İlham Əliyevin mesajları siyasi kommunikasiya predmeti kimi- TƏHLİL

Kommunikasiya- siyasətin şah damarıdır. Siyasət kommunikasiyasız gerçəkləşə bilməz. Odur ki, siyasi liderlərin gücü həm də onların kommunikasiyanın potensialından hansı məharətlə istifadə etməsindədir. Bu günlərdə Azərbaycan telekanallarına verdiyi müsahibədə prezident İlham Əliyev bir daha isbat etdi ki, bu müstəvidə də onun alternativi yoxdur. Sadəcə, hakim Yeni Azərbaycan Partiyasının deyil, xalqın bütün kəsimlərinin yenidən prezidentliyə namizəd göstərdiyi İlham Əliyev milli mediamızın kifayət qədər peşəkar təmsilçilərinin verdiyi açıq və sərrast sualları cavablandırarkən tamaşaçıları, yerli və xarici ictimaiyyəti həm məlumatlandırdı, həm də duyğularına və ağıllarına xitab edərək yönləndirdi. Prezident son dərəcə aydın, sistemli və ardıcıl şəkildə təxminən 10 blok üzrə ölkənin cari və strateji gündəmini anlatdı, seçkilər öncəsi daha bir dəfə vətəndaşlarla bağ qurdu.

Formata diqqət çəkəndə bu təmas ilk növbədə iki gerçəkliyi üzə çıxardı. Əvvəla, prezident yerli telekanalların kamerasının qarşısına keçməklə Azərbaycan mediasına verdiyi dəyəri ifadə etmiş oldu. Bu, kifayət qədər vacib nüansdır ona görə ki, xeyli vaxtdır sosial şəbəkələrin ana medianı əzməsi, arxasınca sürükləməsi barədə yanlış təsəvvürlər yaradılırdı. Digər tərəfdən, kifayət qədər səmimi və sayğılı bir ortamda gerçəkləşən müsahibə sosial şəbəkələrdə, xüsusən də yutub kanallarında müxalif isimlərin iştirakı ilə yayımlanan qısır siyasi qovğaların nə qədər lüzumsuz və təsirsiz olduğunu bir daha bəlli etdi. Elə gələn ayın ilk həftəsinə təyin olunmuş “növbədənkənar prezident seçkilərinə nə gərək vardı” sualına İlham Əliyev və onun müxaliflərinin verdikləri cavabın məzmunca dolğunluğu arasındakı həddən ziyadə böyük fərq də təsdiq edir ki, dövlət başçısının prioritetləri onunla seçki yarışına çıxmağa cürət etməyən marginal sosial şəbəkə “siyasətçilər”i ilə heç bir halda üst-üstə düşmür. Prezident Əliyev qalib dövlətə çevirdiyi Azərbaycanın tərəqqisi üçün cəmiyyəti yeni hədəflərə hazırlayarkən, ərazi bütövlüyümüzün bərpasından sonra aparılması labüd olan sərhədlərin delimitasiyası və demarkasiyası zamanı hər qarış üçün mücadilə veriləcəyinin altını cızarkən onun postunu tutmaq xülyasına düşənlər “Svetlana Tixonovskaya olaq, ya olmayaq” dartışmaları ilə ölkəni “məxməri bataqlığa” çəkmək planlarının puç olmasından məyusluq keçirirlər.

Nəzəriyyədən çıxış etsək, siyasi kommunikasiyanın 7 əsas funksiyası var.

1. Mesajların verilməsi. Müsahibə həm vaxt, həm də məzmun baxımından kifayət qədər geniş olduğundan prezidentin mesajlarını çeşidləmək və sıralamaq oxucularımızın xeyli vaxtını ala bilər. Bununla belə, zənnimcə, dövlət başçısının Ermənistanla sülh müqaviləsi, sərhədlərin müəyyənləşməsi və bunun üçün istifadə olunacaq xəritələr, Zəngəzur dəhlizi, İrəvanın revanşizmə sürüklənməsi ilə bağlı verdiyi mesajlara xüsusi diqqət yetirilməli, təhlil olunmalıdır.

Bəli, Azərbaycan Qarabağı işğaldan qurtarmaqla, öz ərazi bütövlüyünü bərpa etməklə həqiqətən də üzərində geopolitik dəngələr qurulan layları yerindən oynadıb. Cənubi Qafqazda yaranan yeni reallıq dünyanın böyük güclərini bölgəmizdə oyundankənar vəziyyətdə qoyub. Rəsmi Bakı İrəvana beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh təklif edir, lakin barış sözləşməsində üçüncü, dördüncü, beşinci tərəflərin imzasını görmək istəmir. Regionun kvazi dövləti Ermənistan isə Azərbaycanın kifayət qədər əsaslı və məntiqli, necə deyərlər, daşdan keçən arqumentləri ilə razılaşmaqdan savayı yolu yoxdur. Sözün bütün mənalarında!

2. Əvvəllər verilmiş mesajların təsirinin və davamlılığının artırılması. Prezident Əliyevin açıqlamalarını bu baxımdan iki yerə bölmək olar. Daxili və xarici auditoriyaya öncələr verilmiş mesajların üzərinə yenidən qayıdaraq o, mövcud situasiyanı ətraflı şərh etdi. Prezident

“onu da bildirməliyəm ki, avqustun əvvəlində artıq yol hazır olandan sonra biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, biz avqustun 5-də artıq o yola çıxırıq və Laçını götürürük nəzarətimizə. Yəni o, bir bildiriş idi. O, bir xahiş deyildi, bildiriş idi” deməklə sonucda bayrağımızın Xankəndidə dalğalanması ilə nəticələnəcək prosesdə həlledici amilin Azərbaycanın dövlət iradəsi olduğunu ifadə etdi.

“Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”- deyən dövlət başçısı bu mesajla xarici auditoriyanı öz liderlərinin davranışlarını sorğulamağa dəvət etdi.

3. İctimai gözləntiləri ölçə bilmək bir siyasi lider üçün olduqca mühüm bacarıqdır. Prezident Əliyev hesab edir ki, onun hakimiyyətdə olduğu 20 illik dönəm Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə uğurlu epoxa kimi başa çatıb. İndi həm xalqın öz liderindən, həm də liderin öz xalqından yeni gözləntiləri var. Üstəlik, bu gözləntilər hətta keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı, yaxud COP29 kimi dünyanın ən nüfuzlu tədbirinin ölkəmizdə keçirilməsi kimi irimiqyaslı fəaliyyətin çərçivələrindən də kənardadır. Fevraldakı prezident seçkilərini yeni dövrün və yeni missiyanın başlanğıcı adlandıran dövlət başçısı cəmiyyəti yeni milli hədəf diskussiyalarına dəvət etməklə “bərabər yürüdük, bərabər yürüyəcəyik” demiş oldu.

4. Bəs, cəmiyyətin bu mesajlara reaksiyası necədir? Bu suala cavab vermək üçün dağa-daşa düşməyə hacət yoxdur. Münasibət birmənalı şəkildə yüksəkdir, pozitivdir. Fəqət burada mən bir qənaətimi bölüşməkdən özümü saxlaya bilməyəcəm. İlham Əliyev öz xarakteri, nitqi və fəaliyyəti ilə güvən aşılayan bir siyasətçidir. Bu, bəllidir. Ona publikanın simpatiyasını dərinləşdirən başqa bir xüsusiyyət də var- təvazökarlıq! Bu keyfiyyət nüfuzuna görə dünyadakı bütün liderləri geridə qoymuş Azərbaycanın dövlət başçısını həm də həmkarlarından tərəfdarlarının inamını, cəmiyyətin rəğbətini istismar etməməklə fərqləndirir.

5. Qənaət yaradıcılarına nüfuz etmək, əlbəttə, sadə insanları inandırmaqdan daha çətin məsələdir. Çünki bu zümrə öz təbiətinə görə skeptikdir və onların əsas işi siyasətçiləri sorğulamaq və haqlı-haqsız tənqid etməkdir. Tamamilə soyuqqanlı və obyektiv şəkildə deyirəm: Prezident Əliyev yerli telekanallara müsahibəsində o qədər mükəmməl bir dövlət başçısı portreti ortaya qoydu ki, özünü azərbaycanlı hesab edənlər onu heyranlıqla izləməyə bilməzdi. Zira, Əliyev bir dövlət başçısı kimi təkcə biz azərbaycanlıların deyil, həm də Azərbaycanla maraqlanan dövlətlərin rəsmi dairələrinin, mediasının və ekspertlərinin diqqət mərkəzindədir. Xüsusən də Ermənistanın. Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Cyunik Ağacanyanın analitikası çökmüş İrəvan mediasına verdiyi müsahibəyə nəzər salaq. Az qala bütün sətirləri qəzəbli və qərəzli olan intervyüdən çıxan bir nəticə var: Əliyev İrəvanı dalana dirəyib!

6. Gündəm yaradıcılığı. İlham Əliyevin dövlət başçısı kimi masasında olan məsələləri ictimai rəyə daşıması onun dəsti-xəttidir. Üstəlik, bəzən prezident vəzifəsinin yaratdığı təbii baryerləri mümkün həddə aşaraq xalqla açıq-açıq danışmasına da adət etmişik. Toplumlar, əlbəttə, hər şeyin vacehinə yetmək istəyir, ancaq dövlətin yeganə ən informasiyalı şəxsi olan prezidentlər elə məsələlər var ki, bu barədə ancaq ipucu verə bilərlər. Bu baxımdan İlham Əliyevin müsahibə boyu dönə-dönə “arxayınlaşmamalıyıq” anlamına gələn mesajlar verməsi xüsusi diqqət çəkir. Deməli, gündəmimiz də bizi arxayınlaşmamağa sövq edən amillər olmalıdır.

7. Rəqiblərin ideoloji tərk-silah edilməsi. Nə qarşıdakı seçkilərdə iştirak edənlər, nə də etməyənlər arasında İlham Əliyevin rəqibi var. Açıq desəm, prezident seçkilərində iştirak edənlər iştirak etməklə, iştirak etməyənlər isə iştirak etməməklə öz siyasi mövcudluğunu qorumaq istəyirlər. Odur ki, onlardan Əliyevin alternativləri qismində danışmağa dəymir. Eyni zamanda bu da bir reallıqdır ki, Cənubi Qafqaz uğrunda amansız rəqabət gedir və bu rəqabətin çanağını bizim başımızda çatlatmaq istəyənlər var. Bu dövlətlər sırasında neokolonist Fransa xüsusi fəallıq nümayiş etdirir. Ancaq məsələ bundadır ki, heç Fransadakı Azərbaycanla münasibətlərin gərginləşməsinə səbəb olan populist və demoqoq siyasətçilər də Əliyevə beynəlxalq arenada rəqib olmaq potensialına malik deyillər. Sadəcə, bu, kommunikasiya nəzəriyyəsində istifadə olunan termindir və ondan formal şəkildə istifadə etməyə məcburuq. Məsələnin məğzinə dönsək, Fransanın Azərbaycana, Azərbaycanın isə prezidentin timsalında Fransaya ünvanladığı ittihamları qarşılaşdırmalıyıq. Bu vəziyyətin yaranması rəsmi Bakının arzusu deyil, ancaq Azərbaycan diplomatiyası haqsız və məkrli həmlələri qarşısında susmaq fikrində də deyil. Təsadüfi deyil ki, prezident Əliyev Fransanın isterik bəyanatları və davranışları barədə ətraflı danışaraq Ermənistanın əsas hamisi olmaq üçün dəridən-qabıqdan çıxanların ideoloji bazasını darmadağın etdi.

Taleh ŞAHSUVARLI