Əliyevin hədəfi: Dünyaya düzəni Türk dövlətləri verməli!

Fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirildi. Namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyev tam demokratik bir ortamda xalqın mütləq əksəriyyətinin səsini qazanaraq dövlət başçısı statusunu qorudu. Əliyev dünən and içərək yeni dönəmə start verdi.

Prezidentin Milli Məclisdə keçirilən mərasımdəki nitqini diqqətlə izlədim.

İlham Əliyev çıxışında dövlət başçısı kimi 2003-cü ildən bu yana göstərdiyi fəalliyyətə qısaca nəzər saldı, Azərbaycanda yeni dövrün başladığını vurğuladı. Müstəqillik dövrümüzün ən əsas və ən dərin problemi olan Qarabağ savaşında İlham Əliyevin liderliyi ilə qazandığımız tarixi zəfərdən sonra dövlət başçısının yeni dövrün prioriotetləri barədə düşüncələri olduqca önəmlidir, heç şübhəsiz. Prezidentin diqqət çəkdiyi kimi, faktiki olaraq III dünya savaşının getdiyi, başqa sözlə, dünyanın yenidən bölüşdürüldüyü, beynəlxalq güc dəngələrinin yenidən qurulduğu bir zamanda Azərbaycan xalqının və dövlətinin qlobal arenadakı yerini və rolu, əlbəttə, müəyyən olunmalıdır.

Dövlət başçısı bu barədə cəmiyyətimizə açıq bir mesaj verdi:

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Nail ola bilərikmi?

Bu suala 10 aprel 2021-ci ildə yazdığım “Böyük düşüncənin sehri” başlıqlı məqaləyə İlham Əliyevin son prezident seçkilərində Xankəndidə səs verməsi faktını da əlavə edərək cavab vermək istəyirəm.

Yazmışdım:

Devid Cozef Skvartz var, məşhur ABŞ yazarıdır. Onun “Böyük Düşüncənin sehri” adlı kitabını çoxunuz oxumamış olmazsınız. Həmin müəllifin sözüdür:

“Xəyallarını öz gücü ilə gerçəkləşdirə biləcəyinə inanan insan şövqlü, əzmkar, inanclıdır və yaşam sevinci vardır. Unutmayın ki, fərdin gələcəyə yönəlmiş ümidi onun indiki gücünün qaynağıdır”.

İndi bu deyimi İlham Əliyevin bir siyasi lider, dövlət başçısı olaraq Azərbaycan adına qazandığı istənilən uğura tətbiq edək.
Azərbaycanın coğrafi sərhədindən geniş və ümumi yanaşma tərzindən çox-çox irəli getmiş bir düşüncə- BÖYÜK DÜŞÜNCƏ görəcəyik.

İlham Əliyevin bir lider və dövlət başçısı olaraq tilsimi məhz bu BÖYÜK DÜŞÜNCƏdir!
Sovet streotipləri, meydan hərəkatının stixiyası, intibah və modernləşmə çağını keçməməyimiz, varlığımızı və müstəqilliyimizi həzm etməyən qonşularımız, dünyada közü daim öz qarşısına çəkməyə çalışan geopolitik güclər, nəhəng transmilli şirkətlər və fikir bataqlığına çevrilmiş sosial şəbəkələr daim Azərbaycanı ikinci, üçüncü, dördüncü sinif kateqoriyasına çəkir.

Ancaq prezident İlham Əliyev BÖYÜK DÜŞÜNCƏ FƏRQİ ilə 30 ildir həsrətində olduğumuz Şuşaya bayraq sancaraq, Xankəndidə səs verərək Azərbaycanda YENİ SİYASİ ETNOS formalaşdırır.

İlham Əliyevin bir şəxsiyyət kimi Azərbaycan tarixindəki missiyası məhz budur.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru