- Redaktor masası
- 26 Sentyabr 10:01
- 5 602
Ermənistan tam silahsızlandırılmalı və Azərbaycana təzminat ödəməlidir - ANALİZ
Ermənistan Azərbaycana təzminat ödəməlidir. 30 il boyunca Azərbaycan torpaqlarını işğal etməsinin, yeraltı və yerüstü sərvətləri talan etməsinin, ölkəmizin və xalqımızın başına gətirdiyi humanitar fəlakətin, vurduğu ekoloji ziyanların, dağıtdığı tarixi abidələrin bədəlini ödəməlidir. Eyni zamanda, Ermənistandan Azərbaycanın 30 ildə münaqişəyə çəkdiyi bütün hərbi xərclər, veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə verdiyi müavinətlərin kompensasiyası da tələb olunmalıdır. Ermənistanla bağlı həm rəsmi İrəvan, həm də beynəlxalq təşkilatlar və məhkəmələr qarşısında belə iddia ilə çıxış etməyin məqamı çatıb. Azərbaycanın istər rəsmi qurumlarda, istərsə də akademik müəsisələrdə çalışan kifayət qədər bilikli, təcrübəli beynəlxalq hüquqşünasları var. Məsələ onların iştirakı ilə rəsmi səviyyədə hərtərəfli müzakirə olunmalı, ən qısa zamanda təzminat tələbi hüquqi sənəd kimi ortaya qoyulmalıdır.
Beynəlxalq hüquq bizim tərəfimizdədir!
Haaqa və Cenevrə Konvensiyaları, BMT nizamnaməsi, qətnamələri, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsi, rəsmi şəkildə təsdiqlənməsə belə, adət hüququ kimi qəbul edilən "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında maddələr layihəsi", Beynəlxalq Ədalət Məhkəməsinin hökmləri, president rolunu oynayan çoxsaylı tarixi təcrübələr Ermənistanın Azərbaycana təzminat ödəməsinin hüquqi bazasını yaradır. Bir neçə nümunəni nəzərdən keçirək.
Beynəlxalq Ədalət Məhkəməsi işğalla bağlı təzminat tələblərini dəstəkləyən bir neçə qərar çıxarıb. Məsələn, 1947-ci ildə qəbul edilən Yuqoslaviyanın Almaniyadan təzminat tələbi buna tarixi presedentdir. Həmçinin, 2007-ci ildə BƏM Serbiya və Bosniya-Herseqovina ilə bağlı qəbul etdiyi qərarda işğalçı tərəfin genosid və hərbi cinayətlərə görə təzminat ödəmə öhdəliyi olduğunu müəyyən edib.
Almaniya Birinci Dünya Müharibəsindən sonra Versal Müqaviləsinə əsasən zərər çəkmiş ölkələrə əhəmiyyətli miqdarda təzminat ödəmişdi. İkinci Dünya Müharibəsindən sonra isə Almaniya Yəhudi Soyqırımı ilə əlaqədar İsrail və bir çox digər dövlətlərə təzminatlar ödəyib.
1990-cı ildə İraq Küveyti işğal etdikdən sonra, işğal nəticəsində dəymiş iqtisadi və hərbi zərərlər üçün BMT-nin xüsusi fondu yaradılmış və İraqdan təzminat alınmışdı.
Bu presedentlər Azərbaycanın Ermənistanın hərbi təcavüzü və işğalı ilə bağlı təzminat tələb etmək hüququndan istifadə etməyə yönəldir.
Azərbaycan öz tələbini həm Ermənistanla ikitərəfli müzakirələr yolu ilə, həm beynəlxalq məhkəmələrdə, həm də BMT səviyyəsində qaldıra bilər. Bunun üçün ilk növbədə işğal nəticəsində Azərbaycana dəymiş zərərin məbləği hesablanmalıdır ki, rəsmi Bakı bu işə təqdirəlayiq bir diqqət göstərib, müstəqil ekspertləri də dəvət edərək ziyanı dəqiqliklə hesablayıb.
Təzminat tələbi Ermənistanla bağlanacaq Sülh Sazişinə də daxil edilə bilər.
Bu halda, həmin maddə Ermənistanın hərbi təcavüz, işğal və dağıntılarla əlaqədar Azərbaycana maddi və mənəvi təzminat ödəməli olduğunu açıq şəkildə ifadə etməlidir. Maddənin məzmununda təzminatın ödənilmə qaydaları, müddətləri və məbləği dəqiqləşdirilməlidir.
Tərəflər arasında təzminatın məbləği və ödənilməsi qaydaları ilə bağlı razılığa gəlmək mümkün olmasa, sazişdə beynəlxalq arbitraj mexanizmlərinə müraciət etmə imkanı təmin oluna bilər. Bu halda, sülh sazişində birbaşa olaraq Daimi Arbitraj Məhkəməsi (Permanent Court of Arbitration) və ya Beynəlxalq Ədalət Məhkəməsi (International Court of Justice) kimi qurumlara müraciət edilməsini nəzərdə tutan müddəa yerləşdirilə bilər. Bu məhkəmələr zərərin miqdarını müəyyən edərək hüquqi qərar çıxara bilərlər.
Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) və Beynəlxalq Cinayət Məhkəməsi (ICC) BMT-nin Beynəlxalq Hüquq Komissiyasının (ILC) 2001-ci ildə hazırladığı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında maddələr layihəsi"nə istinad edərək qərarlar çıxarıb. Bu layihə hüquq nöqteyi-nəzərindən daha aydın ifadələrlə məsələ barədə oxucularımızı məlumatlandırmağa geniş imkanlar yaratdığından onun üzərində xüsusi dayanaq. Layihədə bildirilir ki, dövlətin beynəlxalq hüquqa zidd hərəkəti və ya hərəkətsizliyi beynəlxalq öhdəliyin pozulması hesab olunur. Dövlətlərin məsuliyyət daşıması üçün iki əsas şərt mövcuddur:
- Hüquqa zidd əməl (wrongful act): Dövlətin hərəkəti beynəlxalq hüququ pozmalı və ya beynəlxalq öhdəlikləri yerinə yetirməməlidir.
- Dövlətin hüquqa zidd əməl ilə əlaqəsi: Bu əməl birbaşa həmin dövlət tərəfindən həyata keçirilməli və ya dövlətin rəsmi şəxsləri tərəfindən həyata keçirilən əməl olmalıdır.
Beynəlxalq hüquqa zidd əməl törədən dövlət onun nəticələrinə görə məsuliyyət daşımalıdır. Bu məsuliyyət aşağıdakı elementləri əhatə edir:
- Təzminat (Reparation): Hüquqa zidd əməlin nəticələrinin aradan qaldırılması üçün dövlətə təzminat öhdəliyi qoyulur. Buraya zərərin maddi və mənəvi təzmini, əmlakın qaytarılması, ziyanın ödənilməsi və bərpa tədbirləri daxildir.
- Məcburi tədbirlər (Countermeasures): Zərər çəkmiş dövlət zərəri aradan qaldırmaq üçün zəruri olan tədbirləri görə bilər, lakin bu tədbirlər beynəlxalq hüquq çərçivəsində olmalıdır.
Hüquqa zidd əməl baş verən zaman dövlətlər bu əməlin nəticələrini aradan qaldırmaq üçün bir sıra tədbirlər görməlidirlər:
- Bərpa (Restitution): Pozulmuş vəziyyətin mümkün qədər əvvəlki vəziyyətə qaytarılması.
- Təzminat (Compensation): Əgər bərpa mümkün deyilsə, zərərin maddi əvəzinin ödənilməsi tələb olunur. Təzminatın forması aşağıdakıları əhatə edə bilər:
- Ziyanın ödənilməsi: Dövlət törətdiyi zərərə görə maliyyə təzminatı ödəməlidir.
- Əmlakın geri qaytarılması: Dövlət öz hərəkətləri nəticəsində digər dövlətə məxsus olan əmlakı qaytarmalıdır.
- Əvəzsiz (Satisfaction): Dövlətin beynəlxalq hüquqa zidd əməlinə görə zərər çəkmiş dövlət qarşısında məsuliyyətini qəbul etməsi və simvolik olaraq üzr istəməsi, əxlaqi təzminat
Ermənistanın təzminat öhdəliyindən yayınmasını önləmək üçün Azərbaycan beynəlxalq təşkilatlar və güclərin təzyiq vasitələrindən yararlana bilər:
- BMT və Təhlükəsizlik Şurası: Azərbaycan Ermənistanın təzminat ödəməməsi məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxara bilər. Təhlükəsizlik Şurası təzminatın icrası üçün Ermənistan üzərində təzyiq yaratmaq məqsədilə qətnamələr qəbul edə bilər. Təhlükəsizlik Şurası məcburi tədbirlər görərək Ermənistanın təzminat ödəməsini tələb edə bilər.
- Avropa İttifaqı və ya iri dövlətlərin sanksiyaları: Azərbaycan beynəlxalq tərəfdaşlarla işləyərək Ermənistana qarşı iqtisadi və diplomatik sanksiyalar tətbiq edilməsini tələb edə bilər. Avropa İttifaqı, ABŞ və digər güclər Ermənistanın beynəlxalq öhdəlikləri yerinə yetirməməsinə görə iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu sanksiyalar Ermənistana ciddi iqtisadi təsir göstərə bilər və onun təzminat ödəməsinə məcbur edilə bilər.
- Regional təşkilatlar vasitəsilə təzyiq: Azərbaycan, Ermənistanla əməkdaşlıq edən və ya ona dəstək verən regional təşkilatlara (məsələn, Avrasiya İqtisadi Birliyi və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) təzminat məsələsinin həllini təklif edə bilər. Bu təşkilatların üzvləri olan dövlətlər Ermənistana təzyiq göstərə bilər və onun təzminat öhdəliklərini yerinə yetirməsini təmin edə bilərlər.
Əgər Ermənistan təzminatla bağlı qərarlara riayət etməzsə, Azərbaycan Ermənistanın xaricdəki aktivlərinə qarşı mülkiyyət iddiaları qaldıra bilər. Bu, xüsusilə Ermənistan dövlətinə məxsus xarici maliyyə resurslarının müsadirə edilməsi və ya dondurulması vasitəsilə mümkündür.
Digər bir addım Azərbaycan beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə birgə Ermənistana qarşı iqtisadi blokada və ya ticarət embarqosu tətbiq edilməsi üçün işlər görə bilər. Bu tədbirlər Ermənistanın təzminat ödəməkdən yayınmasına cavab olaraq həyata keçirilə bilər.
İraq nümunəsi
Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsini yada salaq. 3 aprel 1991-ci ildə qəbul edilən qətnamə İraqla bağlıdır. Sənəd 1990-cı ildə İraqın Küveyti işğal etməsi ilə başlayan Fars körfəzi müharibəsindən sonra sülhün bərqərar olunması üçün qoyulan şərtləri müəyyənləşdirir. Qətnamənin bir sıra bəndləri Azərbaycan üçün actual deyil, çünki işğalçı ordunu öz ərazilərimizdən qovmuşuq. Lakin həmin sənəddə işğalçı İraqın silahsızlandırılması ilə bağlı tələblərin Ermənistana şamil edilməsi vacibdir. Hazırda Ermənistanda həm dövlət səviyyəsində, həm də cəmiyyətdə revanşist duyğuların yenidən alovlanması bu diaspora dövlətinin tam silahsızlaşdırılmasını aktuallaşdırır.
BMT Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsinə əsasən, İraq Küveytə təzminat ödəmək məcburiyyətində qaldı. Bu təzminat ödənişləri üçün xüsusi bir fond - BMT-nin İraq Kompensasiya Komissiyası (United Nations Compensation Commission – UNCC) yaradıldı.
UNCC İraq tərəfindən işğal nəticəsində yaranmış itkilər və zərərlər üçün müxtəlif kateqoriyalarda təzminat tələb edən şəxslərdən və təşkilatlardan müraciətlər qəbul edirdi. Bu kateqoriyalar arasında fərdi şəxslər, şirkətlər, hökumət və digər təşkilatlar vardı. Təzminat ödənişinin əsas mənbəyi İraqın neft gəlirləri idi. 1995-ci ildən etibarən BMT "Neft müqabilində ərzaq" proqramını (Oil-for-Food Programme) işə saldı. Bu proqram çərçivəsində İraqın neft satışlarından əldə edilən gəlirlərin 30%-i təzminat ödənişlərinə yönəldilirdi. Bu mexanizm həm İraq xalqının ehtiyaclarını təmin etmək, həm də zərərçəkənlərə təzminat ödəmək üçün nəzərdə tutulmuşdu. UNCC-yə İraqın işğalı zamanı müxtəlif kateqoriyalar üzrə təxminən 2,7 milyon tələb daxil olmuşdu. Nəticədə İraq təxminən 52,4 milyard ABŞ dolları məbləğində təzminat ödədi. Ödənişlər uzun illər ərzində davam etdi. Sonuncu təzminat ödənişi 2022-ci ildə həyata keçirildi.
İndi Ermənistan deyə bilər ki, İraqdan fərqli olaraq onun nefti yoxdur, təzminat ödəməyə iqtisadi gücü yetmir. Bu halda Ermənistan iki variant nəzərdən keçirə bilər:
1. Ermənistanın rabitə, nəqliyyat, kommunal xidmətlər sektorunun və digər təbii resurslarının Azərbaycana uzunmüddətli icarəyə verilməsi;
2.Lozan müqaviləsinə əsasən, Yunanıstan savaş təzminatı əvəzinə Meriç çayı yaxınlığındakı Qaraağac bölgəsini Türkiyəyə verdiyi kimi, Qərbi Zəngəzurun Azərbaycana qaytarılması.
Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının baş redaktoru