ötən ilin sonlarında bir sıra qərarlar verib. Qərarlar içərisində bir qərar da ondan ibarətdir ki, 2023-cü il partiya daxilində bizim güneydə yaşayan soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə müdafiəsi ili elan olunsun. Bu çərçivədə bir sıra tədbirlərin həyata keçirilməsini hədəfləyirik. Eyni zamanda təmsil olunduğumuz, əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlar və qurumlarda da Güneydə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinin ictimailəşməsi istiqamətində bir sıra addımlar atmaq və tədbirlər keçirmək hədəfimizdədir.

- Son sualımız daxili siyasətlə bağlıdır. "Siyasi partiyalar haqqında" qanun artıq qüvvəyə minib. Bu qanundan sonra AMİP-in vəziyyəti necədir?

- Qanunun qəbul edilməsi ilə bağlı müzakirələr getmişdi, biz də partiya olaraq təkliflərimizi vermişdik. Qanunun ilkin layihəsi sentyabrın 7-də Milli Məclisə təqdim edildi. Hələ Milli Məclisin komitə iclaslarına çıxarılmamışdan əvvəl ictimai dinləmələr keçirildi. Həm həmin dinləmələrdə, həm də KİV-lər vasitəsilə biz təkliflərimizi və qanun layihəsi ilə bağlı iradlarımızı bildirmişdik. Bəzi təklif və iradarımız qəbul edilmişdi. Artıq qanun qəbul edilib, Azərbaycan Prezidenti yanvarın 11-də bununla bağlı fərman imzalayıb. Təbii ki, qanun qəbul ediləndən sonra bizim üzərimizə düşən vəzifə partiyanın fəaliyyətini qəbul olunmuş qanuna uyğunlaşdırmaqdır. Bu, partiyanın mərkəzi qurumlarında müzakirə edilib. Yerli təşkilatlara, müvafiq strukturlara, lazımi tapşırıqlar verilib. Partiyanın fəaliyyətini qanunvericiliyə uyğunlaşdırmaq və müvafiq sənədləri nəzərdə tutulan qurumlara təhvil verməklə bağlı addımlarımızı atırıq.

Rəşid QARAYEV,

AzNews.az