"Prezidentin sərəncamı hüquqi aktdır, manipulyasiya predmeti ola bilməz"- Taleh Şahsuvarlı

"Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən varisi olduğumuz Xalq Cümhuriyyətinin qurucularından biri, kifayət qədər mürəkkəb tarixi şəraitdə milli məfkurəmizin formalaşmasına və inkişafına həm publisist, həm də siyasi xadim olaraq önəmli töhfələr vermiş Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunacaq. Bu, olduqca vacib, dövlətçilik ənənələrimiz baxımından misilsiz əhəmiyyətə malik sərəncamdır"- bu baradə AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı açıqlama verib.

Baş redaktor bildirib ki, prezidentin bu sərəncamının həm də böyük siyasi mənası var:

"Uzun illər ərzində Rəsulzadə üzərindən iqtidara, şəxsən prezident İlham Əliyevə əsassız və qərəzli hücumlar təşkil olunurdu. İmzalan sərəncam bir daha təsdiq etdi ki, İlham Əliyev xalqımızın və dövlətimizin tarixində xidmətləri olan heç bir şəxsiyyəti unutmur, onların xatirəsinin ictimai yaddaşımızda əbədi yaşamasına xüsusi diqqət göstərir"

Taleh Şahsuvarlı vurğulayıb ki, prezidentin sərəncamı elmi baxımdan son dərəcə obyektiv və heç bir mübahisəyə yer qoymayacaq şəkildə mükəmməldir:

"Çox böyük məmnuniyyət hissi ilə deyirəm ki, sərəncamda Rəsulzadənin tariximizdəki yerinə və roluna olduqca sərrast qiymət verilib. Həmin dövrlə maraqlanan bir yazar olaraq illərdir qaragüruhu, diletantları qarşıma alıb məhz bu elmi mövqeyin cəmiyyətimiz üçün hasil olmasına çalışmışam. Arqumentlərimizə elmi baxımdan cavab verə bilməyən manipulyatorlar bizi anti-Rəsulzadəçilikdə suçlayıblar. Halbuki mənim mövqeyim çox sadə bir prinsipə əsaslanıb: tarixçi fakt və mənbə ilə danışmalıdır! Fakta və mənbəyə əsaslanmayan mülahizələr bir şəxsiyyətə gerçək rəğbət yarada bilməyəcəyi kimi, pozitiv elmin qaydalarına zidd olan üsullarla ortaya qoyulan istənilən portret də tarix şüurumuzu zədələyə bilər"

Prezidentin sərəncamı ilə bağlı "Rəsulzadə ev muzeyi" İctimai Qrupu və "Rəsulzadə-140" yubiley Təşkilat Komitəsi adından bəyanat yayılıb. T.Şahsuvarlı bu bəyanata da münasibət bildirib.

"Əvvəla, Prezidentin sərəncamı prosedurlara uyğun olaraq rəsmi şəkildə dərc olunub. Sərəncamda dövlətimizin başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıb:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Göründüyü kimi, özünü "Rəsulzadə-140" yubiley Təşkilat Komitəsi adlandıran qrup heç bir rəsmi səlahiyyəti olmayan, sərəncamdan irəli gələn vəzifələri icra etməyə səlahiyyəti çatmayan ictimai təşəbbüs heyətidir. Əgər Prezident Rəsulzadənin 140 illik yubileyini təşkil etməyi Nazirlər Kabinetinə, Mədəniyyət, Elm və Təhsil nazirliklərinə, Milli Elmlər Akademiyasına həvalə edibsə, bu qrup özündə ədəb və səmimiyyət tapıb özünü buraxmalıdır. Çünki dövlət tədbirlərini öz adına çıxmağa bu heyətin heç bir səlahiyyəti və ixtiyarı yoxdur.

İkincisi, mən çox təəssüf edirəm ki, bu qrup prezidenti sərəncamını təhrif edir və manipulyasiyalara məruz qoyur. Dövlət başçısının sərəncamı hüquqi aktdır, təhrifə məruz qala və manipulyasiya predmeti ola bilməz. Sərəncamın preambulası belədir:

"2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.

Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır".

Bəyanat müəllifləri isə sərəncamdan danışanda sərəncamda istifadə olunmayan terminlər, epitetlər, rəylər əlavə ediblər. Bu, hüquqi baxımdan nihilizm olmaqla bərabər, alim etikasından, tədqiqatçı nəzakətindən uzaq və mənim qənaətimə görə, elmi baxımdan kifayət qədər mükəmməl bir sərəncamın ictimai effektinə qarşı qəsddir. Bu cür hüquqi məsuliyyətsizlik, mənim fikrimcə, Rəsulzadə şəxsiyyətinə ehtiramdan irəli gəlmir".

AzNews.az