Həmsöhbətimiz Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanovdur Həmsöhbətimiz Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanovdur

"Ovçuluq təsərrüfatları özəl sektora verilməlidir" - Ramin Zamanovla müsahibə

Həmsöhbətimiz Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanovdur

- Cənab Zamanov, Azərbaycanda hansı ovçuluq təsərrüfatları var?

- Azərbaycanda Uludüz, Yaşma, Mahmudçala, Zəvvar, Qırmızıkənd, Ağzıbir, Giləzi, Varvara, Babadağ, Şəki Ovçuluq Təsərrüfatları var.

- Ovçuluq təsərrüfatları özəldir, ovçular birliklərinin, yoxsa dövlət qurumlarının balansındadır?

- Bütün ovçuluq təsərrüfatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), yəni dövlətin balansındadır.

- Ovçuluq təsərrüfatlarında ov etmək üçün hansı sənədlər tələb olunur?

- Bunun üçün ETSN tərəfindən verilən, ünvan göstərilən, heyvan və ya quşların həm növlərinin, həm də saylarının dəqiq əks olunduğu ov icazə sənədi (lisenziyası) tələb olunur.

- Ovçuluq təsərrüfatlarında ov etmək üçün rüsumlar nə qədərdir?

- Rüsumlar mövsümə və canlı növünə görə dəyişir. ETSN-in internet səhifəsində hər il bu siyahı yenilənir.

- Ovçuluq təsərrüfatlarında hansı heyvan və quşları ovlamağa icazə verilir?

- ETSN və aidiyyatı qurumlar tərəfindən saylarının kifayət qədər olduğu müəyyən edilən və mövsümə uyğun olaraq döl vermə periodunu keçmiş, say etibarilə ovlanacaq kateqoriyaya düşmüş heyvan və quşları limitli sayda ovlamağa icazə verilir. Bu limitlər də müxtəlifdir və hər il ETSN tərəfindən elan olunur.

- Ovçular sosial şəbəkələrdə ovçuluq təsərrüfatlarında qeyri-qanuni ödənişlər tələb olunduğunu dilə gətirirlər. Bununla bağlı niyə tədbir görülmür?

- Heç bir halda qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz. Ovçular ov etdikləri məkanlarda rahatlıq üçün kirayə vaqon, ev, manqal, qayıq və digər xidmətlərdən istifadə etmək istəyərlərsə, bunun üçün ödənişlər ETSN tərəfindən verilən icazə sənədinə daxil deyil. Bu səbəbdən edilən ödənişlər qanunsuz hesab edilə bilməz. Bundan kənar ödənişlərdən söhbət gedirsə, bu, əlbəttə qanunsuzdur və araşdırılmalıdır.

- Ötən il Mahmudçala ovçuluq təsərrüfatına ova gedənlər əliboş qayıdıblar. Quşların həmin təsərrüfatdan yoxa çıxmasına səbəb nədir?

- Əsas səbəb kimi ərazinin mühafizəsi və su ehtiyatının azalması göstərilə bilər. Yəni təsərrüfatda heyvanların və quşların azalması təsərrüfatla yox, su hövzəsinin azalması ilə bağlıdır. ETSN bununla bağlı Mahmudçalada artıq müəyyən işlərə başlayıb. Yaxın zamanlarda bu işlərin müsbət nəticəsi olacaq.

- Bayaq Siz də qeyd etdiniz, ovçuluq təsərrüfatlarında ovla bağlı ETSN tərəfindən say limiti qoyulur. Bu limit azlığına görə ovçuların narazılığına səbəb olur. Limiti bir qədər artırmaq olarmı?

- ETSN-in ov mövsümü ərəfəsində tətbiq etdiyi qadağalar və say limitləri Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, QHT-lərin və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkillatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin rəyləri əsasında formalaşır. Bu qərarlar vəhşi təbiətin qorunması ilə bağlıdır. Ov edən şəxslər bu qadağalara və limitlərə sözsüz əməl etməlidirlər.

- Sizcə, ölkəmizdə özəl ovçuluq təsərrüfatlarının yaradılması və inkişafı üçün hansı addımlar atılmalıdır?

- Ölkəmizdəki ovçuluq təsərrüfatları uzun müddətli və dövlət tərəfindən dəstək paketi çərçivəsində özəl sektora təklif edilməlidir. Həmçinin dövlət ciddi nəzarət etməlidir ki, bu təsərrüfatların qeyri-qanuni və qeyri-peşəkar fəaliyyəti olmasın. İş adamlarının xarici ölkələrdəki ovçuluq təsərrüfatları ilə yaxından tanış olmaları üçün mübadilə proqramları təşkil edilməlidir. Bu sahədə daha çox kadr yetişdirilməlidir. Yəni özəl biznes tətbiq etmək üçün dünya təcrübəsi nəzərdən keçirilməlidir. Buna çox ciddi ehtiyac var.

- Türkiyədə, Rusiyada, Belarusda ovçuluq xüsusi turizm sahəsidir və özəl ovçuluq təsərrüfatları bu olkələrə valyuta gətirir. Bu təcrübə öyrənilirmi?

- Hazırda həm İqtisadiyyat, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa, xüsusən də İspaniya təcrübəsi öyrənilir. Eyni zamanda Türkiyə və digər ölkələrin də əldə etdiyi uğurlar müşahidə olunur.

Pərvanə AĞAZADƏ

Bu müsahibə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən "Məsuliyyətli ovçuluğun təşviqi" layihəsi çərçivəsində hazırlanıb. Müsahibədəki fikir və mülahizələr Agentliyin rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.