Əliyevin qətiyyəti: Vardanyan “status”un yanına getdi- ŞƏRH

Erməni əsilli Rusiya oliqarxı Ruben Vardanyanın Qarabağda peyda olması ssenari idi.

Bu ssenarinin yaxın hədəfi Xankəndi üzərində Azərbaycanın nəzarətinin bərpa prosesinə mane olmaq, erməni revanşizmini körükləməklə sülh danışıqlarını pozmaq idi.

Proqnozlaşdırmaq çətin deyil ki, orta vədədə Ruben Vardanyanı hərbi baxımdan qəhrəmanlaşdırmaq üçün Azərbaycan silahlı qüvvələrinin postlarına hücumlar təşkil ediləcək, təxribatlar törədiləcəkdi.

Nəhayət, “müsbət imici” formalaşdırılmış Ruben Ermənistanda iqtidar mübarizəsinə başlayacaq və revanşist müxalifətin liderinə çevrilərək Nikol Paşinyanı postundan uzaqlaşdıracaqdı.

Bütün bunlar 44 günlük savaşda qazandığımız qələbənin yaratdığı reallığın dəyişməsi demək olardı.

Vardanyan ona ayrılan rolu öz aləmində məharətlə oynayırdı.

O, ilk növbədə Azərbaycanın rəsmi nümayəndələrinin Ağdərə mədənlərində monitorinq aparmasına qarşı təxribat təşkil etməklə rəsmi Bakı ilə Qarabağ erməniləri arasında yaranan kövrək təmasları pozdu.

İkincisi, pul və təzyiqlə erməniləri Xankəndidə mitinqə toplamaqla “miatsum ruhu”nu yenidən canlandırmağa çalışdı.

Üçüncüsü, Ermənistan daxilindəki revanşist siyasi qüvvələrə və mediaya hamilik etməklə Xankəndidə Arayik Arutyunyana, İrəvanda Nikol Paşinyana qarşı cəbhə açdı. O, birbaşa olmasa da, Nikol Paşinyana qarşı ictimai rəy qarşısında həmlələr edir, ondan gələn təkliflərə “yox” deyərək dikbaşlıq göstərir, Arayik Arutyunyanı isə faktiki olaraq saymır və kütlənin önündə, elə sepatçıların liderinin özünün gözü qabağında Qarabağda hakimiyyətin əlində olmasından danışın qürrələnirdi. Heç şübhəsiz, biz Nikolun və Arayikin dərdini çəkəcək deyilik. Lakin Vardanyan kimi avantürist və dələduzla danışıq aparmaq vaxt itkisi olardı. Azərbaycanın isə itirəcəyi zaman yoxdur.

Nəhayət, Azərbaycan və Ermənistan arasındakı əldə olunmuş və olunacaq razılaşmaları heçə saydığını bəyan etməklə sülh prosesinə əngəl törətməyə çalışır, Üçtərəfli Bəyanata əsasən üzərinə xüsusi məsuliyyət götürmüş Rusiya ilə rəsmi Bakı arasında gərginlik yaradırdı.

44 günlük müharibənin yaratdığı reallıqda Azərbaycanın əli güclüdür. Bu güc ilk növbədə hərbi üstünlüyümüzdür. 2022-ci ilin sentyabrında baş verən döyüşlərdə Azərbaycan Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalan torpaqlara hərbi baxımdan nəzarət etmək üçün yeni strateji yüksəkliklərdə möhkəmlənib. Vardanyan məhz həmin döyüşlərdən sonra Qarabağda peyda olmuşdu və 44 günlük müharibədən və sonrakı döyüşlərdən bixəbər olduğu üçün populistlik edirdi. Ancaq tezliklə bu populizm aqoniyaya çevrildi və az sonra bəhs edəcəyimiz Xankəndi yolundakı ekoloji aksiyadan sonra Qarabağdakı ermənilər başa düşdülər ki, Vardanyan onlara yeni faciələr vəd edir. İstər İrəvanda, istərsə də Xankəndidə müharibə görmüş fiqurlara isə qabaqcadan bəlli idi ki, erməni silahlı birləşmələri hətta Rusiya Sülhməramlı Kontingentinin arxasında da “toxunulmaz” deyil. Hər halda onlar reallıq hissini Azərbaycanın müasir silahlarının, peşəkar ordusunun və cəsur xüsusi təyinatlılarının bir gecənin içində işğalçı ordunun qalıqlarından ibarət hərbi hissələri məhv edə biləcəyəni təxmin etməyəcək qədər itirməyiblər. Əgər bölgədə yeni eskalasiya yaranarsa, bunun bədəlini Ruben Vardanyan deyil, Nikol Paşinyan öz postu ilə ödəyəcəkdi.

Azərbaycan üçün digər mühüm rıçaq erməni cəmiyyətindəki psixoz və ziddiyyətlərdir. Erməni cəmiyyəti öz istibleşmenti ilə birlikdə 44 günlük savaşdan sonra hansı gələcək uğrunda mübarizə apardığına qərar verə bilməyib. Bir tərəfdən erməni cəmiyyəti 1988-ci ildən bəri apardığı yeni ərazilərə sahib olmaq savaşını uduzub və bunu həzm edə bilmir, digər tərəfdən isə qalib Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa çarəsi olmadığını fərq etməyə başlayıb. Bu iki paradiqma arasında psixoz keçirən erməni cəmiyyəti Azərbaycanın milli həmrəyliyi, ideyası və lideri qarşısında öz sistemliliyini itirib.

Bundan savayı, Qarabağın Azərbaycan ərazisi olmasına beynəlxalq səviyyədə heç bir şübhə və etiraz yoxdur. Bu da diplomatik müstəvidə Azərbaycanın rahat və qətiyyətli davranmasına rəvac verir. Azərbaycan öz haqqını ABŞ-dan da, Avropadan da, Rusiyadan da, BMT-dən də, digər beynəlxalq təşkilatlardan ötkəm bir tərzdə tələb etməyi bacarır.

Ən başlıcası isə, Azərbaycan “hibrid savaş”da Ermənistandan qat-qat təcrübəlidir və buna görə də gözlənilməz gedişlər edərək situasiyanı öz nəzarətində saxlamağı bacarır. Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Xankəndi yolunda ekoloji tələblərlə başladığı və hələ də davam edən aksiya bu baxımdan həlledici əhəmiyyətə malikdir. İlk günlərindən qatıldığım həmin aksiyanın bölgənin ekoloji təmizliyinə verəcəyi mühüm töhfələrdən birinin Ruben Vardanyan və Arayik Arutyunyanın zibil qabına atılması olacağına qəti şəkildə əmin idim. Vardanyan artıq zibil qutusundadır, Arayikin də statusun yanına göndərilməsinə lap az qalıb. Deyilə, soruşula bilər ki, Ruben olmasın, Qurgen olsun, Arayik olmasın, Samvel olsun, nə fərq edər? Bəli, nəhayətdə bu məsələ belədir. Amma məsələni xüsusi isimlər çərçivəsində şərh etmək yanlışdır. Bizim üçün önəmli olan Rubenin qondarma bir rejimdə tutduğu vəzifədə qalıb-qalmaması deyil, onun üzərindən qurulan ssenarinin pozulması idi. Bu ssenari Azərbaycana, Ali Baş Komandanımıza və strateji hədəflərimizə qarşı tərtib olunmuşdu. Prezident İlham Əliyev özünə, ordusuna, xalqına güvənərək bu ssenarini darmadağın etdi. Qətiyyən şübhə etmirəm ki, çox qısa müddətdə Vardanyan Qarabağdan ilim-ilim itəcək, itməzsə, başına çuval keçirilib Bakıya gətiriləcək.

Xankəndi yolunda aksiya davam edəcəkmi?- indi Azərbaycanda da, Ermənistanda da ən çox verilən sual budur. İrəvan mediası canfəşanlıq edir ki, Ruben qurban verildi, Azərbaycan buyurub yolu açsın. Elə deyil!

Bu aksiya ilə Azərbaycan Xankəndiyə giriş və çıxışa ictimai nəzarət bərpa edib. Bu nəzarət rəsmi kontrola çevrilərsə, yəni Xankəndi-Laçın yolunda postumuz qurularsa, aksiyaçılara ehtiyac aradan qalxacaq.

Eyni zamanda, aksiyaçıların tələbi Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və mədənlərin qanuni fəaliyyət göstərməsinin təmin olunmasıdır. Bu, həm də Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyası üçün son dərəcə əhəmiyyətli iqtisadi layihədir.

Taleh ŞAHSUVARLI