“Turist axınının Bakıda cəmlənməsi regional turizmi zəiflədir” - Cəfər Qarayev

“Əsas səbəblərdən biri ondan ibarətdir ki, bütün uçuşlar yalnız paytaxt – Bakı şəhərinə yönləndirilib. Halbuki Azərbaycanda hazırda 8-ə yaxın hava limanı mövcuddur: Qəbələ, Gəncə, Lənkəran və digər bölgələrdə, eləcə də işğaldan azad olunmuş ərazilərdə. Lakin bu hava limanlarının əksəriyyəti tam gücü ilə fəaliyyət göstərmir. Əgər biz bölgələrə gələn xarici turistlərin sayını artırmaq istəyiriksə, aşağıbüdcəli hava yollarının uçuşlarını bölgələrə yönləndirməliyik. Bunun ən uğurlu nümunələrindən biri Gürcüstan modelidir. Məsələn, Kutaisi şəhərinə çoxsaylı aşağıbüdcəli reyslər həyata keçirilir və bu da həmin şəhər və ətraf bölgələrə turist axınını artırır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında turizm üzrə ekspert Cəfər Qarayev deyib.

Qeyd edək ki, Azərbaycanda turizm sahəsi əsasən paytaxt Bakı şəhəri ətrafında cəmləşib. Rəsmi statistikaya görə, ölkəyə gələn turistlərin təxminən 80 faizi yalnız Bakıda gecələyir, digər bölgələr isə turist cəlbində hələ də məhdud paya malikdir. Məsələn, Qusar, Qəbələ, Naftalan və Quba kimi turizm potensialı yüksək olan rayonlarda gecələmələrin payı cəmi 3–5 faiz civarındadır. Bu rəqəmlər göstərir ki, hər 100 turistdən təxminən 20-si bölgələrə üz tutur, bu isə Azərbaycanda turizmin regional bərabərsizlik problemi ilə üzləşdiyini ortaya qoyur.

Ekspertin sözlərinə görə, bu modelin Azərbaycan üçün də tətbiqi mümkündür.

"Turistlərin bölgələrdə daha çox qalması və hotellərin doluluq səviyyəsinin yüksəlməsi üçün vacibdir ki, onlar təkcə Bakıya deyil, birbaşa bölgələrə də uça bilsinlər. Bunun üçün sadələşdirilmiş viza rejimi tətbiq olunmalı, bölgələrə uçuş həyata keçirən hava yollarına subsidiyalar və motivasiyalar təqdim edilməlidir. Hazırda Azərbaycana gələn xarici turistlərin böyük əksəriyyəti Hindistan, Pakistan, ərəb ölkələri və türk dövlətlərindən gəlir. Onların səyahəti əsasən Bakıda cəmləşir – orta hesabla 3–4 gecə paytaxtda qalır, sonra isə ən çoxu Qusar və ya Şahdağ istiqamətində qısa turlara çıxaraq geri dönürlər. Əgər turistlərin ölkədə qalma müddəti 7 gecəyə qədər artırılsa və onların ilk və son iki gecəsi paytaxtda, qalan günləri isə bölgələrdə keçsə, bu zaman Bakı ilə bölgələr arasında turist axını balanslaşar. Beləliklə, hotellərin doluluq səviyyəsi 40–60 nisbətində bərabərləşər. Bundan başqa, 13 il öncəyədək Azərbaycanda yalnız bir turizm mövsümü – yay mövsümü mövcud idi. Qış turizmi infrastrukturu olmadığından fəaliyyət dövrü cəmi üç ayla məhdudlaşırdı. Lakin hazırda Qəbələ, Qusar və Naxçıvanda fəaliyyət göstərən qış-yay turizm kompleksləri sayəsində “mövsümi turizm” anlayışı aradan qalxıb. Nəticə etibarilə, əgər bölgələrdəki hava limanlarını tam fəaliyyətə qaytarmaq, aşağıbüdcəli hava yollarının reyslərini bura cəlb etmək və sadələşdirilmiş viza rejimini tətbiq etmək mümkün olsa, bu, avtomatik olaraq xidmət səviyyəsinin yüksəlməsinə də səbəb olacaq. Çünki uçuşların başlanması həm yerli, həm də xarici turizm şirkətlərini həmin bölgələri tanıtmağa, reklam etməyə və marketinq fəaliyyətinə sövq edəcək. Nəticədə sahibkarlar da turist axınını görərək işçi heyətlərinin peşəkarlığını artırmaq üçün təlimlər təşkil edəcək və xidmət keyfiyyəti yüksələcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az