O QUAE MUTATİO RERUM!

Müstəqillik nəsli Şuşaya, Laçına, Xankəndiyə, işğal altında olan digər ərazilərimizə Google xəritələrindən baxardı.
44 günük savaşdan sonra Xankəndiyə Şuşadan baxdıq.
Sentyabrdakı anti-terror əməliyyatından sonra artıq Şuşaya Xankəndidən baxa bilirik.
İndi bir yaxşı rəssam lazım.
Gedə Xankəndiyə, Xankəndidən görünən Şuşanı tabloya çevirə.
Bu rəsmin bir adı var: ZƏFƏR TABLOSU.

Zəfər bizim bütün arxetiplərimizi dəyişir.
Məsələn, oxuyurduq: "Qalada yatmış idim, top atdılar, oyanmadım".
Arxetiplər kollektiv şüursuzluğun əlamətləridir, bunu Karl Qustav Yunq deyir.
Ermənilərin Qalanı- Şuşanı və Ağdamdan Laçına qədər digər qalalarımızı işğal etməsinin əsl səbəbi kollektiv şüursuzluğumuz idi.

Ötən əsrin əvvəllərində də, sonlarında da ermənilər şüurlu şəkildə təşkilatlanmış, fəaliyyət planları cızmış, konkret məqsədlər güdərək üstümüzə gəlmişdilər. Bu təhlükəni görən, qarşısını almağa çalışan ayrı-ayrı aydınlarımız, siyasi xadimlərimiz vardı, bir ara hətta "Difai" qurmuş, "qana-qan, dişə-diş" də demişdik, amma toplum olaraq şüursuz idik.

Qalada yatmış idik, top atırdılar, oyanmırdıq!

Niyə yatmışdıq, niyə atılan, evimizə düşən topun səsinə belə oyanmır, uçqun altında qalırdıq?
Ötən əsrin əvvəllərində baş verənləri anlamaq üçün çox sayda qaynaq var. Bunların içərisində Yusif Vəzir Çəmənzəminlinin qələmindən çıxanlar xüsusi yer tutur.

Yusif Vəzir öz dövrünün ən intellektual simalarından biridir, son dərəcə böyük talanta və iti zəkaya malikdir. O, öz heyrətamiz qələmi ilə azərbaycanlı arxetiplərini olduqca dəqiq təsvir edib. Şuşa mühitində boya-başa çatmış Yusif Vəzirin anlatdıqları ermənilər qarşısındakı kollektiv şüursuzluğumuzu birbaşa təsdiqləyən nümunələrdir. Bu nümunələrin heç biri əlahiddə deyir, bir-biri ilə sıx bağlılığı olan vahid "sistemdir". Bu sistem bizim maarifçilərdən nə Mirzə Fətəli Axundovun rasional tənqidləri ilə, nə də ustad Mirzə Cəlilin atdığı kinayəli atmacalarla aradan qalxa bilməzdi, çünki ümumi funksiyalar yerində qalırdı.

Xristianlarda bir adət var, məndən yaxşı siz bilərsiniz, yeni doğulan körpələri xaç suyuna salırlar. Bu, zahirən insanı gələcək həyatında günahlardan arındırmaq üçün edilir, əslində isə, kütləvi sıxışdırmadır, adına istər kütlə deyək, istərsə də icma, yığnağın fərdi özününküləşdirmək, ştamplamaq, nömrələmək cəhdidir.

Tarix təsdiq etdi ki, insanları "xaç suyuna salmaqla" böyük dəyişikliklərə nail olmaq mümkünsüzdür. Bir zamanlar SSRİ yüzlərlə xalqı eyni hovuza doldurmuşdu, axırı yaxşı qurtarmadı.
SSRİ, ondan da qabaq çar Rusiyası bizim kölgə arxetipimizdir, özümüzə etiraf etmək istəmədiyimiz naqisliklərimizdir. Bu naqisliklərin məcmusu təhlükəyə necə qarşı çıxmaq barədə plan qurmağa imkan vermir, təhlükə qarşısında əl-qolumuzu bağlayırdı. Bu təhlükəni, yəni Qalaya ermənilərin tuşladığı Qərbin cəmiyyətimizdə yaratdığı missionerlərin vəzləri ilə dəf edə bilməzdik. Heç fərqi yoxdur, "5-ci kolonlar" coğrafiyamızın hansı səmtindən formalaşdırılır, onların terminologiyası fərqli ola, biri kəriməçilikdən, o biri liberalizmdən, bu biri duqinizmdən, ötəkisi ilhaqçılıqdan danışa bilər, amma mahiyyət eynidir. Bu kolonların hamısı sonda bir söz deyir: ÖZÜN OLMA!

Vaxtilə dünyada geosentrik nəzəriyyə hakim idi. Dəqiq elmlərdən o qədər başım çıxmır, elə bircə bunu bilirəm ki, sözügedən nəzəriyyəyə görə, planetimiz bütün kainatın mərkəzi sayılırdı, Yer, necə deyərlər, öz yerində tərpənməz dururdu, günəş də başımıza fırlanırdı. İnsanlar bu inamlarından bərk-bərk yapışmışdılar və ona şübhə edilməsindən əsla xoşlanmırdılar. Hər şeyi Nikoloy Kopernik dəyişdi. Deməli, bir adam, cəmi bir adam nəinki doqmalara qarşı çıxmağa, hətta bəşəriyyəti bir sistemdən o birinə- geosentrizmdən helosentrizmə adlatmağa qadirdir.

Kilsələr, məscidlər, tapınaqlar toplumlara əsrlər boyunca forma vermişdi, hətta insanların ömrünü həm ayrı-ayrılıqda, həm də cəm şəkilndə mənalandırmışdı da. Ancaq bir şeyi- insanları yüksək inkişaf səviyyəsinə çatdırmağı bacarmamışdı. Bununla da bir daha sübut olunmuşdu ki, xaç suyuna salmaqla insanları nə yetkin, nə uğurlu, nə də xoşbəxt etmək mümkündür. Həyatın ən əsas qanunu budur ki, qazanmalı olduğun şeyləri özün qazanmalısan, heç kim, hətta ən xeyirxah institutlar belə sənin vəziyyətini yaxşılaşdırmağa və ya müsbətə doğru dəyişməyə qadir deyil. Təhlükəni dəf etmək üçün əzm göstərməlisən, iradə sərgiləməlisən, plan qurmalı və onu gerçəkləşdirməlisən.
Prezident İlham Əliyev Azərbaycan üçün məhz belə bir missiya və görəv sahibidir. O, DƏYİŞMƏYİ BACARAN bir azərbaycanlı nümunəsidir.

İndi İlham Əliyevin hakimiyyət uğrundakı mübarizədə açıq və gizli rəqibləri boyunlarına almaya bilər, bəzən də Əli Kərimli sayaq hisslərini cilovlaya bilməyib onun tarixi zəfərimizin qazanılmasındakı müstəsna və misilsiz rolunu kiçiltməyə çalışa bilərlər. Ancaq "müstəqilliyimizin qanqrenası olan erməni sepertizmi necə məhv edildi" sualının bircə düzgün cavabı var: İlham Əliyev! məhz İlham Əliyev bunun mümkünlüyünə hər birimizdən çox inandı, həll üçün resurslar yaratdı və hədəfini gerçəkləşdirmək üçün usanmadan çalışdı. Bəli, ermənilər yüz illər ərzində təşkilatlanmış kütlə idilər. Yüz illər ərzində biz çox təşkilatlar qurmuş, neçə-neçə kütləvi hərəkat yaratmış, ancaq İrəvanı, Zəngəzuru, Qarabağı qoruya bilməmişdik. Əliyev isə vətəni geri qaytarmağı ona görə bacara bildi ki, fərdiyyətini yüzillərin erməni sistemindən daha yaxşı təşkilatlandırdı, inkişaf etdirdi, öz timsalında yeni azərbaycanlı mənliyi yaratdı.

Toplumu ovsunlamaq siyasi liderliyin olmazsa-olmazlarındandır. Müsəlmanların şeytanı daşlaması, xristianların şeytanı zənglə qovması ritualları ilə yanaşı, bir azərbaycanlı liderin Xankəndidə pəncərələri açaraq otağın havasını dəyişməsi də psixoloji effektdir. Üstəlik, mən onu da yaxşı başa düşürəm ki, dövlətlərə təntənə lazımdır. Bu təntənə bir gün atəşfəşanlıq, bir gün parad, bir gün festival, nəhayət futbol matçı şəklində nümayil oluna bilər. Bundan ən azı mənim qədər riqqətə gələnlər də ola bilər, məyus olanlar, əzilənlər də. Ancaq bu hadisələrin hər biri biz azərbaycanlıların yeni kollektiv şüurunu formalaşdırır və mənim üçün ən əsas məsələ də elə budur- kollektiv şüursuzluqdan kollektiv şüura keçid və şüurlu kollektivdə fərdi məsuliyyət.

Budur, Prezident İlham Əliyev Xankəndidəki futbol meydançasına "Qarabağ" sədalarının müşayiəti ilə daxil oldu. Biz bu şüarı çox qışqırmışdıq. Şüursuzcasına! 1988-ci illərdə Hökumət evinin qarşısında Leninin adını daşıyan meydana Topxananın harayına toplaşanların fədakarlıqlarını və vətənpərvərliklərini qətiyyən şübhə altına almaq istəmirəm. Ancaq o günlərdən başlayaraq Heydər Əliyev yenidən iqtidara gələnədək bizim toplum olaraq irəliyə doğru ən mükəmməl baxışımız "gələcək özü nə gətirəcək" sualından o yana keçmirdi. Biz bir toplum olaraq gələcəkdən çox şey gözləyə bilərdik- azadlıq, müstəqillik, demokratiya, şampunla yuyulan küçələr, dəbdəbəli həyat, qısa zamanda dünyanın ən firəvan ölkəsi olmaq... Ancaq bütün bunların "əgər belə olsa" kimi şüursuzluq psixologiyasının tipik örnəkləri olduğunun fərqində deyildik. Ola da bilməzdik, çünki fərq edə bilmək üçün lazım olan müşahidə və təhlil qabiliyyəti bütün şüursuzluq zonasında olan toplumlardakı kimi, bizim də yox idi. Biz yenə "Qarabağ" qışqırırıq. Bu dəfə Xankəndidə. Xalq Tribunada, Lider meydandadır. Bu, sadəcə zaman, məkan və təzahür fərqi deyil, həm də məzmun fərqidir. Əliyev 1980-ci illərdə "Qarabağ" hayqıran xalqı Xankəndiyə aparıb, tribunaya çıxarıb, özü isə sahəyə enib, start topu vurur.

Sosial şəbəkələr bir andaca coşur, rəylər və üslublar nə qədər fərqli olsa da, məzmun eynidir: O QUAE MUTATİO RERUM! Yəni, "Ah, nə böyük dəyişiklik" deyir hər kəs. İllər öncə yazdığım geniş bir məqaləni xatırlayıram, axtarıb tapıram:

"Lap çoxdandır ki, dünyanın heç bir yerində böyük dəyişikliklər ənənəvi liderlər sayəsində mümkün olmur, onların təməl yanaşma prinsipləri və spesfik xüsusiyyətləri ilə proseslərin məzmunu və yüksək tempi ötüşmür. Nəticədə, xalqların yeni çağa transformasiyasını gerçəkləşdirəcək məziyyətlərə malik liderlər aranır və elə bir liderə malik olan cəmiyyətlər, sözün əsl mənasında, şanslı sayılır."

Bəli, biz şanslıyıq. Çünki o lideri bulmuş və dəstəkləmişik. Sadəcə, dəstəkləməmişik, özümüz də az və ya çox dərəcədə dəyişmişik, məsuliyyətcə, heysiyyatca, şüurca təzələnmişik. Kanada tədqiqatçısı Kennes Leytvud heç də əbəs yerə demirdi:

“Dəyişdirici (transformasional) liderlik- insanların missiya və viziyalarının yenidən müəyyən olunması, məsuliyyətlərinin təzələnməsi, məqsədə çatmaq üçün sistemin yenidən qurulmasıdır. Qarşılıqlı mübadiləyə söykənən və liderin hər şeydən öncə, mənəvi-əxlaqi vasitəçi kimi çıxış etdiyi bir münasibətlər sistemidir”.

Gələn il fevralın 7-də Azərbaycan qutu başına gedəcək və DƏYİŞİKLİYƏ SƏS VERƏCƏK! Böyük hərflərlə yazdığım bu dəyişikliyin təşəbbüskarı və gerçəkləşdirəni isə məhz İlham Əliyevdir. Əliyevi dəyişdirmək istəyənlər, bunun üçün məqam gözləyənlərin, fürsət axtaranların xəyalları suya düşüb, məlum. O da bəllidir ki, Azərbaycanın tərəqqisinə formal və səthi baxanlar, mürəkkəb bir tarixi prosesə şablonlarla yanaşanlar bir toplumu funksional baxımdan yeniləməyin risklərindən hər zaman faydalanmağa çalışıblar. Erməni seperatizminin yuvası Şuşanın ayaqları altına düşdüyündə "bəs, Xankəndi" deyə soruşanlar həftələrdir özlərini qanmazlığa vurub "Əliyev nədən növbədənkənar seçkilər elan etdi" deyə üz-başlarını cırırlar. Guya dəyişiklik istəyən bu sosial şəbəkə psixopatlara Azərbaycanın gələcəyini şəkillərindən tarixi paradiqmaların necə, kimin və nələrin sayəsində dəyişdiyini izah etməyə də lüzum yoxdur. Şərqi Afrikada bir qəbilə varmış. Bu qəbilənin dilində həm "günəş", həm də "Tanrı" eyni sözlə ifadə olunurmuş. Günəş doğması əsnasında ovuclarına tüpürər, sonra əllərini səmaya uzadıb dua edərmişlər. Bu, onların Tanrıya ibadəti imiş. Günorta vaxtlarında isə Günəşi Tanrı saymazlarmış. Bir gün bir avropalı günorta onlara sual verir: "Günəş Tanrıdırmı?" Deyirlər ki, yox. Avropalı soruşur: Bəs, necə olur ki, günəş doğmazdan öncə onu Tanrı sayır, ibadət edirsiniz, ancaq günorta yox? Bu sualına məqbul cavab ala bilmir. Çünki belə bir cavab yox idi. İbtidai qəbilə üçün Günəşin doğarkən Tanrı olması və ən çox işıq saçdığı zamanda Tanrı olmaması arasında heç bir fərq yox idi. Onlar üçün vacibi şəxsi emosiyaları, fantaziyaları idi. Həmin Afrika qəbiləsi öz emosiyalarını, fantazilayarını sorğulamadığı kimi 7 fevral seçkiləri üçün ədalətli şərtlərin olmamasını bəhanə edən müxaliflər, Xankəndiyə bayraq sancmış bir sərkərdəyə yutub kanallarından xox gəlməklə qalib gəlməyin mümkünlüyünə inanan mühacirlər də İlham Əliyevin Qarabağı azad etməklə lider olmadığını, tam əksinə, lider olduğu üçün Qarabağı işğaldan xilas etdyini qəbul edə bilmirlər. Ancaq bütün bunlar efermer hadisələrdir.

ƏSAS HADİSƏLƏRİN BAŞ VERƏCƏYİ GƏLƏCƏYƏ GEDƏN YOL XANKƏNDİDƏN KEÇİR.

Taleh ŞAHSUVARLI