Getməli olanlar getdi, bitməli olanlar bitdi!

İkinci Qarabağ Müharibəsi başlayarsa, hərbi nəticələri bəlli idi. SSRİ-nin dağılmasından sonra özünü yeni müstəqil dövlət kimi tam isbat etmiş Azərbaycanın hərbi, iqtisadi, demoqrafik gücü, mərkəzləşmiş hakimiyyəti və öz liderlik keyfiyyətləri ilə dünyada nadir dövlət başçılarından biri olan İlham Əliyevin qarşısında Ermənistan uzun müddət dayana bilməzdi. Belə də oldu. Cəmi 10 gün içində Ermənistanın işğalçı ordusunun müdafiə xətti yarıldı, hava hücumundan müdafiə sistemi sıradan çıxarıldı, arxa cəbhədəki birlikləri şil-küt edildi. Bundan sonra Ermənistan təslim olmalı, rəsmi Bakıya işğalçı ordusunun qalıqlarının Qarabağdan çıxış təqvimini verib yeni səhifə açmalı idi. Fəqət Nikol Paşinyan Qarabağdan çıxacaq silahlı erməni birləşmələrinin onu devirəcəyindən qorxduğu üçün savaşı uzatdı. Şanlı ordumuz sözün əsl mənasında qəhrəmanlıq dastanı yazaraq Şuşanı azad etdikdən sonra Xankəndi hərbi baxımdan ovcumuzun içinə düşdü. Ancaq Xankəndinin azad olunması savaşın bitməsi anlamına gəlmirdi. İkinci Qarabağ müharibəsinin başlarında neytral mövqedən çıxış edirmiş kimi görünən Rusiya illərcə silahlandırdığı, milyardlarla dollarlıq cəbbəxana verdiyi Ermənistanın başının tam əzilməsinə seyirçi qalmaq niyyətində deyildi. Ağdam-Ağdərə istiqamətində mühasirədə qalmış erməni birləşmələrinin uzun müddət müqavimət göstərməyə taqəti qalmamışdı. Ciddi itkilər hesabına olsa da, bu istiqamətdə cəmləşmiş saysız-hesabsız tam hazırlıqlı döyüş briqadalarımız düşməni son nəfərinədək məhv etməyə hazır və qabil idi. Ancaq hər qayası bir səngər olan Laçın və Kəlbəcərdə irəliləmək üçün şərait xeyli əlverişsiz idi.

Əvvəla, relyef qoşunlarımızın sürətli hərəkətinin qarşısını ala bilərdi.

İkincisi, payız və qış aylarında bu bölgədə hərbi əməliyyat keçirmək müşkül olacaqdı.

Üçüncüsü, bu rayonlar Ermənistanla sərhəddir və Qarabağdan fərqli olaraq Laçın və Kəlbəcərdə qoşunlarını dislokasiya etmək Ermənistan üçün daha rahat olacaqdı.

Dördüncüsü, Laçın və Kəlbəcəri azad etmək üçün Ermənistan ərazisinə də zərbələr endirilməli idi. Bundan da Rusiya seyirçi qalmamaq üçün bəhanə kimi istifadə edəcəkdi.

Beşincisi, İkinci Qarabağ Savaşında zamanlama baxımından Ermənistanın Qərbdəki hamilərinin quyruğu qapı arasında qalmışdı. Müharibənin uzanacağı təqdirdə bu qapı istər-istəməz aralanacaq, Azərbaycana təzyiqlər güclənəcək, açıq və gizli şəkildə Ermənistana hərbi və maliyyə yardımı ediləcəkdi.

Odur ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüş meydanında qazanılan qələbənin cəmiyyətdə yaratdığı eyforiyaya rəğmən ən doğru olanı etdi. Ermənistanı faktiki kapitulyasiya sənədi imzalamağa məcbur edərək hərbi əməliyyatları Xankəndinin girəcəyində saxladı. Tarix təsdiq etdi ki, əslində hadisələrin deyil, liderlərin zamana ehtiyacı varmış...

Üçtərəfli Bəyanata əsasən Qarabağa yerləşən Rusiya Sülhməramlı Kontingenti bölgədə olduğu müddətdə dəfələrlə öz səlahiyyətində olmayan məsələlərə müdaxilə etdi, Xankəndidəki seperatçı rejimi ayaqda saxlamaq üçün əlində gələni əsirgəmədi, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsinə stimul verdi. Bütün bunlar bəllidir. Ancaq böyük tabloda RSK-nın bölgədə yerləşməsi üç nəticə doğurdu:

- Rusiya 44 günlük savaşda Azərbaycanın qələbəsini tanımış oldu; Qarabağ münaqişəsinin tarixi arxa planına nəzər saldıqda, bu, son dərəcə böyük əhəmiyyət daşıyan məsələdir.

- RSK-nın bölgədəki varlığı Ermənistanın hamilərinin İrəvana təqdim etdikləri revanş planlarını xeyli dərəcədə əngəllədi.

- BMT Təhlükəsizlik Şurasına üzv dövlət kimi Rusiya Azərbaycanın Qarabağda heç bir etnik təmizləmə aparmadığına şahid oldu.

Qarabağdakı seperatçı rejim likvidasiya olunduqdan, işğalçı qoşun qalıqlarının bütün arsenalı ələ keçirildikdən, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra RSK-nın Üçtərəfli Bəyanatda əks olunan missiyası da sona çatmışdı. Sülhməramlıların evlərinə dönüşü formal və texniki məsələ idi, amma söhbət Rusiyadan gedirsə, məsələ, əlbəttə, bu qədər sadə deyildi. Bütün hallarda, Qarabağda müvəqqəti yerləşdiyinin altını çizə-çizə bəhs etdiyimiz RSK ölkəmizi tərk etməyə Üçtərəfli Bəyanat imzalandığı andan məhkum idi. Hər zaman məhz bu inamımı ifadə etmişəm və sözümün arxasında İlham Əliyevin müstəqil Azərbaycanın dövlət başçısı kimi viziya və missiyası, xarizması, liderlik keyfiyyətləri, sərkərdəlik bacarığı, diplomatik məharəti dayanıb. Bu gün RSK artıq Azərbaycanı tərk edirsə, bu, heç şübhəsiz, İlham Əliyevin ZƏFƏR PLANInın kulminasiya səhnəsidir.

Üçtərəfli Bəyanat imzalandıqdan sonra neytral ekspertlərin hesablamalarından bəlli oldu ki, 44 gündə Ermənistan ordusunun 70 %-i sıradan çıxarılıb. Bu fakt onu göstərirdi ki, Ermənistanın xirtdəyi artıq İlham Əliyevin əlindədir, Xankəndidə Azərbaycan bayrağının ucalacağı gün də uzaqda deyil. Bu mərhələdə özünü Azərbaycanlı sayan hər kəsin qutsal vəzifəsi prezident İlham Əliyevə güvənmək, tarixi zəfərə gölgə salmamaq və ermənilərin revanş arzularını körükləyən mövqe tutmamaq idi. Çox təəssüf ki, Milli Şura və bu qondarma qurumun orbitində olanlar prosesin uzanması, Ermənistanın revanş üçün vaxt qazanması, bəlkə də kimlərəsə təəccüblü görsənəcək, RSK-nın Azərbaycandan çıxmaması üçün hər cür avantüraya getdilər. 44 günlük müharibədən 4 il keçib. Bu 4 il ərzində siz AXCP sədri Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Sevinc Osmanqızının, xaricdəki əxlaqsız və tərbiyəsiz bloqqerlərin Qarabağla bağlı bircə rəyinin, proqnozunun düz çıxdığına şahid olmusunuzmu? Biri qulağını kəsirdi, o biri ucundan uzağı görmədiyi burnunu...

“Görüm, indi nə deyəcək” marağı ilə Əli Kərimlinin Qənimət Zahidlə söhbətini izlədim. Darmadağın idi. Sözün bütün mənalarında bitmiş və tükənmiş halda komplo nəzəriyyələr uydururdu. Uydura-uydura da fərqinə varırdı ki, bütün ciddiyyətini itirib, rişxənd hədəfinə çevrilib və sonuncu bəhanəsi də əldən çıxdıqdan sonra siyasətdəki bütün aktuallığını itirib. Bəli, RSK-nın bölgədəki varlığı meydan hərəkatının şinelindən çıxan bütün siyasətçilər üçün son “kozır” idi. Daha bu da yoxdur!

Mən Sevinc Osmanqızının jurnalist peşəkarlığını, intellektual səviyyəsini, siyasi analiz qabiliyyətini heç zaman plintusdan yuxarı saymamışam. Sevinc Osmanqızının hikkəsinə qapılıb Azərbaycanın üstünə gələn qüvvələrə maşalıq edənlərin də gec-tez məsxərə personajı olacağını dəfələrlə vurğulamışam. Qardaş Türkiyədə Erdal Demirkıran adlı məşhur bir müəllif var. Onun çoxdan oxuduğum bir kitabı “İflas etmənin yolları” adlanır. Demirkıranın yazdıqları təxminən belə idi:

“Dedi-qodu zavallıların gündəmini tutar. Əgər dedi-qodu ilə məşğulsansa, deməli, sən bir zavallısan, bu da fərdi iflasında çətinlik çəkməyəcəyini göstərir. Xoşbəxt ol! Dedi-qodu ilə məşğul olmaqdan özünü saxlaya bilmirsənsə, vecinə alma, yenə xoşbəxt ol”!

Hə, bu gecə çox güman Sevinc efirə xoşbəxt bir təbəssümlə çıxacaq. Amma bu, sadəcə, onun zavallı olduğunu göstərəcək!

Taleh ŞAHSUVARLI