TDT ölkələri turist qatarlarının işə salınması imkanını nəzərdən keçirir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətləri arasında və onların hüdudlarından kənarda turist qatarlarının işə salınması imkanları araşdırılır.

Aznews.az xəbər verir ki, bununla əlaqədar olaraq üzv dövlətlərin dəmiryolu idarələri və turizm qurumlarının nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycana TDT ölkələrindən 428 456 turist səfər edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 % (399 085 nəfər) çoxdur.

Türkiyədən gələn turistlərin sayı 289 952 nəfər (illik 2,6 % çox), Qazaxıstandan - 69 332 (+19,4 %), Özbəkistandan - 37 718 (+27,8 %), Türkmənistandan - 21 422 (+1,7 %), Qırğızıstandan - 7 093 (+33 %), Macarıstandan - 2 939 nəfər (+14 %) olub.

TDT ölkələrindən gələn turistlərin Azərbaycanın ümumi turist axınındakı payı 24,9 % təşkil edir.

Qeyd edək ki, 2025-ci ilin iyul ayında TDT-nin üzv dövlətləri Ankarada turizm sahəsində Anlaşma Memorandumu imzalayıblar.