ƏN GÜCLÜ DÖVRÜNƏ QƏDƏM QOYAN MÜASİR AZƏRBAYCAN - UNEC alimlərinin ZİYALI MÖVQEYİ

…Biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı bilavasitə liderlik amili ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan təcrübəsiz, səriştəsiz, antimilli qrupların milli maraqlara zidd fəaliyyəti nəticəsində xaos və anarxiya meydanına çevrilən Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ona görə də Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir. Heydər Əliyev siyasətinin davamçısı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasi kursun nəticəsində isə müasir, müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etmiş, öz adını tarixə XXI əsrin ən uğurlu dövlətlərindən biri kimi yazdırmışdır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur.

İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə həmin il seçkilərdə parlamentdə böyük əksəriyyəti hakim partiyanın təmsilçiləri olan namizədlər qələbə qazanmışdır.

Azərbaycanın müstəqil, innovativ proseslərə açıq bir ölkə olaraq, dünyaya inteqrasiyasında İlham Əliyevin rolu əvəzsizdir.

Minlərlə tarixi faktları sıralamaq, xronoloji ardıcıllığı xatırlamaq yerinə düşər.
Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınmış və deportasiya edilmişlər. Xüsusilə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi sürətdə və zorakılıqla sürgün olunmuşdur.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnir.

1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlamışdır. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 1154 nəfər isə yaralanmışdır. Həmvətənlərimiz erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.

Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşamış, lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməmişdir.
1988-ci il martın əvvəlindən başlayaraq Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini zəbt etmək istəyirdi.

1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və Qanlı Yanvar faciəsinin törədilməsindən sonra Azərbaycan xalqının SSRİ-yə münasibəti tamamilə dəyişir. Azərbaycanın kommunist rəhbərləri xalqın milli şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü qərəzli siyasətə kəskin etirazını bildirir, sovet ordusunun dinc əhaliyə divan tutmasını qətiyyətlə pisləyir və daha sonra Kommunist Partiyasının üzvlüyündən imtina edir.

1991-ci il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edilməsinə qarşı cavab tədbiri alan Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il noyabrın 23-də Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Bundan sonra açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Bununla da, münaqişə yeni “qaynar mərhələ”yə keçdi.

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuşdur, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərmişdir.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan azərbaycanlı əhaliyə qarşı Xocalıda soyqırımını törədir. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalıda baş verən kütləvi qırğın ABŞ-da, Böyük Britaniyada, bir sıra Avropa və Asiya ölkələrində, beynəlxalq nüfuzlu təşkilatlarda azərbaycanlılara qarşı soyqırımı kimi tanınmışdır.

1993-cü ildə Ermənistanın şiddətlənən hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu.

1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu Öndər Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərini nəzərə alaraq ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi istqamətində işlər görmüşdür.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülmüş, 50 min nəfərdən çoxu isə əlil olmuşdur. I Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum deyil.

Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olmuş, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul edilmişdir.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrlə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb etmişdir. Lakin BMT-nin qəbul etdiyi həmin qətnamələr yerinə yetirilməmişdir.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistanın mane olmaq cəhdlərinə baxmayaraq, münaqişənin həlli prinsipləri müzakirəyə çıxarılmışdır. Bu prinsiplər Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycan daxilində ən yüksək özünüidarəetməni ehtiva edən hüquqi statusu, Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlanmanın müddəalarını yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanəti özündə birləşdirirdi.

2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həllini ehtiva edən və “Madrid prinsipləri” kimi tarixə düşən təkliflər hazırlamış, sənədin birinci versiyası tərəflərə təqdim olunmuşdur. Danışıqlar prosesində intensivliyin artdığını və prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan hərbi təxribatlar yolu ilə danışıqları pozmağa çalışırdı.
Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində hücum xarakterli uçuşlar edərək təxribat törətməsindən sonra danışıqlar prosesinin intensivliyi aşağı düşmüş və iki ölkə prezidentləri arasında görüş yalnız 2015-ci il dekabrın 19-da İsveçrənin Bern şəhərində bərpa edilmişdir. 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı ərazilərə, o cümlədən məktəblərə, xəstəxanalara və ibadət yerlərinə atəş zərbələri endirmişdir. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla, 6 nəfər həlak olmuş, 33 nəfər isə ağır yaralanmışdır. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab vermiş, əks-həmlə nəticəsində Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonunun işğal altında olan 2 min hektardan çox ərazisi azad edilmişdir. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə bölgəsində gərginliyin əsas səbəbi olduğunu və Azərbaycanın heç vaxt işğalla barışmayacağını növbəti dəfə nümayiş etdirmişdir. 2016-cı il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında Vyana və Sankt-Peterburq görüşlərində substantiv müzakirələr aparılmış, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu görüşlərdə də münaqişənin həllində irəliləyiş əldə olunmamışdır.
2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Zirvə görüşünün Yekun Sənədinə yeni bənd daxil edilmişdir. Bu bənddə dövlət və hökumət başçıları tərəfindən güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulandı.

Tarixi reallıq, beynəlxalq hüququn münaqişənin ədalətli həlli üçün etibarlı zəmin yaratmasına, habelə iqtisadi potensial, insan resursları, hərbi güc baxımından Azərbaycanın Ermənistandan dəfələrlə üstün olmasına baxmayaraq, rəsmi Bakı sonadək sülh danışıqlarına sadiqliyini nümayiş etdirirdi.

2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Nəticədə içərisində yüksək rütbəli zabitlər olmaqla, bir qrup Azərbaycan hərbiçisi və bir nəfər mülki şəxs şəhid oldu. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. 2020-ci ilin avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Ermənistanda Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edəcək mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılması, Ermənistanın müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışı, bu ölkənin rəsmi şəxslərinin Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna zərbə endirmək hədələri, Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb etməsi, külli miqdarda silahlar tədarük etməsi və s. Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını açıq şəkildə nümayiş etdirdi.

Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.

2020-ci il noyabrın 10-da “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı” qəbul edildi və Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən azad edildi.

2023-cü il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qurulması ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesi başa çatdı.
2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtması nəzərdə tutulur. Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanılıb, Qarabağa həyat qayıdıb. Məhz Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın Ermənistanla sərhəd xəttinin bərpasına başlanılıb və Zəngəzur dəhlizi yaxın müddətdə tarixi reallığa çevriləcək. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizinin açılmasının bölgənin həyatında yeni mərhələ olacağı öz əksini tapıb. Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırır.

Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilmişdir.

“Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyulmuşdur. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir. 2018-ci il oktyabrın 18-də Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilmişdir. “Star” zavodunun ümumi neft emalı gücü 11 milyon ton olmaqla, müxtəlif həcmlərdə dizel yanacağı, təyyarə yanacağı, yüngül nafta və digər emal məhsullarını istehsal etmək imkanına malikdir. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatının böyük hissəsini ödəmək iqtidarındadır.

Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilmişdir. Xəzəryanı ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən, həmçinin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur.
2020-ci ildə “Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı olaraq tarixə düşmüşdür. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 70 milyon ton neftdən artıqdır.
Azərbaycan strateji əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibidir. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya tərəfdaş çıxmışdır.

Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri - 2007) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanılmışdır.

“Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılmışdır.

Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinə başlanılmışdır. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunmuşdur.

TAP-ın istismara verilməsi ilə Gürcüstan və Türkiyədən sonra, Azərbaycan qazının Bolqarıstan, Yunanıstan və İtaliyaya nəqlinə başlanılmışdır.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrə yaxındır. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir.

Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.
Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır.

Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.
Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.
Azərbaycan Respublikası 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olmuşdur. Azərbaycan Qoşulmama Hərəkatına üzv olandan bəri Hərəkatın fəaliyyətinə önəmli töhfələr verir.
Azərbaycanın Qoşulmama Hərəkatında 2019-2022-ci illər üçün sədrliyi 2019-cu il oktyabrın 25-26-da keçirilən Bakı Zirvə Toplantısında başlamışdır. Daha sonra üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz daha bir il uzadılmışdır.

COVID-19 pandemiyasına qarşı qlobal mübarizə məqsədilə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin önəmli təşəbbüsləri olmuşdur. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti, 2020-ci ilin dekabrında isə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir. Həmçinin bu dövrdə Azərbaycanın təşəbbüsü ilə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul edilmişdir.
Bundan əlavə, ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib.

Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafına xüsusi önəm vermişdir. Azərbaycanın təşəbbüsü ilə 2021-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və 2022-ci ildə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı yaradılmış, 2023-cü ildə Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması ideyası üzv dövlətlər tərəfindən dəstəklənmişdir.
Azərbaycanın sədrliyi dövründə ölkəmizdə Qoşulmama Hərəkatının sammiti və önəmli tədbirlərindən biri də 2023-cü ilin martında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammiti idi.

Bu sammitdə Prezident İlham Əliyev Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etmiş və Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırmışdır.

2024-cü ildə COP29 beynəlxalq konfransı Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Bu hadisənin önəmi ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir.
COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğurudur, eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir. Dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir.

Böyükdən kiçiyə qəbul etməli olduğumuz bir gerçək var, İlham Əliyev bugünkü Azərbaycanın banisidir. İlham Əliyev müasir Azərbaycan tarixində kimsənin edə bilmədiyini etdi. Etməkdə də davam edir. Bu gün artıq Azərbaycan xalqının “20 faiz əskik”lik dərdi yoxdur.

Bu gün Azərbaycandan kənarda, “Azərbaycanı tanıyırsınız?” deyəndə, - “Bəli, Qafqazda çox güclü bir ölkə”, “Hə, lideri İlham Əliyev olan” – deyə cavab verilir.

Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan hərbi qələbədən sonra ölkənin innovativ inkişafına yönələn fəaliyyət, iqtisadiyyatın dayanaqlılığı, ölkənin inkişaf strategiyasının davamlılığı və inklüzivliyi, bütün xalqın və gələcək nəsillərin rifahına qulluq etməsini bir daha sübut etdi - Xalq son seçimlərdə də yanılmadı və seçiminə daha inamla əmin oldu.

“Müharibəni udmaq mənim siyasi həyatımın missiyası olub”.

İlham Əliyev hər məqamda həm xalqı, həm haqqı müdafiə etdiyi üçün qərb mediasının ona gizli rəğbətinin də şahidi olduq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Ərəbiyyə Ə. Mustafayeva

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat” kafedrasının baş müəllimi Zeynəb H. Qiyasova