Ərdoğan Oğana nə təklif edir?

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sinan Oğanı qəbul edib və 1 saatdan çox müzakirə aparıb. Bu olduqca müsbət xəbərdir və ilk növbədə onu göstərir ki, Oğanla bağlı MHP baryeri ən azı psixoloji planda aradan qalxıb. Çünki Ərdoğan siyasi nəzakət qaydalarına əməl edən bir liderdir və Baxçalıdan məlumatsız bu görüşü planlaşdırmazdı.

İşin maraqlı tərəfi isə budur ki, görüş Ərdoğanın rəsmi proqramında olmayıb. Bu isə o demək deyil ki, dəvət spontan şəkildə, qəfildən edilib. Deməli, arxa planda yürüdülən bir müzakirə varmış və bu müzakirədə ilkin nəticələr müsbət alınıb.

Ərdoğan özünün də dediyi kimi, bazarlıq sevməyən bir xaraktərə malikdir. Bununla belə, Türkiyə prezidenti çox yaxşı fərqindədir ki, siyasi diferensiallaşmanın güclü olduğu bir cəmiyyətdə "50+1" uğurunu yalnız öz partiyasının resursları hesabına qazana bilməz. Cümhur İttifaqı da məhz bu üzdən qurulub. İkincisi, Türkiyədə millətçi cərəyan yüksəlir və bütün millətçilər MHP-nin çevrəsində deyil. MHP-dən ayrılmış İYİ partiya Ərdoğanın qarşısında olmaqla, önəmli elektorata sahibdir. Bu planda Sinan Oğana müsbət reaksiya vermiş daha bir millətçi seqmenti müxalif mövqeyə sürükləmən AKP-nin siyasi texnoloqlarının səhvi olardı. AKP daxilində Binəli Yıldırımın timsalında təcrübəli siyasətçilər bu məsələnin fərqindədirlər.

Binəli Yıldırım ikinci turda iştirak etməyəcək üçüncü namizədin hakimiyyətdə təmsil olunmasını istəyən bir siyasətçi olaraq bu günlərdə bildirdi ki, Oğan eyforiyaya qapılmamalıdır. Bu o deməkdir ki, Oğan yeni hakimiyyətdə çox üst mərtəbələr istəyir, qarşılığında daha fərqli təkliflər eşidir. Diplomatiyada "maksimum"la başlayıb "minimum"lar barədə cavablar eşitmək adi haldır. Anlaşma, adətən, "ortada" olur.

Əgər iqtidardan təklif olunan postlar Sinan Oğanı son nəticədə qane etməsə belə, onun CXP -nin namizədini dəstəkləyəcəyinə inanmıram. Çünki kimsə özünü məğlubiyyətə şərik etməz. Mənim fikrimcə, Sinan Oğan Ərdoğanın təklifini qəbul etməli, ha böyük, ha bir az balaca müəyyən bir post almalıdlr. Bu Oğanın gələcək karyerası üçün olduqca vacibdir.

Dəfələrlə yazdım: Ərdoğanın ikinci turda 300 min əlavə səs alması üçün Oğanın dəstəyinə xüsusi ehtiycı yoxdur. Türkiyədə seçkidə iştirak etməmiş və ya edib də büllüteni korlamış milyonlarla səs var. İqtidarda olan, ana müxlaifət liderini birinci turda yenmiş və Ərdoğan kimi təcrübəli liderə malik bir komanda bu fərqi mütləq qapayar.

Ancaq bəzi şərhçilərin Oğanın nailiyyətini və rolunu kiçiltmək cəhdlərini də doğru saymıram.

Əvvəla, Oğanın aldığı 3 milyona yaxın səs kiçik məsələ deyil, Ermənistanın bütün əhalisindən çoxdur. Qarşıdakı illərdə bu bazanı təşkilatlandırarar və daha 3 milyon səs də qazanarsan, növbəti seçkilərdə 10 faizin üzərində səs götürüb parlamentə ən azı MHP qədər millət vəkili çıxararsan. İYİ partiya bunu yaşadı və mümkünlüyünü təsdiq etdi. Bunun üçün Oğanın zəruri siyasi liderlik potensialına malik olduğu artıq seçkilərdə təsdiq olunub. Maliyyə və digər məsələlər də siyasətdə həmişə perspektivli fiqur üçün həll olunandır.

Fəqət qarışdırılan bir məsələ var.

Bəli, Oğanın bu gün üçün dayanıqlı elektoratı yoxdur. Seçkilərdə ilk dəfə iştirak edir, haradan olacaq ki?

Amma diqqətdən qaçırılmamalı: Ərdoğanın Qılıncdaroğlundan geridə tamamladığı böyük şəhərlərdə Oğanın elektoral dalğalanmaya təsir gücü var. Bu təsir olmasaydı, seçki ilk turda Ərdoğanın qələbəsi ilə bitəcəkdi. Bəli, gənc, şəhərli və üçüncü qüvvə axtarışında olan sekulyar-millətçi seqmentin AKP elektoratına çevrilməsi üçün Oğan önəmli fiqurdur. İstisna etmək olmaz, Oğan bu gün bir az aşağı vəzifə ilə Ərdoğanın komandasına girə, adaptasiya oluna, amma sabah böyük şəhərlərin birində AKP-nin bələdiyyə başqanı adayı ola bilər. Çünki Ərdoğanın qarşısındakı əsas hədəf artıq yeni bələdiyyə seçkiləridir. Bu seçkilər üçün Sinan Oğan kimi simpatik fiqurlarla çevrəsini yeniləməlidir. Hətta məhz Oğanı namizəd göstərməsə belə!

Taleh ŞAHSUVARLI