DİM VƏ QARA TƏHSİL BAZARI- Məleykə Abbaszadəyə açıq məktub

Çox hörmətli Məleykə xanım!

Bəribaşdan deyim ki, mənim Sizə son dərəcə böyük sayğım var. Bu sayğının əsasında özümün və doğmalarımın test imtahanları ilə ölkəmizin ali məktəblərinə rüşvətsiz qəbul olunması faktı dayanır. Bu işdə çəkdiyiniz zəhmətə, göstərdiyiniz xidmətlərə görə, icazə verin, fürsətdən istifadə edib Sizə öz dərin təşəkkürlərimi ifadə edim.

Bu açıq məktubum Sizin şəxsinizə qarşı yönəlmədiyi kimi, DİM rəhbəri postu tutmağınızın əleyhinə də deyil. Etirazım DİM-in qurduğu və mən də daxil olmaqla valideynlərin böyük əksəriyyətini hər ay məvacibinin yarıdan çoxunu repetitorlara, hazırlıq kurslarına xərclənməsinə rəvac verən sistemədir.

Ali məktəblərin bakalavr və magistr pillələrinə, doktoranturaya və dövlət qulluğuna qəbul imtahanlarında iddiaçıların bilik səviyyəsini ölçmək üçün tərtib etdiyiniz suallar savad üzə çıxarmaqdan daha çox, “test texnologiyaları”nı necə mənimsədiklərini aşkarlamağa xidmət edir. Məhz bu səbəbdən də yüzminlərlə şagird və tələbə hər il repetitor və hazırlıq kurslarına milyonlarla vəsait xərcləyir. Etiraf etsəniz də, etməsəniz də acı, bu günümüzü və gələcəyimizi təhlükəyə atan bir reallıqdır ki, sayənizdə Azərbaycanda “qara təhsil bazarı”- repetitorluq formalaşıb. Təhsil sisteminin bazara, həm də qara bazara çevrilməsi Azərbaycan Respublikasının Konstitusiyasına, insan hüquq və azadlıqlarına, dövlətin müvafiq siyasətinin məqsəd və prinsiplərinə tamamilə ziddir və cəmiyyətimizi sosial nihilizmə sürükləyir. Təhsilin məktəbdən kənarlaşması yaxın bir neçə ildə Azərbaycanda çoxsayda cinayətkar çətə, narko-laborotoriyalar üzə çıxaracaq, zorakılıq və şiddəti, boşanmaların sayını artıracaq, aqressiv və bivec bir kütlə yaradaraq millət kimliyimizi şübhə altına salacaq. Biz sadə vətəndaşlar dövlətimizin və cəmiyyətimizin istiqbalı üçün hər cür çətinliklər görmüş, hər cür fədakarlıqlar göstərmişik. Odur ki, icazənizlə Sizə xatırladım, Azərbaycanın bu gününü və gələcəyini riskə atmağa başçılıq etdiyiniz Dövlət İmtahan Mərkəzinin heç bir haqqı yoxdur və ola da bilməz!

Bu günlərdə Azərbaycanın Elm və Təhsil naziri ilə birgə Sizə də səsləndim və diqqətinizi iki məsələyə yönəltmək istədim. Dedim ki: Birinici, Azərbaycanın ali məktəblərində “Məntiq” və “Hüququn əsasları” fənni bütün ixtisaslar üzrə keçirilmir; İkincisi, bu fənnlər ali məktəblərdə heç də bütün ixtisaslar üzrə keçirilmədiyi halda, dövlət qulluğuna qəbul imtahanlarında həmin fənnlər üzrə suallar salınması yolverilməzdir və ləğv olunmalıdır. Bununla bağlı əməkdaşımız DİM-in rəsmi mövqeyini öyrənib və bu açıq məktubu yazmağa da məni məhz aldğımız cavab vadar etdi.

DİM deyir:

"Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının məzmunu və tapşırıqların hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və ədəbiyyat siyahısı göstərilir və Mərkəzin internet portalında yerləşdirilir”.

Bu cavabdan belə çıxır ki, DİM təhsil verən orqandır, onun portalı da "virtual universitet"dir. Həmin “universitet”in göstərdiyi ədəbiyyat siyahısı üzrə məzunlar hazırlaşmalı və gəlib imtahan verməlidirlər.

DİM nə zamandan təhsilverən qurumdur?

Doğrudanmı başa düşməyə çətinlik çəkirsiniz, söhbət elə bundan gedir ki, Azərbaycanın ali məktəb proqramları ilə DİM-in sualları arasında ziddiyyət var? Vətəndaşlar konstitusiya və hüquqlarını, elmi dünyagörüşün əsası olan məntiqi DİM-in saytındakı "ədəbiyyat siyahısı" üzrə deyil, ali təhsil müəssisələrində öyrənməlidirlər axı...

Qurumun sədri olaraq Sizdən öncə bu suallara aydınlıq gətirmənizi xahiş edirəm.

Daha sonra göndərilən cavabda bildirilir:

“Dövlət qulluğuna qəbul imtahanlarının məzmunu namizədlərin bu və ya digər ixtisas üzrə biliklərinin qiymətləndirilməsini nəzərdə tutmur. Dövlət qulluğuna qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmununa nəzər salsanız, görmək olar ki, bu tapşırıqların “hüquq”, “məntiq” kimi fənlərlə birbaşa əlaqəsi yoxdur və hər hansı elmi-nəzəri məlumatları ehtiva etmir. İstənilən şəxs ali təhsil müəssisəsində onlara bu və ya bənzər fənlərin tədris olunub-olunmamasından asılı olmayaraq həmin sualları cavablandıra bilər. Qanunvericilik bloku üzrə suallar vasitəsilə namizədlərin müvafiq vəzifə qrupu üzrə təsdiq olunmuş imtahan proqramında yer alan normativ aktlara dair ümumi məlumatlılığı yoxlanılır. Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşı öz dilimizdə müvafiq mənbələrdə (bu mənbələr hamı üçün əlçatandır) yazılmış məlumatı rahatlıqla oxuyub, onun mahiyyətini qavraya bilməlidir. Bunun üçün qeyri-adi, mütləq şəkildə kimsə tərəfindən öyrədilən xüsusi bilik və ya səriştə tələb olunmur”.

Mənim fikrimcə, ümimiyyətlə ali savadı olan heç şəxs belə cavab hazırlaya və yaya bilməz, nəinki ölkədə savadın dərəcəsini müəyyənləşdirməyə mükəlləf olan bir qurumun mətbuat xidməti. Məhz məntiqdən və hüquqdan xəbərsizlər iddia edə bilər ki, qanunvericliyin hüquqa aidiyyatı yoxdur, yaxud normativ aktlar açıq mənbələrdə yer alıb deyə iddiaçıların “hüquq” fənnini keçib-keçməməsi əhəmiyyət kəsb etmir.

Azərbaycanın bütün qanunvericliyi E-qanun saytında yerləşdirilib. DİM-in “məntiq”indən çıxış etsək, hər kəsin bu mənbədən istədiyi qanunu, digər normativ aktları oxumaq imkanı varsa, onda ölkədə hüquq fakültələrinə heç bir ehtiyac yoxdur!!!

Başqa bir tərəfdən, əgər bu yöndə tərtib etdiyiniz sualların cavabını hər kəs belə rahatlıqla öyrənə bilərsə, onda məzunlarımız pullarını dövlət qulluğuna hazırlıq kurslarına nədən tökür? Əgər doğrudan da suallarda “qeyri-adi” heç nə yoxdursa, "əşı, hamının bildiyi məsələlərdirsə", o zaman bu soruları dövlət qulluğuna qəbul imtahanlarına salmağın nə mənası var? Bax, ölkənin ali məktəblərində “məntiq” fənninin keçilməməsinin nəticəsi budur: qos-qoca DİM belə öz məntiqsiz cavabları ilə elementar deduksiya qarşısında çıxılmaz vəziyyətə düşür!

DİM-in cavabında zehni bacarıqlardan (ingilis dilində General Mental Abilities – GMA) və ya ümumi intellektdən (ingilis dilində General İntelligence) dəm vurulur və qeyd edilir ki, bu ölçmə üsulları ən inkişaf etmiş ölkələrin dövlət və özəl sektorlarında kadr seçimində geniş tətbiq olunur:

“Məntiqi-riyazi bölməyə aid olan test tapşırıqları isə praktiki riyazi təfəkkürün inkişaf səviyyəsini aşkar etmək qabiliyyətini qiymətləndirir. Bu bölmədən olan test tapşırıqlarının həlli zamanı namizədlərin işinin səmərəliliyi müəyyən qədər onların elementar riyazi biliklərinin olmasından asılıdır. Bu riyazi biliklər isə orta məktəbdə, hətta aşağı siniflərdə belə tədris olunur”.

Çox gözəl, çox pakizə! Bəs, bizim təhsil proqramları "ən inkişaf etmiş ölkələrdə tətbiq olunan" sistemlərə əsaslanırmı?

Gerçəkdən maraq edirəm, çox hörmətli Məleykə xanım, heç olmasa bircə dəfə vicdanı ilə baş-başa qalanda özünə sual edibmi ki, nədən ali məktəb məzunları “orta məktəblərdə, hətta aşağı siniflərdə” tədris olunan suallara repetitor yanına getmədən cavab verə bilmirlər? Üstəlik, bu suallar madam belə “aşağı səviyyəlidirsə”, onları ali məktəb məzunlarına ünvanlamağa nə hacət? Diqqət edin, DİM-in verdiyi əsl mesaj budur ki, bu ölkənin ali təhsil müəssisələri hətta ibtidai sinif şagirdi səviyyəsində də məzun hazırlamır!!!

Əgər belədirsə, o zaman bir cəmiyyət olaraq papağımızı qarşımıza qoyub bu faciəvi durum haqqında düşünməli deyilikmi?

Xeyr, Məleykə xanım, xeyr, cavablandıra, əsaslandıra, inandıra bilmədiniz. Vətəndaş olaraq, valideyn olaraq, bir neçə ixtisas üzrə ali təhsil almış ziyalı olaraq mən haqlıyam ona görə ki, Sizin qurduğunuz sistem hər ay mənim büdcəmə ölkəmizdəki orta aylıq əməkhaqqının bir neçə misli qədər ziyan vurur. Bircə misal çəkəcəm. Lütfən, bir neçə dəqiqə vaxınızı sərf edin, Albert Eynşteyn kimi dahi fizikin "Nisbilik nəzəriyyəsi"nin əsasında dayan “E=mc2” düsturu ilə qəbul imtahanlarında 17 yaşlı gənclərin biliklərini ölçmək üçün istifadə etdiyiniz palaz boyda düsturu müqayisə edin. Vallah və billah bizim gənclərimizi öz əndrəbadi düsturlarınızla ali təhsil almaq, karyera qurmaq istəyir deyə, bu qədər işgəncəyə məruz qoymağa gərək yoxdur. Elə DİM adına redaksiyamıza göndərilən sicilləmə cavab da bunun isbatıdır. Müxtəlif qanunlara, proqramlara, xarici təcrübəyə istinadən uzun-uzadı yazılmış bu cavabı incələməyə və təhlil etməyə mənim yetərincə ağlım və savadım var. Elə buna görə bircə-bircə üstündə dayanmadan deyirəm ki, DİM-in dövlət qulluğuna qəbul imtahanlarına saldığı sualların nə hüquqi əsası var, nə də məntiqi!

DİM dövlətə və vətəndaşa deyil, qara təhsil bazarına işləyir!

Taleh ŞAHSUVARLI,

AzNews.az portalının baş redaktoru