- Redaktor masası
- 08:56
- 1 970
Yekaterinburqda azərbaycanlı “ovu”: Rusiya izahat tapa bilmir- ŞƏRH

Yekaterinburqda güc strukturlarının həyata keçirdiyi əməliyyat nəticəsində azərbaycanlı ailələrin hədəf alınması yalnız hüquqi-siyasi müstəvidə deyil, həm də etnik və sosial münasibətlər kontekstində ciddi narahatlıq doğurur. Hadisə Rusiya cəmiyyətinin üst qatlarında Azərbaycan mənşəli şəxslərə, xüsusən də diaspor üzvlərinə qarşı münasibəti daha dərindən analiz etməyi tələb edir.
Keçirilən əməliyyat nəticəsində ən azı iki, tam təsdiqlənməmiş iddialara görə isə, beş nəfərin qətlə yetirilməsi və onlarla şəxsin saxlanılması ilk növbədə hüquqi müstəvidə ciddi suallar doğurur. Həmçinin, bu əməliyyatın xüsusi olaraq azərbaycanlı ailələrə qarşı yönəldilməsi hadisənin etnik zəmində motivləşdirilmiş ola biləcəyini göstərir. Rusiya tərəfinin əməliyyatı keçmişdə qaldırılmış cinayət işlərinə əsaslandırmğa çalışır, lakin yumşaq desək bunu bacarmır. Eləcə də Rusiyanın hüquq mühafizə orqanlarının sözçüləri və mediası işgəncə və qeyri-insani davranışla bağlı faktları heç cür izah edə bilmir.
Hadisə insan haqları baxımından ən kobud pozuntuların əlamətlərini daşıyır. Hədəf alınan şəxslərin işgəncəyə məruz qalması iddiaları, məhkəmə qərarı olmadan zor tətbiqi və qanuni prosedurların heçə sayılması bütövlükdə Rusiya hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə ciddi suallar yaradır. Azərbaycanın Xarici İşlər Nazirliyinin hadisəyə dərhal reaksiya verməsi bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq cəhdi kimi qiymətləndirilə bilər.
Azərbaycan diasporunun və ictimaiyyətinin hadisəyə reaksiyası dərin sarsıntılardan və emosional narahatlıqdan başlayaraq, siyasi mövqelərə qədər geniş spektri əhatə edir. İnsanların sosial mediada paylaşdıqları narazılıqlar Rusiyanın güc qurumlarının həm azərbaycanlılara, həm də digər etnik qruplara qarşı sistematik zorakılıq etməsinə etiraz səciyyəsi daşıyır.
Bu, Rusiyada etnik gərginliyin artması ehtimalını yüksəldir və diaspor üzvlərinin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Bu hadisə Azərbaycan və Rusiya arasındakı münasibətlərdə yeni gərginlik yarada, daha doğrusu mövcud gərginliyi şiddətləndirə bilər. Rusiya Baş nazirinin müavininin Azərbaycana səfərinin rəsmi Bakı tərəfindən ləğv olunması da bunu göstərir. Azərbaycanın rəsmi etirazı və Rusiya tərəfinin məsələni kriminal çərçivədə əsaslandırmağa çalışması tərəflər arasında ortaq məxrəcə gəlinməsini çətinləşdirir. Rusiya tərəfi üçün hadisəni ört-basdır etməyə, bununla onsuz da saymadığı beynəlxalq aləmin tənqidlərindən yayınmağa çalışır.
Azərbaycan cəmiyyətinin ortaq mövqeyindən çıxış edən rəsmi Bakı isə, ilk növbədə Rusiyadan hadisə ilə bağlı obyektiv və şəffaf araşdırma aparmağı, saxlanılan şəxslərin hüquqlarını təmin etməyi tələb edir. Gələcəkdə bu kimi hadisələrin qarşısını almaq üçün mexanizmlər yaradılması və təminatların verilməsi də Bakı üçün digər mühüm məsələdir. Nəhayət, Azərbaycan diasporunun hüquqlarını qorumaq üçün həm Rusiyadakı qeyri-hökumət təşkilatlarının, həm də beynəlxalq qurumların məsələyə həssas yanaşması arzuolunandır. Ombudsman Səbinə Əliyevanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə ilə bağlı Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin rregional ombudsmanı Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlaması da bunun təzahürüdür.
Bu çağırışlara Rusiya nə qədər səmimi və operativ reaksiya göstərəcək? Məchuldur. Bununla belə, zənnimizcə, qarşı tərəf fərqindədir ki, Yekaterinburq qətliamı Azərbaycan-Rusiya münasibətlərində yeni böhran vəziyyətidir.
Zeynal ABDİN