Deputat Rizvan Nəbiyev Rusiyanı sərt tənqid etdi: "Şovinizm dalğası altında boğulur"

Son vaxtlar Rusiyada baş verən hadisələr bu ölkədə milli və etnik siyasətin hansı fəlakətli istiqamətə yönəldiyini açıq şəkildə ortaya qoyur. Rusiyada yaşayan müsəlman xalqlar da yeni təzyiq dalğasının hədəfindədir. Son dövrlər bəzi media fiqurlarının, xüsusilə də Kremlə yaxınlığı ilə seçilən Solovyov kimi şəxslərin açıq anti-Azərbaycan çıxışları ölkədə islamofobiyanın təşviq edildiyinə dair əsaslı şübhələr yaradır. Əvvəllər gizli aparılan bu siyasət artıq açıq mərhələyə keçib.

Şovinist əhvali-ruhiyyənin və milli ayrı-seçkiliyin pik həddə çatdığı bir dövrdə Rusiya yalnız siyasi və iqtisadi böhranlarla deyil, həm də hüquqi dəyərlərin tənəzzülü ilə qarşı-qarşıyadır. Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən qanunsuzluq və amansızlıq bu tənəzzülün yalnız kiçik bir hissəsini əks etdirir.

Bu fikirlər Milli Məclisin deputatı Rizvan Nəbiyevin “Şovinizm dalğası altında boğulan Rusiya: Miqrantlara və azsaylı xalqlara qarşı yeni repressiya mərhələsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Yekaterinburqda yaşananların təhlili təsdiq edir ki, miqrantlara qarşı qərəzli münasibət təkcə yerli təşəbbüs deyil. Bu, daha genişmiqyaslı, Mərkəzdən səssiz razılıqla həyata keçirilən siyasətin parçasıdır.

Ukraynada davam edən müharibə Rusiya ordusunun canlı qüvvə baxımından çatışmazlığını daha da dərinləşdirib. Bu çatışmazlığı doldurmaq üçün isə miqrantlardan istifadə edilməyə başlanıb. Lakin burada könüllülükdən yox, açıq məcburiyyətdən söhbət gedir. Miqrantlar guya törətdikləri cinayətlərlə şantaj olunur, ailələri ilə təhdid edilirlər. Razılaşmayanlar deportasiya ilə hədələnir.

Rusiya vətəndaşı olan, lakin rus olmayan xalqların nümayəndələri – o cümlədən, azərbaycanlılar və başqaları da bu siyasətin qurbanıdır. Onlara qarşı da həm etnik, həm dini zəmində təzyiqlər tətbiq olunur.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların hərbi xidmətə cəlb olunması ilə bağlı verdiyi açıqlamalar bu prosesin təsadüfi yox, planlı şəkildə həyata keçirildiyini sübut edir. Bastrıkinin səsləndirdiyi statistika və etiraflar göstərir ki, miqrantlar, sadəcə, ucuz işçi qüvvəsi deyil, həm də “insan resursu” kimi müharibə maşınının yanacaq materialına çevriliblər.

Yekaterinburq hadisəsi Rusiyanın milli qanunvericiliyinin və beynəlxalq öhdəliklərinin pozulmasıdır.

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən soydaşlarımıza qarşı güc tətbiqi və xüsusi amansızlıqla törədilən əməllər, qətllər diskriminasiyanın və milli ayrı-seçkiliyin bariz nümunəsidir.

Rusiya Federasiyası həm milli qanunvericilik, həm də beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarını təmin etməyi öhdəsinə götürüb.

Rusiya Federasiyası Konstitusiyasının 20-ci maddəsi hər bir şəxsin yaşamaq hüququnu təmin edir, 21-ci maddə isə işgəncəyə, zorakı və alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququnu təsbit edir. Həmin hadisə bu fundamental hüquqların pozulması kimi qiymətləndirilməlidir. Bu cür pozuntular yalnız fərdi azadlıqlara təhdid deyil, həm də konstitusion hüquqi rejimin pozulması anlamına gəlir.

Rusiya Federasiyası tərəf olduğu “İşgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması haqqında” beynəlxalq Konvensiyanın da müddəalarını pozmuşdur. Bu Konvensiyaya əsasən, iştirakçı dövlətlər işgəncə hallarının qarşısını almaq və belə halları törədən şəxsləri məsuliyyətə cəlb etmək öhdəliyini daşıyırlar. Sözügedən hadisə isə bu Konvensiyanın əsas müddəalarına zidd olaraq qiymətləndirilir və beynəlxalq hüquqi məsuliyyətin tətbiqini gündəmə gətirir.

Həm milli, həm də beynəlxalq hüquq baxımından mövcud fakt hüquq pozuntusu olmaqla yanaşı, dövlətin insan hüquqları sahəsindəki öhdəliklərinə əməl etməməsi kimi qiymətləndirilməlidir.

Azərbaycan-Rusiya münasibətlərində gərginliyin əsasında duran məsələlərin icmalı

Yekaterinburqda baş vermiş və etnik motivli qətl hadisəsi Azərbaycanın ictimaiyyətində və siyasi dairələrində dərin narahatlıq doğurub. Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı nümayişkaranə, selektiv və zorakı davranışları təkcə bu hadisə ilə məhdudlaşmır, son dövrlərdə bu kimi hallar sistematik tendensiya almağa başlayıb.

Belə bir şəraitdə Milli Məclisin nümayəndə heyətinin Moskvaya planlaşdırılan səfəri təxirə salınıb. Eyni zamanda, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana gözlənilən səfəri də ləğv edilib. Azərbaycan tərəfi, yaranmış vəziyyətdə bu kimi səfərlərin siyasi və praktiki baxımdan məqsədəuyğun olmadığını bəyan edib. Həmçinin çoxsaylı mədəni tədbirlər ləğv edilib. Bu qərarlar Yekaterinburq insidenti və ümumilikdə azərbaycanlılara qarşı artan etnik ayrı-seçkilik fonunda qəbul olunub.

Bütün bu addımlar Azərbaycanın öz vətəndaşlarının təhlükəsizliyini və milli maraqlarını prioritet saydığının, beynəlxalq münasibətlərdə isə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan yanaşmanı tələb etdiyinin nümayişidir.

Azərbaycanın beynəlxalq miqyasda artan rolu, Mərkəzi Asiya ölkələri, eləcə də Çinlə Avropa ölkələri arasında strateji tranzit dəhlizi funksiyasını yerinə yetirməsində özünü qabarıq şəkildə göstərir. Azərbaycan Avropa Siyasi Birliyində təmsil olunan 12 üzv dövlətin enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayır. Ümumilikdə Avropa Siyasi Birliyinin 16 üzv dövləti ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

Azərbaycanın bu layihələrdə təşəbbüskar və hərəkətverici, eləcə də birləşdirici həlqə olması Rusiya tərəfindən geosiyasi balansın dəyişməsi kimi yanlış başa düşülür. Kreml buna qarşı müxtəlif alətlər vasitəsilə təzyiqlər göstərməyə və qarşısında aciz qaldıqları Qərbdən ala bilmədiklərinin əvəzini çıxmağa çalışır.

Rusiyanın daxili siyasətinin genezisi və onun xarici siyasətə mənfi təsiri

Hadisələrin aktual dinamikası Rusiyanın qonşu dövlətlərə, o cümlədən Cənubi Qafqaz dövlətlərinə münasibətdə apardığı siyasətin çoxşaxəli xarakter daşıdığını göstərir. Bu siyasət, bir tərəfdən Moskvanın zəifləməkdə olan regional mövqelərini möhkəmləndirmək və bunun üçün malik olduğu imkanlardan təzyiq vasitəsi kimi də istifadə etməyə hazır olması məqsədi güdür. Digər tərəfdən, çoxmillətli Rusiya daxilində repressiv metodlarla siyasi sabitliyi qorumaq və ictimai rəyə nəzarəti saxlamaq üçün millətçi konsolidasiyanı təşviq edir. Belə yanaşma, xüsusilə üzücü Ukrayna müharibəsinin yaratdığı sosial-iqtisadi fəsadların və beynəlxalq təcridin fonunda daha da aktuallaşır. Daxildə artan narazılıqları neytrallaşdırmaq üçün Rusiyanın siyasi dairələri diqqəti xarici hədəflərə yönəltmək taktikasına üstünlük verir. Bu, Kremlin uzun illərdən bəri tətbiq etdiyi ənənəvi bir strategiyadır – daxili problemləri ört-basdır etmək üçün ictimai rəyə “daxili və ya xarici düşmən” obrazı vasitəsilə təsir olunur.

Hazırkı şəraitdə antimiqrant ritorikasının yüksəlməsi və onun güc tətbiqi ilə yeni bir mərhələyə qalxması (əslində, düşməsi) bu çərçivədə qiymətləndirilməlidir. Bu, yalnız daxili sosial narahatlıqların miqrantlara yönləndirilməsi ilə bağlı deyil, həm də siyasi məsuliyyətdən yayınma və narazı ictimaiyyətə nəzarəti və təzyiqi artırmaq niyyəti ilə “daxildə düşmən obrazı” konseptinin tətbiqinin təzahürüdür.

Cənubi Qafqazda sonuncu və real tərəfdaşın itirilməsi təhlükəsi..

Rusiyanın daxildə yaşadığı böhranı xaricə ixrac etməyə çalışdığı açıq-aydın görünür. Ermənistanda radikal revanşistlərin – Koçaryan, Sarkisyan və kilsənin yenidən fəallaşması, Moskvadakı müəyyən dairələrdən aldıqları dəstəyin nəticəsidir. Məqsəd Cənubi Qafqazı yenidən münaqişə arenasına çevirmək və Rusiyanın regionda “barış gətirən” imicini bərpa etməklə mövqelərini möhkəmləndirməkdir.

Eyni zamanda, Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursu, eləcə də suverenliyimizin tam bərpasından sonra regionda və qlobal arenada artan rolu Rusiya siyasi isteblişmentində və Kremlə yaxın mediada və sosial şəbəkələrdə narahatlıq doğurur. Bu səbəbdən Azərbaycana qarşı ritorik gərginliyin artması yeni elementlərlə müşahidə olunur. Lakin bu addımlar regiondakı real güc balansına ciddi təsir göstərə bilməyəcək. Əksinə, bu cür təzyiqlər Azərbaycan cəmiyyətində milli həmrəyliyi möhkəmləndirir və Azərbaycan Prezidentinin düşünülmüş dövlət strategiyasına ictimai dəstəyi artırır.

Görəsən, Kremldə bu sualı verənlər varmı, çətin zamanlarda belə Cənubi Qafqazda normal münasibətlərdə olduqları sonuncu tərəfdaşı da itirməklə nəyə nail olmaq istəyirlər. Rusiya Prezidenti Ermənistanın Roma statutunu təsdiq etməklə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına tabe olduqdan sonra, yəni, 2024-cü il fevralın 1-dən İrəvana səfər edə bilmir. Tiflisə yol isə 2008-ci ildə Gürcüstanın suveren ərazilərinin 20 faizinin işğalından sonra bağlanıb. İnanmaq istərdik ki, Rusiya siyasi elitasında Bakını da itirməmək və normal qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan qüvvələr qalmaqdadır.

AzNews.az