- Siyasi müzakirə
- 5 Noyabr 23:12
- 1 972
“Regionda sabitliyi pozmaq istəyən qüvvələr mövcuddur” - Kənan Novruzov
“Demək mümkündür ki, Ermənistanla Gürcüstan arasında gərginlik yarana bilər və bunda maraqlı qüvvələr də var. Bunu açıq şəkildə demək lazımdır. Xüsusilə Rusiya hər iki tərəfə təsir imkanına malikdir. Hazırda Rusiya Azərbaycana qarşı çox həssas davranır, onu itirmək istəmir. Buna görə də regionda vəziyyəti gərginləşdirməklə və sabitliyi pozmaqla maraqlı ola bilər. Lakin təkcə Rusiyadan danışmaq düzgün olmaz, bu istəyi olan digər qüvvələr də mövcuddur. Digər bir təhlükə odur ki, ölkələrin daxilində siyasi dalğalanmalar və hakimiyyət dairələrində gərginliklər yarana bilər. Mən bunu birbaşa üçüncü qüvvələrlə əlaqələndirmirəm, amma Rusiya izi ehtimalını da tamamilə istisna etmirəm”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Ermənistanla Gürcüstan arasında diplomatik münasibətlərdə gərginlik müşahidə olunur. Səbəb isə Ermənistanın Avropa qurumlarında Gürcüstan hökumətinə qarşı qəbul edilən qətnaməyə dəstək göstərməsidir. 28–30 oktyabr tarixlərində İrəvanda keçirilən Avronest Parlament Assambleyasında Gürcüstan hökumətinin legitimliyini şübhə altına alan sənəd təsdiqlənib və Ermənistan nümayəndə heyəti həmin sənədin lehinə səs verib. Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bu mövqeni sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, erməni deputatların davranışı rəsmi İrəvanın, xüsusilə də baş nazir Nikol Paşinyanın siyasəti ilə uyğunluq təşkil etmir.
Siyasi şərhçi qeyd edib ki, eyni zamanda Ermənistan yeni müharibədən çıxmış ölkədir və onun sərt hərbi qarşıdurmaya getməsi real görünmür.
"İctimai rəy və daxili narazılıq belə bir addıma imkan verməz. Paşinyanın bu cür hərəkətə yol verməsi vəziyyətin onun üçün fəlakətli olmasına səbəb ola bilər, xalq onu hakimiyyətdə saxlamaz. Cənubi Qafqazda yeni siyasi böhran yaranmaq ehtimalı var və bunda maraqlı olan qüvvələr bu yolla regional sabitliyi pozaraq öz məqsədlərinə çatmaq istəyirlər. Politologiyada buna “idarə olunan böhran” deyilir, belə böhran vasitəsilə vəziyyəti manipulyasiya edib fayda götürmək mümkündür. Bu cür üçüncü qüvvələrə qarşı müqavimət göstərmək, onların fəaliyyətini ifşa etmək və qarşısını almaq vacibdir. Əks halda bölgədə sabitlik bu qüvvələrin maraqlarına görə təhdid altında qala bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az