Yunusun yunu, Qərbin oyunu

Torpaqlarımızın işğal altında olduğu dövrdə Azərbaycanın və Ermənistanın ictimai fəallarının bir qismi vətəndaş diplomatiyası layihələrində iştirak edirdilər. Bizim nümayəndələr Xankəndiyə, İrəvana, Gorusa gedir, Ermənistanın QHT fəalları da Azərbaycana gəlirdilər. Gürcüstanda və digər xarici ölkələrdə də tez-tez belə tədbirlər olurdu. Hər iki tərəfdən tədbirlərə qatılan vətəndaş cəmiyyəti nümayəndələrinin sosial mənşəyini və məzmununu çeşidləmək mümkündür.
Bu insanların arasında xalqına və dövlətinə bağlı olanlar da vardı, maraq və ya macəra xatirinə səfərə gedənlər də, qrant silənlər də. Fəqət bir qism adamlar da vardı ki, onlar məhz erməni diasporunun təsirində olan beynəlxalq fondların əlamanına çevrilmişdilər. Leyla Yunus və əri Arif Azərbaycanın vətəndaş cəmiyyətinin deyil, faktiki olaraq konfliktin Ermənistanın lehinə bitməsini arzulayan uluslararası dairələrin Azərbaycana qarşı təmsilçiliyini edirdilər. Əlbəttə, belə layihələrin Cənubi Qafqaza sülh gətirəcəyinə heç kim inanmırdı. Əvvəla ona görə ki, Ermənistan kvazi respublika olduğundan bu günə qədər dövlət kimi özünü təsdiq etməyib. Dövlət yoxdursa, vətəndaş da yoxdur, vətəndaş cəmiyyəti də!- bu, aksiomadır. İkincisi, işğal altında olduğu müddətdə Qarabağın Azərbaycana könüllü qaytarılması heç bir erməninin ağlının ucundan da keçməyib. Erməni etno-psixologiyası belə bir qığılcımın hər hansı fərdin beynində parlamasına, sadəcə olaraq, imkan vermir. Sonuc məlumdur. Azərbaycan öz tarixi və hüquqi torpaqlarını “Dəmir yumruq”la qaytardı.

Qələbəmizi həzm edə bilməyənlər Leyla və Arif Yunusları qullanmaqda davam etdilər. İlk növbədə onların, Yunusların və yunuskimilərinin efirinə çıxdığı “Osmanqızı” kanalı sayaq anti-Azərbaycan resurslarının vasitəsi ilə 44 günlük savaşda xalq olaraq, dövlət olaraq qazandığımız misilsiz zəfərə kölgə salmağa çalışdılar. “Bəs, Xankədi” sualı ilə başlayan anti-zəfər propandasına Azərbaycan lideri elə Xankəndidən seperatçıların iqamətgahının önündə qutsal bayrağımızı ərşə qaldırmaqla verdi. Mərəkə yenə dayanmadı. Azərbaycanın timsalında “dünənki respublika”nın beynəlxalq güc mərkəzlərinə dirəniş göstərib torpaqlarını azad etməsi, 30 il boyunca rəsmi Bakını təslimçiliyə sövq etmək istəyənləri fakt qarşısında qoyması əleyhimizə yeni qəzəb dalğası yaratdı. Dalğa eyni, koordinatlar eyni olduğu kimi fiqurantlar da eyni idi!..

Bu günlərədə Ermənistanda “Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” adlı bir konfrans keçirilib. Tədbirə distant formada qatılan Arif Yunus öz ampluasında çıxış edib. O, Azərbaycanın 44 günlük savaşda qazandığı qələbəni “Rusiyanın ssenarisi” adlandırıb. Soruşmaq eyib olmasın, söhbət Ermənistana milyarlardlarla dollar dəyəri olan silahları pulsuz-parasız, sovqat verən Rusiyadan gedir? Əgər Yer üzündə ayrı bir Rusiya yoxdursa, o zaman həqiqət budur. Azərbaycan 44 günlük savaşda ATƏT-in Minsk qrupunun bütün həmsədr dövlətlərinə, cərgəsində Rusiya da olmaqla qələbə qazanıb. Yunusun dedikləri təkcə Azərbaycan xalqının minlərlə şəhid, on minlərlə qazi, yüz minlərlə əsgər və zabit hesabına qazanıdığı zəruri qələbəyə sayğısızlıq və iftira deyil, eyni zamanda və daha çox, erməni revanşizminə stimul verməkdir. Belə düşünün: əgər müharibədə məğlub olmuş bir cəmiyyəti kimsə revanşizmə səsləyirsə, məğlubiyyətin səbəbkarını üçüncü ünvanda göstərəcək. Yəni, “ey ermənilər, siz Azərbaycana deyil, Rusiyaya məğlub olmusunuz, amma fikir eləməyin, Ukrayna savaşında Putin məğlub olacaq, Bakıdakı Kremlə bağlı hakimiyyət də yıxılacaq, ondan sonra Qarabağa əlinizdə silah qayıtmağa hazır olun”- Yunusun sözügedən konfransdakı mesajlarının ən qısa və ən sadə məğzi budur.

Bəli, nə bu tədbir təsadüfən keçirilib, nə Arif Yunus konfransa təsadüfən qatılıb, nə də o, şüursuz bir şəkildə Azərbaycan əleyhinə danışıb. Yunusun yunundan daranan kələfin ucu başqa yerlərə gedib çıxır. Ermənistan parlamentinin Azərbaycanla şərti sərhəddə yerləşdirilmiş Avropa Birliyinin missiyasının statusuna dair razılaşmanı ratifikasiya etdiyindən yəqin ki xəbəriniz var. Onu da yaxşı bilirsiniz ki, bu missiya 2023-cü ilin yanvarında yaradılmış, həmin ilin sonunda isə iştirakçılarının sayı az qala iki dəfə artırılmışdı. Bu il aprelin 5-də Ermənistan ABŞ və Avropa Birliyi ilə “təhlükəsizlik məsələlərini” müzakirə edəcək. Bu “təhlükəsizlik məsələlərinin” faktiki olaraq Ermənistanın hərbi və siyasi planda dəstəklənməsi, silahlandırılması və ondan regionda sülhə qarşı mancanaq kimi istifadə olunması anlamına gəldiyini izah etməyə, zənnimcə, xüsusi ehtiyac yoxdur. Qərb Cənubi Qafqaza təhlükəsizlik deyil, TƏHLÜKƏ gətirir və bu təhlükəni Cənubi Qafqazda yeni nüfuz bölgüsü aparmaqla yaradır. Bu dünyada qanlı savaşlar, təlatümlər və xarabalıqlar olmadan heç bir nüfuz bölgüsü getməyib və baş tutmayıb. Kimlərinsə əlində maşa olmaq ermənilərin və Ermənistanın köhnə vərdişidir. Nikol Paşinyan üzərinə öhdəliklər götürərək iqtidara gəlmiş bir marionetdir. Rusiya və İranın bu açıq təhdidə etinasız qalmayacağı da bəllidir. Qərb regionumuzu yenidən militarizasiya edir və Qarabağ savaşından daha böyük konfliktə sürükləyir. Kritik bir situasiya yaranır və mən bu barədə açıq danışmaq istəyirəm. Əgər biz Qərbin təzyiqləri qarşısında bir addım geri çəkilsək, Qərb Azərbaycandan zorla deportasiya olunmuş soydaşlarımızın dönüş haqqını vecinə almadan Qarabağa ermənilərin qayıtmasını tələb edəcək. Yox, əgər irəli getmək, yəni Qərbi Zəngəzuru azad etmək istəsək, rəsmi ərazilərimizi işğaldan xilas etməyi həzm edə bilməyənlərlə açıq mübarizəyə girməli olacağıq. Bu səbəbdən də indi rəsmi Bakı üçün ən optimal yol bölgədə yaratdığı reallığı qorumaq, status-kvonu daha əlverişli şərait yetişinədək hifz etməkdir.

Taleh ŞAHSUVARLI