Bu gün Formula 1 avtomobil yarışı üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin 50 yaşı tamam olur. Bu gün Formula 1 avtomobil yarışı üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin 50 yaşı tamam olur.
  • Fanat
  • 3 Yanvar 2019 11:54
  •  1 286

Mixael Şumaxer 50 yaşında

Bu gün Formula 1 avtomobil yarışı üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin 50 yaşı tamam olur.

Şumaxer Almaniyanın Hürt-Hermülhaym qəsəbəsində dünyaya göz açıb. Anası Elizabet məktəbdə işləyib, atası Rolf isə bənna olub. Məhz atası kiçik Şumaxerdə avtomobilə həvəs oyadıb.

1983-cü ildə M.Şumaxer lisenziya əldə edərək Almaniya kartinq çempionatlarında çıxış etməyə başlayıb. Nəticə tez əldə olunub - o, gənclər arasında ölkə çempionu, Avropa çempionu və dünya çempionatında ikinci yeri tutub.

Məktəbi bitirən gənc idmançı mexanik işləməyə başlasa da, yarışları unutmur. 1988-ci ildə 10 yarışdan 9-da qalib gələrək "Formula König" çempionu olur. Növbəti il isə Formula 3-də üçüncü, 1990-cı ildə birinci olur və "Mercedes" komandasına qoşulur.

M.Şumaxerin Formula 1-də debütü maraqlı olub. Belə ki, "Cordan"ın pilotu Bertran Qaşo taksi sürücüsü ilə davaya görə həbsə atılır, vakant yerə isə Şumaxer dəvət olunur. Təsnifatda alman pilot zəif maşınla yaxşı nəticə göstərir - 7-ci yer. Növbəti il isə onu "Benneton"a dəvət edirlər.

Yeni komandada ilk yürüşündə Şumaxer tərəfdaşı, 3 qat dünya çempionu Nelson Pikeni qabaqlayaraq 5-ci olur. O, 1992-ci il mövsümünü yalnız "Uilyams"ın pilotlarından geri qalaraq 3-cü yerdə tamamlayır.

Qarşıdakı illərdə qələbələrini sıralayan idmançı 2000-2004-cü illərdə dominantlıq edir. O, 5 il ərzində 48 qələbə qazanaraq ardıcıl 5 çempionatın qalibi olur, Formula 1 tarixində ən titullu pilot olur.

2006-cı ildə "Qırmızı Baron" karyerasını bitirmək qərarına gəlir. 3 ildən sonra "Mercedes" komandasından təklif alan idmançının dönüşü uğurlu olmur. Şumaxer 2012-ci ildə Formula 1-i tamamilə tərk edir, bir il sonra isə Alp dağlarında xizək sürərkən qəza keçirir, kəllə-beyin travması alır.

2014-cü ilin iyununda komadan ayılan Şumaxer reabilitasiya mərkəzinə köçürülür. Hazırda isə İsveçrədəki evində həkimlərin nəzarətindədir.

Ailəsi onun səhhəti ilə bağlı ətraflı məlumat yaymır. Mətbuatda isə ara-sıra yazılar gedir. Məsələn, ötən ilin dekabrında "Daily Mail" qəzeti pilotun ayağa qalxdığını, aparatdan ayrıldığını və sərbəst şəkildə nəfəs aldığını yazdı. Nəşrin məlumatına əsasən, Şumaxerin müalicəsi həftədə 50 min funt sterlinq qiymətləndirilir.

Əfsanəvi pilotun azarkeşləri isə ümidlərini itirməyib, Şumaxerin Formula 1-in paddokuna qayıdacağına inanırlar. Bu gün isə oğlu Mik Şumaxer onun yolunu əzmlə davam etdirir.(trend.az)

© AzNews.az