Komitə sədri Zəhra xanım Quliyevadan yazdı

Zəngin və çoxşaxəli fəaliyyətilə xalqımıza və dövlətimizə xidməti özünə ən böyük şərəf kimi qəbul edən, unudulmaz şəxsiyyət və dəyərli insan Zəhra xanım Quliyevanın hər kəsin qəlbində özünəməxsus yeri vardır.
Bu gün hər kəs onu Azərbaycanın sayılıb seçilən ziyalılarından biri, tanınmış elm və təhsil təşkilatçısını böyük ehtiramla xatırlayır, fədakar olduğu qədər də təvazökar bir insan yad edir.
Zəhməti və istedadının sayəsində 82 illik ömrünün hər gününü böyük vətəndaş məsuliyyəti ilə yaşamağa üstünlük verən Zəhra xanım Quliyeva bir alim və həkim kimi böyük hörmət və nüfüz sahibi idi.
Fəaliyyəti oftalmologiya elminin inkişafı dövrünə təsadüf etdiyi, özü də bu prosesin bir parçası olduğundan tibbin zərif sahəsində elmi nəticələrin əldə edilməsi, eləcə də pasientlərin müalicəsi və profilaktik xidmətə cəlb olunmasında böyük rol oynamışdır. Həmkarları, tələbələri və yetirmələri, onu bir pedaqoq, bilik və bacarığını, səmimiyyət və mehribanlığını əsirgəmədən bölüşməyə hazır bir insan kimi xarakterizə edirlər.
Azərbaycan Dövlət Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında əmək fəaliyyətinə başlayan Zəhra xanım daha sonra bu təhsil müəssisəsinin prorektoru, rektoru vəzifəsini tutmaqla oftalmologiyanın problemlərinin və görmə orqanınıın xəstəliklərinin öyrənilməsinə xeyli əmək sərf etmiş, onlarla elmi işin, dərslik və monoqrafiyaların, ixtira və səmərələşdirici təkliflərin müəllifi olmuşdur.
Yüksək ixtisaslı kadrların hazırlanması, onların davamlı inkişafı işinə verdiyi töhfələr elm ictimaiyyəti tərəfindən bu gün də minnətdarlıqla xatırlanır.
1975-ci ildən Azərbaycan Oftalmoloqları Elmi Cəmiyyətinin sədri, Bakı şəhər Sovetinin deputatı eləcə də SSRİ Ali Sovetinin (8 və 9-cu çağırış) 2 çağırış deputatı olmuşdur.
Sovet dönəmində həkim, alim və ictimai xadim kimi bir sıra beynəlxalq tədbirlərdə ölkəni təmsil etmiş, dünyanın bir cox ölkələrində keçirilən çoxsaylı konfransların,simpoziumların,sülh günlərinin iştirakçısı olmuşdur.
Respublikanın ictimai həyatında yaxından iştirak edən Zəhra xanım ardıcıl və məqsədyönlü fəaliyyəti ilə Ümummilli Liderimiz Heydər Əliyevin diqqətini cəlb etmişdir.
O, öz müsahibələri və çıxışlarında Ulu öndər Heydər Əliyevin ailəsi, xüsusilə də Zərifə xanım Əliyeva ilə yaxın münasibətləri, eyni peşə sahəsində yanaşı və birgə keçən illərini həyatının ən gözəl illəri kimi xarakterizə edirdi.
Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişini isə Tanrının Azərbaycana böyük lütfü hesab edirdi.
O, sovet dönəmində Heydər Əliyevin Azərbaycana rəhbərliyini, eləcə də çətinliklərlə müşaiyət olunan müstəqillik illərində xalqımız üçün xilaskarlıq missiyasını yüksək dəyərləndirir və hər kəsin bu işdə ona ən yaxından dəstək və dayaq olmaq kimi bir borcu olduğunu yorulmadan vurğulayırdı.
Təsadüfi deyildir ki, Ulu öndər də onun fəaliyyət göstərdiyi bütün istiqamətlər üzrə əldə etdiyi nəticələri yüksək qiymətləndirir, onu müxtəlif dövlət mükafatları, orden və medallarla təltif edirdi.
Zəhra xanım Quliyeva sovet dövründə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordenləri ilə təltif edilmiş, “əməkdar elm xadimi” adına layiq görülmüşdür.
1998-ci il yanvarın 14-də Ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölkədə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış və Zəhra xanım Quliyeva bu Komitənin ilk sədri olaraq 2005-ci ilədək bu vəzifədə çalışmışdır.
Həmin illəri hamı kimi məndə çox yaxşı xatırlayıram.
Bu çətin, ziddiyyətli, eyni zamanda əhəmiyyətli və şərəfli dönəmlərdə istər alim, istər həkim, istər ictimai və dövlət xadimi kimi ona tapşırılan və özünün seçdiyi sahələrdə fədakarlıq nümunəsi sərgiləyən Zəhra xanımı yaxından tanımaq, ölkə daxilində və xaricində onu müşaiyət və müşahidə etmək mənə də nəsib olmuşdur.
Sadəliyi və təvazökarlığı, humanistliyi və tələbkarlığı ilk baxışdan özünü göstərən əsas cəhətləri idi. Prinsipiallığı və nöqsanlara qarşı barışmazlığı isə daimi olaraq səmimiyyəti və mehribanlığı ilə bir arada diqqətləri çəkirdi.
Hər bir mövzuda ünsiyyətə açıq və maraqlı həmsöhbət olduğu kimi tərəf müqabil kimi də çox cəlbedici idi.
Səlis və rəvan nitqi, incə təfərrüatları ilə hər zaman diqqətləri özündə saxlamağı yaxşı bacarırdı.
Hər kəs ecazkar zahiri məlahəti ilə yanaşı, daxili gözəlliyi ilə qəlbləri ovsunlayan bu gözəl insanla ünsiyyətdən zövq alardı. Yüksək mədəniyyəti və kübarlığı da öz yerində.
Uşaqlıq və gənclik illərində üzləşdiyi çətinliklər onu mətinləşdirmiş, lakin heç bir halda sərtləşdirməmışdi.
Yeri gələndə nəsihətləri, tövsiyyələri də olurdu. Hərdən sərt danlağına da tuş gəlirdik. lakin mən hələ bu səbəbdən kiminsə ondan narazı qaldığına dair bir məlumata malik deyiləm.
Dövlət Komitəsinin sədri kimi isə insanlar arasında çox böyük nüfuz sahibi idi. Ölkənin hər yerində onu yaxşı tanıyır və onunla görüşə can atırdılar. İstisnasız olaraq hər kəsi dinləməyə, yardım göstərməyə hazır idi.
Hamı onu bir ana kimi qəbul edir, öyüd və tənbehindən nəticə çıxarmağa çalışırdı.
Yaxından müşahidələrimin nəticəsi olaraq deyə bilərəm ki,onun bu həyatda iki böyük sevgisi vardı ki, hər zaman başqalarına da onları aşılamağa çalışardı.
Birincisi, Azərbaycan və azərbaycanlılar, ikincisi isə öz ömrünü bu məmləkətə və onun insanlarının həyatına həsr etmiş Ulu Öndərimiz Heydər Əliyev idi.
Harada olmasından asılı olmayaraq bütün nitqlərini biri ilə başlayır, digəri ilə bitirərdi. Onunla bu mövzularda söhbətlərimiz, diskussiyalarımız çox olmuşdu.
Hər dəfəsində də bu zərif və mülayim təbiətli insanın - ideallarına və prinsiplərinə sədaqət mücəssəməsi kimi qəbul edilən Zəhra xanımın şəxsiyyətinin bütövlüyünə heyran qalmamaq mümkün deyildi.
Çünki o, bu amalları üçün bütün imkanlarını təmənnasız və sonadək əsirgəməyən vətənprəvər ziyalı, əsl Azərbaycan qadını idi.
Odur ki, bu gün Onu, bu gözəl insan və əvəzsiz Şəxsiyyəti böyük qürur və fəxarət hissi ilə anır, ruhu şad olsun deyirəm!

Bahar Muradova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri